Hansı universitetdə buster doza vurdurmayan tələbələr dərsə buraxılmırlar?backend

Hansı universitetdə buster doza vurdurmayan tələbələr dərsə buraxılmırlar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 15-dən etibarən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan, yaşı 18-dən yuxarı bütün şəxslərdən COViD-19-a qarşı “Peyvənd sertifikatı” və ya COViD-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COViD-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən “Əks-göstəriş sertifikatı”nın olması tələb edilir. Eyni zamanda, tələbələr qarşısına 3-cü dozanı vurdurmaq tələbi də qoyulub.

Əks hallarda, tələbələrin dərslərə buraxılmayacağı barədə xəbərdarlıq olunub. Bəs ali məktəblərdə xəbərdarlıq alan, dərslərə buraxılmayan tələbələr varmı?

NOCOMMENT xəbər verir ki, modern.az-ın əməkdaşı bu sualla bir neçə universitetə müraciət edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəzərov bildirib ki, buster doza vaxtı çatmış bütün tələbələr peyvənd olunub: “İkinci semestr başlayan tarixdən xəbərdarlıq olunmuşdu ki, üçüncü doza vaksininin vaxtı çatmış tələbələr peyvəndlənməsələr, dəsrə buraxılmayacaqlar. Hazırda da 3-cü doza vaksin vurdurmayan tələblər var, çünki həmin dozanı vurdurmaq üçün hələ vaxt yetişməyib. ADNSU-da bir statistika da var ki, 18 yaşı tamam olmayan yüzlərlə tələbə təhsil alır, amma onların da vaksin vurdurmaq üçün yaşları çatmır”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov söyləyib ki, yaz sessiyası başlamazdan əvvəl tələbələrə ciddi şəkildə xəbərdarlıq olunub: “Tələbələrə bildirmişdik ki, ikinci semestr vaxtı buster doza vurdurmayan və ya vaksin sertifikatı keçərsiz olanlar dərsə buraxılmaycaq. Hər bir tələbə xəbərdarlığa əməl edib. Buster doza vuruduraraq dərslərdə iştirak edirlər”.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Yusif Ağayev deyib ki, tələbələrə bir-bir xəbərdarlıq edilib: “Hər 5-ci gün peyvənd olunma ilə bağlı iclas keçirilir, hesabat hazırlanır. Daha sonra o hesabat aiddiyatı üzrə dövlət orqanlarına göndərilir. Müəllim kollektivinin isə böyük əksəriyyəti vaksin olunub”.

Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat katibi Elnarə Məmmədova bildirilib ki, hər bir tələbə karantin rejiminin qaydalarına uyğun olaraq dərslərdə iştirak edir: “Yaşı və buster doza vaxtı çatan tələbələr hamısı vaksin vurdurub. Elə bir hal müşahidə olunmayıb ki, yaşı çatdığı halda peyvənd olunmasın”.

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aqşin Kamal deyib ki, buster doza vaxtı çatmış hər bir tələbəyə vaksin vurulub: “Dərslər başlamazadan əvvəl tələbələrə elan olmuşdu ki, buster doza vaxtı çatanlar peyvənd olunsunlar. Onlar da hər biri qaydalara uyğun olaraq peyvənd olunub, dəsrlərdə iştirak edirlər”.

Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva bildirib ki, tələbələrin 3-cü doza vurdurmaq üçün hələ vaxtları var: “Nazirlər Kabinetinin qərarı ilə bağlı bütün tələbələrə məlumat və tövsiyə verilib”.