Hansı ölkələrdə karantinlə bağlı məhdudiyyətlər azaldılır?backend

Hansı ölkələrdə karantinlə bağlı məhdudiyyətlər azaldılır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhdudiyyətlərin yumşaldılması virusa yoluxma hallarının kəskin azalması ilə əlaqədardır.

NOCOMMENT.az dünya ölkələrinin pandemiya dönəmində məhdudiyyətləri yumşaldan bəzi ölkələrin siyahısını təqdim edir. Şimali Afrikanın iki ölkəsi – Misirdə və Əlcəzairdə korona virusuna yoluxma hallarının artmasına baxmayaraq, karantin rejimi ilə bağlı məhdudiyyətlər azaldılır.

Misirdə mağazaların açılması və istehsal müəssisələrinin fəaliyyətinin bərpa edilməsi istiqamətində ilk addımlar atılır. Bununla belə, karantin rejimi axşam saat 21:00-dən başlayır, mağazalar və marketlər də bu vaxtadək əhaliyə xidmət göstərir. Əvvəllər cümə və bazar günləri bağlı olan marketlər də artıq istirahət günlərində açıqdır.

Hökumət ölkədə iqtisadi fəaliyyətin bərpa edilməsi və işsizlik səviyyəsinin azaldılmasını prioritet məsələ kimi qarşıya qoyub. Nazirlər Kabinetinin mətbuat katibi Nadir Səid bildirib ki, qarşıdakı ayda pandemiyaya qarşı mübarizə tədbirləri ilə yanaşı, əhalinin məşğulluğunun artırılması da diqqət mərkəzində olacaq.

Əlcəzairdə karantin rejimi mayın 14-dək uzadılsa da, bu ölkədə mağazaların və iri ticarət obyektlərinin fəaliyyəti bərpa olunur. Ölkənin paytaxtında açıq olan mağaza və marketlərin girişində alıcılar məcburi qaydada dezinfeksiya edilir. Hökumət əhalinin sosial vəziyyətinin daha da pisləşməsinin qarşısını almaq üçün qarşıdakı aylarda iqtisadi fəallığı artırmaq niyyətindədir.

İsveçrə Federal Şurası (hökumət) korona virusuyla bağlı məhdudiyyətlərin yüngülləşdirilməsi üzrə ikinci mərhələnin başladığı gün – mayın 11-dən etibarən restoran, muzey və kitabxanaların açılmasına icazə verib.

Məhdudiyyətlərin tədricən ləğv edilməsi planına uyğun olaraq mayın 11-dən orta məktəblərdə məşğələlərin bərpa olunacağı və mağazaların açılacağı nəzərdə tutulur.

Qeyd edək ki, İsveçrədə pandemiya ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasının birinci mərhələsi aprelin 27-də başlayıb. Ölkədə stomatoloji, psixoterapevt və baytarlıq klinikaları, həmçinin gözəllik salonları, kənd təsərrüfatı və tikinti materialları mağazaları açılıb, xəstəxanalarda təxirə salınmış əməliyyatlar bərpa olunub. Mayın 11-də başlayacaq ikinci mərhələdə orta məktəblər və digər bütün mağazalar, iyunun 8-dən isə texniki peşə və ali məktəblər fəaliyyətlərini bərpa edəcək.

Məhdudiyyətlərin yumşaldılması İsveçrədə virusa yoluxma hallarının kəskin azalması ilə əlaqədardır.

Finlandiyanın baş naziri Sanna Marin mayın 14-dən ölkədə məktəblərin açılacağını bəyan edib. Hökumət başçısı məktəbə yalnız doqquzuncu sinifədək olan şagirdlərin qayıdacağını bildirib. Daha yuxarı sinif şagirdləri isə yenə əvvəlki kimi təhsillərini distant formada davam etdirəcəklər.

Xatırladaq ki, “Covid-19”la mübarizə tədbirləri çərçivəsində Finlandiyada məktəblər martın 18-də bağlanmışdı.

Analoji məhdudiyyətlər artıq Avropanın digər ölkələrində də ləğv edilib.

Almaniya da addım-addım normal həyata qayıdır. Korona virusu tədbirləri çərçivəsində bağlanan ibadət yerləri – kilsə və məscidlərin əksəriyyəti 9 maydan etibarən açılacaqdır. Bildirilir ki, məscidlərin açılması müəyyən şərtlərə tabedir və bu qaydalara əməl olunmalıdır.

Malayziyada 4 maydan etibarən gigiyena qaydalarına riayət etmək şərtilə ölkədəki bütün iqtisadi fəaliyyətlərin bərpa olunaraq qaldığı yerdən yoluna davam edəcəyi bildirilib. Qadağalar sosial məsafəsi olmayan sektor və müəssisələrdə isə hələ sürəcək.

Çinin paytaxtı Pekində parklar və muzeylər yenidən açılıb. Turizmə açıq yerlər arasında 720 min kvadrat metrlik sahəni əhatə edən və ölkənin ən məşhur saraylarından olan “Qadağan edilmiş şəhər” də var.

Çexiyada hökumət mayın 11-dən etibarən ölkədə ictimai, idman və mədəni tədbirlərin keçirilməsinə icazə verməyi qərara alıb. Bu tədbirlərdə iştirakçıların sayı yüz nəfərədək məhdudlaşdırılıb. Qərar ilk növbədə teatr tamaşalarına, konsertlərə, sirk şoularına aiddir. Bundan əvvəl isə 10 nəfərə qədər qrup halında toplaşmağa icazə verilmişdi. TRT Azərbaycan