Hansı hallarda xaricdə təhsil alanların diplomları tanınır? – RƏSMİ CAVABbackend

Hansı hallarda xaricdə təhsil alanların diplomları tanınır? – RƏSMİ CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər ölkəmizdə xaricdə təhsilə maraq günü-gündən artır. Xüsusən də xarici universitetlərə tək attestatla qəbul imkanı gəncləri özünə cəlb edir. Lakin təəssüflər olsun ki, xaricdə təhsil alan tələbələrin bir çoxunun diplomu ölkəmizdə tanınmır.

NOCOMMENT.az xəbər verir ki, ölkəmizdə bəzi xarici universitetlərə qəbul həyata keçirən qurumlar gəncləri əmin edirlər ki, təhsil ocağının diplomu beynəlxalq dərəcəlidir və həm Azərbaycanda, həm də dünyada tanınır. Üstəlik tədris də cəlbedici görünür – qəbul prosesi sadə, illik ödəniş 500-700 manat, ölkəni tərk etmədən xaricdə təhsil ala bilirsən.

Bəs görəsən, Rusiya, Türkiyə və digər ölkələrin universitetlərində qiyabi təhsil alıb diplomu ölkəmizdə tanıtmaq mümkündürmü?

Məsələ ilə bağlı BAKU.WS-in əməkdaşı Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) sorğu ünvanladı.

Qurumun mətbuat xidmətindən bildirildi ki, xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyaların tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” na uyğun olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.

Qaydalara əsasən tanınmanın həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınır:

“Müraciətinizdə qeyd etdiyiniz məsələlərlə ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” 4-cü hissəsinə əsasən sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması, sənədin autentik (həqiqi) olması; sənədin aid olduğu təhsil səviyyəsinin göstərilməsi və bu səviyyənin Milli Kvalifikasiya Çərçivəsinə uyğunluğu,nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair tələblərə aid edilmişdir.

“Təhsil haqqında” AR Qanununun 13-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir:

– əyani;

– qiyabi;

– distant (məsafədən);

– sərbəst (eksternat).

Göründüyü kimi Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 13-cü maddəsində təhsilalma formaları arasında “açıköğretim” təhsilalma forması müəyyən edilməmişdir. Habelə, bu formada tədris, Qaydaların ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin təşkili üzrə tanınmaya dair tələblə uyğunsuzluq təşkil etməkdədir.

Nəticə etibarilə, Türkiyə Respublikasında “açıköğretim” formasında əldə olunan təhsil kvalifikasiyalarının tanınması zamanı bir qayda olaraq imtina qərarları verilir”.

O da bildirilib ki, xarici universitetdə qiyabi təhsil alan tələbə ən azı imtahan sessiyalarında təhsil aldıqları ölkədə olmadır ki, diplomu tanına bilsin:

“Qiyabi təhsilalma forması “Təhsil haqqında” AR Qanunun 13-cü maddəsində öz əksini tapmışdır və bu təhsilalma formasının mövcud olduğu ölkələrdə əldə edilən kvalifikasiyaların tanınması zamanı ərizəçilərin Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlara əsasən sessiya və imtahanlarda iştirak üçün xarici ali təhsil aldıqları ölkədə olmaqları tanınmaya dair tələblər arasında əks olunmuşdur.

Bununla bağlı qeyd etmək zəruridir ki, Türkiyə Respublikası və Gürcüstan təhsil sistemini tənzimləyən hüquqi aktlarda ümumiyyətlə “qiyabi” təhsilalma formasında tədris nəzərə tutulmamışdır.

Yekun olaraq qeyd etmək istərdik ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu və İnzibati Prosessual Məcəlləsinin müvafiq normalarına əsasən vətəndaşlar tanınma icraatı nəticəsində verilmiş qərarlardan inzibati və məhkməmə qaydasında şikayət verilə bilər”.