Hansı hallarda sərt karantin və qapanma ola bilər? – MÜSAHIBƏbackend

Hansı hallarda sərt karantin və qapanma ola bilər? – MÜSAHIBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün ölkədə koronavirusa yoluxanların sayında kəskin artım qeydə alınıb. Son sutka ərzində 6000-dən çox yoluxma faktı aşkarlanıb.

Təəssüf ki, daha çox yoluxma, daha çox ölüm deməkdir. Təkcə son sutka ərzində COVID-19-dan 24 xəstə dünyasını dəyişib.

Yaxın keçmişdəki oxşar rəqəmlər karantin rejiminin sərtləşdirilməsinə və qapanma rejiminin tətbiqinə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, pandemiya xəstəxanasının infeksionisti Polina Əliyeva ilə COVID xəstəxanalarındakı mövcud vəziyyət və yoluxmuş şəxslərin xəstəliyi necə keçirməsi barədə danışıb.

“Bu gün virusa yoluxanların sayı ilə bağlı kifayət qədər yüksək statistikaya baxmayaraq, COVID xəstəxanalarında vəziyyət stabildir. Çarpayılar hələ ki, dolmayıb. Bu isə o deməkdir ki, hələ də hər şey nəzarət altındadır”, – deyə mütəxəssis bildirib.

Həkimin sözlərinə görə, koronavirusun yeni ştammı olan “omikron”la xəstəliyin gedişi əsasən yüngül keçir. Ona görə də xəstələr daha çox evdə müalicə alırlar.

“Bəli, təbii ki, orta ağırlıqlı hallar var. Lakin, bir qayda olaraq, virusa peyvənd olunmayanlar arasında daha çox rast gəlinir. Bu gün şöbəmdə yalnız bir nəfər ağır xəstə var. O, peyvənd olunmayıb və artıq çəkiyə malikdir. Bu, o deməkdir ki, o, risk qrupundadır. Hazırda karantin rejimini sərtləşdirməyə və ya qapanma tətbiq etməyə ehtiyac yoxdur.

Bu, iki halda zəruri ola bilər. Birincisi, yataq fondu həddən artıq yükləndikdə, ikincisi isə gündəlik yoluxma sayı 15-20 min nəfərə çatdıqda. Belə olan halda tibb müəssisələrinin üzərinə böyük yük düşəcək. Laboratoriya işçilərinin PCR testlərini götürməyə və emal etməyə vaxtları olmayacaq”, – deyə P.Əliyeva qeyd edib.

Onun sözlərinə görə, səlahiyyətlilər karantini sərtləşdirməyə məcbur olsalar, çox güman ki, xidmət sektorundan başlayacaqlar. Məsələn, kafe və restoranların, kinoteatrların, teatrların və digər ictimai əyləncə obyektlərinin tam və ya qismən fəaliyyətinə məhdudiyyətlər qoyulacaq.

Artıq dünyanın 40-dan çox ölkəsində yayılan “omikron”un yeni yarımnövü – BA.2 haqqında məlumatı şərh edən infeksionist onun yoluxucu olduğunu diqqətə çatdırıb.

“O, çox sürətlə hətta “omikron”dan da sürətlə yayılır. Bundan əlavə, “omikron” alt növlərinin həssaslıq fərqlərinin təhlili göstərdi ki, həm peyvənd olunmamış, həm də tam peyvənd olunmuş şəxslər, o cümlədən gücləndirici doza qəbul edən şəxslər BA.2-yə daha çox həssasdırlar. Hal-hazırda dünya elmi ictimaiyyətində bu yarımnöv haqqında çox az məlumat var. Lakin təcrübə göstərir ki, yayılmağa başlasa, çox güman ki, peyvənd olunmuş və artıq sağalan xəstələr onu yüngül keçirəcəklər”, – deyə həkim izah edib.

Polina Əliyeva təsdiqləyib ki, həm süni, həm də təbii immunitet qazananların orqanizmi vurisa qarşı daha dözümlü olur.

“Söhbət peyvənd olunduqdan bir müddət sonra xəstələnənlərdən gedir. Ancaq vaksinin təsiri cəmi altı ay davam edir. Nəzərə alsaq ki, ölkəmizdə 4 milyon 745 min 6 nəfər iki doza peyvənd olunub və daha çox insan xəstələnib, belə çıxır ki, yetkin əhalinin təxminən 60 faizinin artıq koronavirusa qarşı immuniteti var və müvafiq olaraq, onlar ya yoluxma halında xəstəliyi ya asimptomatik, ya da çox asanlıqla keçirəcəklər”, – deyə infeksionist vurğulayıb.
media.az