“Hamının səhvi olur”- “Şuşanın məğlub generalı”nın ETİRAFLARI – FOTOLARbackend

“Hamının səhvi olur”– “Şuşanın məğlub generalı”nın ETİRAFLARIFOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şuşa, Şəhidlərimiz gecələr yuxularımda canlanır”.

“Dedim ki, ikinci Şuşa mənim taleyimə yazılmayacaq!”

“Əgər mən xəyanət etmişdimsə niyə məni o vaxt həbs etmədin?! Gücün çatmadı?!”

Azərbaycan Respublikasının Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 28 il ötür. 1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilən, 289 kvadratkilometr ərazisi olan Şuşada həmin dövrdə 25 min nəfərədək əhali yaşayırdı. Şuşanın işğalı nəticəsində 480 günahsız soydaşımız qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min insan öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan və Qaxal mağaraları, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

NOCOMMENT.az General-mayor Elbrus Orucovun HafizTimes.com-a müsahibəsini təqdim edir. O, müsahibə zamanı bir çox önəmli məsələlərdən söhbət açıb, Şuşanın işğalı ilə bağlı 27 ildir ki, gizli qalmış məqamlara aydınlıq gətirib. Qeyd edək ki, E. Orucov Şuşa-Azərbaycan torpaqlarının erməni hərbi birləşmələri tərəfindən işğalı ilə bağlı ilk dəfədir ki,müsahibə verir.

-Bu gün harada, necə bir həyat yaşayırsınız?

-Nəvələrimi çox istəyirəm. Onlarla birlikdə vaxt keçirməyi sevirəm. Ordumuza çox bağlıyam. Təlimləri izləyirəm. Öz təkliflərimi qeyd edirəm. Zabit, generallarla görüşürəm, fikirlərimi onlarla bölüşürəm. Akademiyaya gedirəm, kimsə sual verirsə cavablandırıram.

-Müdafiə Naziri Zakir Həsənovla da görüşürsünüz?

-Tərxis olunduqdan sonra ümumumiyyətlə görüşməmişəm. Amma münasibətimiz həmişə yüksək səviyyədə olub. Və hələ də münasibətimiz elə qalıb.

-Necə dolanırsınız? Nəvələrinizə necə baxırsınız?

-Allaha şükür olsun bu gün hər kəsin dolanmağa imkanı var. Bir general kimi mənim də pensiyam yüksək səviyyədədir. Öz balalarımı, nəvələrimi dolandırmağa imkanım var. “Qarabağ – dağlar bizi haraylayır” adlı bir kitab yazmışam. Həmin kitab bütün dünyaya yayılıb. Amerika, Belarusiya, Rusiya, Ukraynadan gözəl mesajlar alıram. Kitabımı oxuyanlar mənə yazırlar ki, siz bizim gözümüzü açdınız, biz Qarabağla bağlı bu qədər məlumatlı deyildik.

-Maraqlıdır, Elbrus Orucovun özü necə bir ailədə böyüyüb?

-Biz aildə 4 qardaşıq. Atamız bütün həyatı boyu sürücülük edib. Anamız isə çox gənc – 36 yaşında rəhmətə gedib. Biz yetimliklə böyümüşük. Qoyun otararaq təhsil almışıq. İndi də orta səviyyədə yaşayırıq. Nə villamız, nə də maşınlarımız var.

-Yenə də General rütbəsi daşıyırsınız?

-Ulu Öndərimiz Heydər Əliyev mənə general rütbəsi verib. Hörmətli prezidentimiz İlham Əliyev isə qardaşıma general rütbəsi verib. Digər qardaşım isə şirkətdə Baş Təhlükəsizlik İdarəsinin rəisidir. Orucovlar Azərbaycana elə-belə gəlməyiblər! Orucovlar Azərbaycana xidmətə gəlmişdilər! Bizə Xalq qiymət verib! Biz demirik ki, Milli Qəhrəmanıq! Biz Xalqın qəhrəmanıyıq.

-1992-93-cü illərdə müdafiə naziri olmuş Rəhim Qazıyevin barənizdə mətbuata verdiyi müsahibələrə niyə illərdir ki, cavab vermirsiniz? Sizi nəyə görə “Şuşaya xəyanət”lə ittiham edirlər?

