Uşaqlar üçün hamam vaxtı adətən həm gigiyena, həm də əyləncə anı kimi qəbul olunur. Valideynlər övladlarının su ilə oynamasını, rəngarəng oyuncaqlarla əylənməsini təbii və faydalı hesab edir, bunun uşağın inkişafına müsbət təsir göstərdiyini düşünürlər. Lakin son illərdə aparılan tibbi araşdırmalar və real həyat hadisələri göstərir ki, hamamda istifadə olunan bəzi oyuncaqlar, xüsusilə içi boş rezin ördəklər və fit səsi çıxaran modellər, gözəgörünməz, amma ciddi sağlamlıq riskləri yarada bilər. Əksər valideynlər bu təhlükənin fərqində olmur və oyuncaqların sadəcə çirkli görünmədiyi müddətcə təhlükəsiz olduğunu düşünür. Halbuki, problem məhz görünməyən hissədə — oyuncağın içində başlayır.
Pediatrların fikrincə, içi boş rezin oyuncaqlar su ilə təmasdan sonra daxili hissəsində uzun müddət nəm saxlayır. Hamam mühiti isə adətən isti və rütubətli olur. Bu şərait bakteriya və göbələklərin çoxalması üçün ideal mühit yaradır. Bir neçə gün və ya həftə ərzində oyuncağın içi patogen mikroorqanizmlərlə dolur və adi bir əyləncə vasitəsi infeksiya mənbəyinə çevrilir. Uşaq oyuncağa basdıqda və ya onu ağzına yaxınlaşdırdıqda, həmin çirkli su və mikroblar aerosol şəklində havaya yayılır və birbaşa tənəffüs yollarına daxil olur.
Mövzu ilə bağlı pediatr Günay Rəsulova NOCOMMENT.az-a bildirib ki, bu tip oyuncaqlar xüsusilə üç yaşına qədər olan uşaqlar üçün yüksək risk daşıyır:
“Kiçik yaşlı uşaqların immun sistemi hələ tam formalaşmadığı üçün onlar bakterial və virus infeksiyalarına qarşı daha həssas olurlar. İçi boş rezin oyuncaqların içində legionella, pseudomonas və digər təhlükəli mikroblar çoxala bilər. Bu mikroorqanizmlər uşaqlarda ağır sətəlcəm, bronxit, nəfəs darlığı, yüksək hərarət və bəzi hallarda sepsisə qədər gedib çıxan fəsadlar yarada bilir. Valideynlər çox vaxt xəstəliyin səbəbini soyuqdəymə ilə əlaqələndirir, amma mənbə məhz hamam oyuncağı olur”.
Pediatrın sözlərinə görə, legionella bakteriyası xüsusilə təhlükəlidir:
“Bu bakteriya sürətlə ağciyərlərə yayılaraq qısa müddətdə ağır pnevmoniyaya səbəb ola bilər. Uşaqlarda bu zaman boğucu öskürək, nəfəs almaqda çətinlik, halsızlıq, iştahasızlıq və oksigen çatışmazlığı müşahidə olunur. Ağır hallarda infeksiya qana keçərək həyat üçün təhlükə yaradan vəziyyətlərə gətirib çıxara bilər.
Problemin əsas səbəbi oyuncağın texniki quruluşudur. Rezin ördəklərin və oxşar oyuncaqların fit mexanizmi suyun içəri daxil olmasına imkan verir, lakin onun geri çıxmasına mane olur. Nəticədə içəridə toplanan su aylarla qala bilər. Oyuncağı sadəcə çöldən yumaq və qurulamaq daxili hissəni təmizləmir. Bu isə valideynlərdə yanlış təhlükəsizlik hissi yaradır”.
Günay Rəsulova qeyd edib ki, hamam oyuncaqları ilə bağlı risk təkcə tənəffüs yolları ilə məhdudlaşmır:
“Bu oyuncaqlar qulaq infeksiyalarına, dəri səpgilərinə, allergik reaksiyalara da səbəb ola bilər. Uşaq uzun müddət mikroblu su ilə təmasda qalırsa, dərinin qoruyucu funksiyası zəifləyir. Xüsusilə ekzema və allergiyaya meyilli uşaqlarda bu, daha ciddi problemlərə yol aça bilər”.
Tunar
NOCOMMENT.az