-Ruslarda belə bir deyim var: “Əgər sən də ona cavab versən, onun səviyyəsinə düşərsən”. Hamı da bilir ki, o, ağzına gələn hər sözü danışır. Mən heç vaxt onun səviyyəsinə düşmərəm. Mənim ad-sanım var. Axı mən elə insan deyiləm. Mən öz sözümü cəbhədə demişəm. Bütün cəbhə bölgələrində Tərtər, Goranboy, Ağdam, Füzulidə şəxsən mənim adım çəkilir. Əgər siz Şuşa, Laçından olan bir nəfərdən soruşsanız görəsiniz ki, Elbrus Orucova haqqında necə danışırlar!

Gedin mənim haqqımda bir vaxtlar danışmış Arif Paşayevdən soruşun! Hamının yanında məndən üzr istəyib dedi ki, Elbrus müəllim hamının səhvi olur, siz böyük adınıza görə hamını bağışlaya bilərsiniz. Məndən də xahiş etdi. Mən də bağışladım. Mənim haqqımda Arif Paşayevdən, Aqil Əliyev, Fəxrəddin Səfərovdən soşurun. Mən hara, Rəhim Qazıyev hara!

“Azərbaycanda ilk dəfə general rütbəsini alan mən olmuşam”.

-21 aprel 1994-cü ildə Azərbaycanda ilk dəfə general rütbəsini alan mən olmuşam. Mən cəbhədə komandan olmuşam. Tərtər, Goranboy istiqamətlərində Müdafiə Nazirinin Döyüş Əməliyyatları üzrə müavini olmuşam.

Rəhim Qazıyev heç vaxt mənimlə üz-üzə gələ bilməz. Mən heç vaxt bu barədə müsahibə verməmişdim!

-Azərbaycan Ordusunun hazırkı vəziyyəti ilə bağlı fikirləriniz necədir?

-Hörmətli Ali Baş Komandanımız İlham Əliyev ordumuzun hazırkı vəziyyətini qiymətləndirir. Ali Baş Komandanımızın da dediyi kimi ən yüksək səviyyədə, peşəkar bir ordumuz var!

-Necə oldu ki, siz Azərbaycan ordusunda xidmətə başladınız?

-Mən 1992-ci il 8 yanvar tarixindən Silahlı Qüvvələrimizin könüllü olaraq sırasına qoşulmuşam. Bu gün də fəxr edirəm ki, mən birinci general olmuşam, 38 yaşımda Müdafiə Nazirinin müavini olmuşam.

“Ailədə 4 qardaşıq: iki general, iki polkovnik”.

-Rəhim Qazıyev kimdir ki, bizə qiymət versin. Bizə Xalqımız qiymət verib. Hansı azərbaycanlı ailədə dörd doğma qardaş, ikisi general, ikisi də polkovnikdir?! Bizim medal, ordenlərimizi tərəzidə çəksəniz görərsiniz ki, 10-15 kilo çəkisi var.

-Sizi Şuşanın işğalında günahlandırırlar, “Şuşanın məğlub generalı”, “Şuşaya xəyanət etmiş” kimi təqdim edirlər. Siz niyə bu barədə heç vaxt açıqlama vermirsiniz. Şuşaya xəyanət etmisiniz?

-Şuşada cəmi 7 gün olmuşam. Mayın 1-də getmişəm. Ayın 7-də mübarizə başlayıb. Ayın 9-da da orada olmuşam. Ayın 10-da səhər saatlarında mən Şuşadan çıxmışam. Təkcə Şuşadan söhbət getmir. Ağır günlərdə mən Laçın, Qubadlı, Zəngilan camaatının yanında olmuşam.

-Siz həmin vaxt Şuşadan harasa getmişdiniz və yaxud qaçmışdınız?

-Mən Azərbaycandan qaçıb haradasa gizlənmədim. Mən Xalqıma bağlıyam. Ona görə də orada qalıb sıravi əsgər kimi xidmət etdim. Rəhim Qazıyev bir il müdafiə naziri oldu. Niyə o, Elbrus Orucovu həbs etmədi?! Əgər mən xəyanət etmişdimsə mənə niyə polkovnik rütbəsi verdi?! Nəyə görə Elbrus Orucova Lənkəran, Astara, Neftçalada böyük ordu yaratmaq işi həvalə olundu?! Mən böyük bir ordu yaratdım!

“Əgər mən xəyanət etmişdimsə sən niyə məni o vaxt həbs etmədin?! Gücün çatmadı?!”

– Mən polkovnik, sən isə Müdafiə naziri idin! 4 qardaşım da mənimlə birlikdə Vətənə xidmət edib. Böyük qardaşım Elxan Orucov Ağdamda 708-in briqada komandiri idi. Elman Orucov da tabor komandiri idi, döyüşürdü. Sən niyə axı o “xəyanətkar” qardaşları həbs etmədin?! Hələ bundan sonra qardaşım Elxan Orucov da Rəhim Qazıyevin nazirlik vaxtında 1-ci korpusun komandirinin müavini oldu. Elbrus Orucov isə Əməliyyat, Döyüş Planlaşdırma Şöbəsinin rəisi oldu. Daha sonra Əməliyyat Baş İdarəsinin rəis müavini oldum. Bütün bunlar sənin zamanında baş verib Ay Rəhim Qazıyev! Mən heç vaxt onun səviyyəsinə düşmərəm. O, müəllim işləyən zaman Müdafiə Nazirliyinə gəlmişdi…

Müharibə zamanı sən ordu qurmalı idin. Sən siyasətlə məşğul olmalı deyildin. Elbrus Orucov isə Şuşa, Laçının işğalından sonra da bir yerdə durmadı, Ağdam, Tərtərdə briqada komandiri kimi xidmət etdi. 37 yaşımda isə Müdafiə nazirinin Döyüş Əməliyyatları üzrə müavini təyin olundum. Məni bu vəzifəyə rəhmətlik Heydər Əliyev təyin etdi. Mən özüm gedib o vəzifəni sahiblənmədim ki?! Mənə rütbə verdilər – polkovnik, general mayor!

-Şuşanın açarı indi kimdədir? Alınmaz qala olan Şuşanı döyüşmədən təhvil verdiniz?

-O vaxtlar da mənə belə bir sual verilmişdi. Ermənilərin saytında bununla bağlı bütün məlumatlar dərc olunub. Hər kəs girib oxuya bilər. Arkadi Ter-Tatevosyan öz kitabında yazırdı ki, onlar Şuşaya girə bilməyiblər. Həmin kitabın müəllifi komandan olub. Öz kitabında yazır: “Şuşaya ordu yox, kəşfiyyatçılar daxil olublar və tərk ediblər. İndi biz sevinək yoxsa ağlayaq. İtkilər çox idi…”

Mən həmişə deyirəm ki, Serj Sarkisyan, Arkadi əgər “milli qəhrəman” idilərsə, Şuşanı işğal ediblərsə, niyə qəfildən onları vəzifədən uzaqlaşdırdılar. Nəyə görə əgər hələ də o, “komandan” adı daşıyırdısa ordudan uzaqlaşdırıldı?!

Tomas de Vaal öz kitabında Şuşa uğrunda gedən qanlı döyüşlərdən yazıb. Həmin kitabda da erməni Arkadi şəxsən etiraf edir ki, “Xocalı rayonunun Kosalar kəndindəki 26-cı postun uğurunda itkilərlə müşayət olunan qanlı döyüşlər gedib, Elbrus Orucov iki saat da həmin postu saxlasaydı biz heç vaxt ora girə bilməzdik”. Mən 7 gün Şuşada olmuşam. Tomas de Vaal, Arkadi Ter-Tatevosyan öz kitablarında da qeyd edirlər ki, Şuşa uğurundakı döyüşlərdə Elbrus Orucov düşmənə xeyli sayda itkilər verdirib.

-Qeyd etdiyiniz bu qədər döyüş, mübarizədən sonra bəs niyə Şuşanın açarı əldən getdi?

-Siz mənə sual verin ki, hansı yolla Şuşanı qaytara bilərik!

-Şuşanı necə qaytara bilərik?

-Biz mütləq Şuşanı qaytaracağıq. Bu yolu mən bilirəm.

-Bu necə bir yoldur? Hərb, yoxsa sülh?

-Ancaq hərb yolu! Heç kim heç vaxt bizim torpaqları bizə bağışlamayacaq! Nə də ki, həmin torpaqları geri qaytarmayacaqlar. Qan ilə alınmış torpaq ömür boyu qaytarılmır. Biz işğal olunmuş bütün torpaqlarımızı – Şuşa, Xankəndini yalnız müharibə yolu ilə, bu yaxınlarda yox, həmin zaman yetişəndə gedib ya şəhid olacağıq, ya da torpaqlarımızı geri qaytaracağıq!

-Bu gün Şuşa uğrunda döyüşlər başlasa siz də iştirak edərsiniz?

-Hər gün idmanla məşğul oluram. Biz hamımız hazır olmalıyıq. Sabah Elbrus Orucov da qabaqda gedib yol göstərməli olar. Ali Baş Komandanımız bizə əmr verəcək ki, “sıraya durun Ay Generallar! Siz gedib öz torpaqlarımızı işğaldan azad etməlisiniz və gələcək nəsillərimizə təhvil verməlisiniz!”.

Bizim nəvələrimiz döyüşməli deyillər, yalnız orda yaşamalıdırlar. Allah tərəfindən Qarabağ ancaq döyüşmək, müharibə aparmaq üçün yaranmayıb. Ora yaşamaq üçündür.

-Şuşanın işğalından artıq 27 il ötür. Bu illər ərzində heç düşünürsünüzmü ki, hansı səhv addımı atdım, yanlışlığa yol verdim və Şuşa işğal olundu? Heç peşmanlıq duyursunuzmu?

-Şuşanın dağlarındakı o daşları, qayaları gecə-gündüz yuxumda görürəm. Azərbaycanda ordu səviyyəsində ilk peşəkar döyüşü mən aparmışam. Postlardakı atışmalardan söhbət getmir. Ordu səviyyəsindəki döyüş məhz Şuşada başladı. Şuşada baş tutan ordu səviyyəsindəki döyüşdə atdığım addımlar yuxularımda canlanır. O vaxt 36 yaşım vardı. İndi isə 63 yaşım var. Görün üstündən nə qədər zaman keçib. Yenə də Şuşa mənim yuxularımda canlanır. Qələbələr, verdiyimiz şəhidləri yuxumda görürəm…

-Şuşanın işğalına səbəb olan hansı addımınıza görə peşmansınız?

–Bu sualın cavabı məndə, ürəyimdə qalsın. Hər bir insanın ürəyində belə məqamlar var…

-Hansı səhvə yol vermişdiniz?

-Əgər belə bir səhv olubsa gedin Tərtərdə 42 gün apardığımız mübarizəyə diqqət yetirin. O vaxt hörmətli Ulu Öndərimiz də mənə bu sualı verdi: “Şuşanın müdafiəsi üçün bizdə nə çatmırdı?!” Cavab verdim ki, “sizin kimi Ali Baş Komandanımız, prezidentimiz yox idi. Ona görə heç nə edə bilmədik”.

Ancaq Tərtər, Goranboy istiqamətində düşməni susdurduq, diz üstə yatırdıq, atəşkəsi də onların xahişi ilə imzaldıq. Bununla da Ulu Öndərimiz sübut etdi ki, Azərbaycan məğlub olmayıb, biz döyüşməyə, qələbə çalmağa da qadirik!

“Hansı səhvlərdən danışım?! Dünyaya gələn hər bir insanın da səhvi olur. Bizim torpaqlarımız işğal edilib, biz hələ də dözürük…”

-Siz Şuşa uğrunda döyüş gedən zamanı oranı tərk etmişdiniz? Bununla bağlı sizi niyə ittiham edirlər?

-O vaxt da prezidentimiz, Müdafiə nazirimiz vardı. Əgər mən Şuşanı tərk etmişdimsə niyə barəmdə bir tədbir görmədilər?! Onlar gedib özlərini ittiham etsinlər. Həmin şəxslər yemək bişirməkdən başqa nə bilirlər axı məni də ittiham edirlər?! Mən oğullarla döyüşmüşəm.

-Həmin vaxt hakimiyyətdə təmsil olunanlardan kimsə sizə təzyiq edirdi?

-Mən Azərbaycana gələndə prezidentin səlahiyyətlərini Yaqub Məmmədov icra edirdi. Elçibəy prezident olan vaxtlarda da mən yüksək vəzifələrdə çalışırdım. Bir komandan kimi döyüşürdüm. Elçibəy də, Rəhim Qazıyev də, İsgəndər Həmidov da hər şeyi bilirdilər. Guya onlar bilmirdilər ki, Elbrus Orucov kimdir və hansı fəaliyyətlə məşğul olur?! Heç kim heç vaxt nə mənə, nə də qardaşlarıma təzyiq etməyib!

-Şuşa ilə bağlı sizə kimsə “geri çəkilin” göstərişi verib? Texnikalları geri çəkin əmri və s. ?

-Kim axı mənə nəsə söz deyə bilərdi?! Biz 4 qardaşıq və bir bacımız da var. Hamısı yaxşı bilir ki, Elbrusa söz demək olmur. Elbrusa heç vaxt heç kim bir söz deməyib. Həmişə öz fikrimlə yaşamışam.

Mənə Ağdamda “Baş kəsən Elbrus” deyirdilər. “Baş kəsən Elbrus”un adı gələndə hamı, rəhmətlik Fred Asif, Allahverdi Bağırov, Elşad əl uzadıb deyirdilər ki, döyüşkən oğlan gəlib. Mənə həmin vaxt “polkovnik”, “general” demirdilər. Bizə “Döyüşə” deyirdilər! Həmin “Döyüşə”ni qazanmaq isə çox çətin idi.

-Bəzən belə bir iddialar da səsləndirilir ki “biz özümüz Şuşanı təhvil vermişik”. Siz bu barədə nə deyə bilərsiniz?

-Yalandır. Heç vaxt inanmayın! Torpağın üstündə çalışan insana “qara millət” deyirlər. Qara millət heç vaxt öz torpağını heç kimə sata bilməz! Əgər qara milləti torpağını satmağa kimsə məcbur etsə yabanı əlinə götürüb, onların qarşısına çıxıb deyərlər ki, torpaqla alver olmaz!

“Siz deyin ki, hökumət, vəzifəyə görə dava edənlərin hamısı Qarabağı unutmuşdu!”.

-Ermənilər də fürsətdən istifadə etdilər. Heç vaxt mən deyə bilmərəm ki, Azərbaycan xalqı öz torpağını satıb. Mən bunu döyüşdə, müharibədə görmüşəm. Mən qadınlar görmüşəm ki, bir əlində balası, bir əlində isə silah, mübarizə aparır! Siz heç vaxt görməmisiniz ki, ana ayaq yalın dağ yolu ilə övladını qucağında aparır, amma heç vaxt düşmənə təslim olmur. Mən həmin günləri görmüşəm…

Torpağın üstündə yaşayan qara millətdir. Həmin rayonlarda, kəndlərdə xalq yaşayırdı. Onları yada salmaq lazımdır. Tək Şuşadan danışmayın. Şuşa ilə bərabər kəndlər, rayonlar var. Həmin kəndlərin hər birində xalq yaşayırdı. Gedib həmin xalqdan soruşusunlar ki, onları xilas edən kimdir?! Şuşa işğal edilmişdi. Şirvan isə qalmışdı. Biz gedib oranı xilas etdik. Bunu heç kim yada salmır!

-Şuşanı müdafiə etmək üçün texnikanızmı çatmadı ?!

-Nə texnika?! Traktora da, tanka da texnika deyirsiniz! Texnika olsa da onun içində adam olmalıdır. Rəhmətlik Albert 15 dəqiqə də döyüşdü. Albertdən sonra onun yerinə kim oturdu axı?! O tankın içindən Alberti əvəz edən vardı?! Texnika budur. Texnikanın içərsində mütəxəssis olmalıdır. Həmin texnika bir eşşək arabası deyil ki, siz onun üstə oturub sürəsiniz! Albert vurulandan 15 dəqiqə sonra rəhmətə getdi. Onu əvəz edən bir adam tapılmadı…

-Sizi niyə mətbuatda “Şuşanın məğlub general”ı kimi təqdim edirlər?

-Bu sualın cavabını onlardan soruşun. Mən heç vaxt onların səviyyəsinə düşmərəm. Sən əlinə qələm almısan, adını jurnalist qoymusan?! Sən axı kimsən?! Jurnalist deyiləndə rəhmətlik Salatın Əsgərova, Çingiz Mustafayevi xatırlayıram. Salatın Əsgərovanın ruhuna and içib saatlarla düşmənlə döyüşdük…

“Mən hələ ölməmişəm ki, basdırsınlar da!”

-Mən öz sözümü döyüş meydanında dedim. Və deyəcəyəm də! Mənim ermənilərə hələ sözüm var. Tərtərdə ermənilərin indiki generalları ilə üz-üzə gələndə onları məhv etmişəm. Bəziləri deyirdi ki, Şuşanı özləri verdi. Niyə axı ermənilər Tərtəri də ala bilmədilər?! Niyə Goranboya girə bilmədilər?! Hələ mən 6 kəndi ermənilərdən geri qaytardım. Şıxanyanı, Qriqoryanı orada məhv etdim. Rusların oradakı taborunu da məhv etdik! Hansı ki, onlar Zəngilana da daxil olmuşdular. Biz belə döyüşümüşük!

“Heydər Əliyev məni yanına çağırdı”

-Heydər Əliyev Bərdəyə gələndə 13 kilometr qabaqda döyüş gedirdi. Bu barədə yazsınlar. İclas gedən zaman ətrafda bombaların səsi dayanmırdı. Heydər Əliyev iclası kəsmədi, tapşırıqlarını verirdi. Sual verib ki, “bəs Elbrus Orucov haradadır?” Cavab veriblər ki, ön xətdədir. Deyib ki, “döyüş qurtarandan sonra yanıma gəlsin”.

-Siz Heydər Əliyevin yanına getdinizmi? Sizə nə dedi?

-Bəli, getdim. Dedi ki, artıq Naftalanı, Tapqaraqoyunlunu, ordakı sanatoriyaları, havalimanını vurublar. Soruşdu ki, hazırda orda vəziyyət necədi? Cavab verdim ki, “Cənab prezident mən bir qarış torpağı düşmənə verməyəcəm”.

“Dedim ki, ikinci Şuşa mənim taleyimə yazılmayacaq!”

-Ulu Öndərimiz isə mənə dedi ki, mən sizə güvənirəm! Bu sözlə mən bir daha sübut etdim ki, ölmək var, amma geri çəkilmək yoxdur! Həmin iclasda çox sayda insanlar iştirak edirdi. Gedin onlardan da soruşun!

“Şuşanın da azad edilmək vaxtı var. Tezliklə o vaxt gəlib çatacaq”.

-Gənclərə nə demək istərsiniz?

-Mənim oğlum da gəncdir. Nəvələrim də böyüyürlər. Oğlum da daxil olmaqla gənclərə demək istəyirəm ki, Vətən, Xalq, Torpaq müqəddəsdir. Torpaq, Vətən, Xalq üçün də hər zaman ölməyə hazır olmalısan! Biz heç vaxt işğal edilmiş torpaqlarımızı unutmayacağıq.

-Əgər Şuşaya bir gün qayıtsaq sizin orda edəcəyiniz ilk iş nə olacaq?!

-Şuşada bir Uçmıx təpəsi var. 1144 metr hündürlüyü var. Heç vaxt oranı unutmaram. Daşaltının üstündədir. Çox istərdim ki, orda balaca, rahat bir ev tikim, Qarabağı 99 faiz oradan seyr edim. Bütün dağları gəzərəm. Deyərəm ki, mən də öz arzuma çatdım!

Hafiz Əhmədov

HafizTimes.com