Hansı universitetlər tələbələrini yataqxana ilə təmin edə biləcək? – SORĞU – QİYMƏTLƏRbackend

Hansı universitetlər tələbələrini yataqxana ilə təmin edə biləcək? – SORĞU – QİYMƏTLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali məktəblərə qəbul olunan çox sayda tələbənin əsas narahat olduqları mövzulardan biri də yerləşməklə bağlı olur. Bu problem xüsusilə bölgələrdə yaşayan və təhsil üçün Bakıya gələn tələbələr üçün aktualdır. Tələbələrin gəlişi ilə Bakıda kirayə evlərə tələbat artır, beləliklə, qiymət də artır. Belə olan halda universitetlərin yataqxanasında qalmaq tələbələr üçün ən əlverişli variantdır. Lakin bundan da məhdud sayda tələbə istifadə edə bilir. Çünki hazırda bütün universitetlər tələbələrinə yaşamaq üçün yataqxana təklif edə bilmir.

Bəs hazırda Azərbaycan universitetlərində yataqxanaların fəaliyyəti nə səviyyədədir?

NOCOMMENT.az xəbər verir ki, sfera.az mövzu ilə bağlı universitetlər arasında sorğu keçirib:

Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva bildirdi ki, BDU-nun “Tələbə evi” 220 nəfərlikdir:

“BDU-nun Tələbə Evi 220 nəfərlikdir. Burada hər bir şərait var. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir”.

Azərbaycan Memarlıq və İnşaat Universitetindin (AzMİU) mətbuat katibi Nicat Abdullayevin sözlərinə görə, universitetin 6 korpusdan ibarət böyük yataqxana kompleksi mövcuddur:

“Hazırda həmin kompleksin kiçik hissəsindən istifadə olunur. Çünki 1990-cı illərin əvvəllərində, birinci Qarabağ müharibəsində məcburi köçkün düşmüş vətəndaşlarımız kompleksimizdə yerləşdirilib, uzun illər burada yaşayıblar və korpuslar yarasız hala düşüb. Universitet tərəfindən kompleksin bir korpusu təmir edilərək tələbələrin ixtiyarına verilib. 400-dən çox tələbə bütün imkanlarla təmin edilmiş bu korpusda yerləşdirilir. AzMİU Elm və Təhsil Nazirliyi ilə birgə kompleksin digər korpuslarını da təmir etdirmək, tələbələrin ixtiyarına vermək üçün maliyyə qaynaqları axtarır. Qiymətə gəlincə isə AzMİU-nun yataqxanasında ödəniş 50 AZN-dir. Təbii ki, burada məqsəd kommersiya deyil, infrastrukturun dövrü xərclərini qarşılamaqdır. Bundan əlavə, sosial həsas qrupa daxil olan 50-ə yaxın tələbələrimiz yataqxanamızda ödənişsiz yerləşdirilib”.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova bildirib ki, hazırda universitetin 4 yataqxanası fəaliyyət göstərir:

“Bunlarda ikisi qız, biri əcnəbi, digəri isə oğlanlar üçün yataqxanadır. 3 saylı yataqxana isə əsaslı təmir üçün bağlıdır. Ümumilikdə, 4 yataqxananın tutumu 960 nəfərə qədərdir. Bu il yataqxanada təxminən 780 tələbə qalıb. Bunlardan 130-u 2023-2024-cü il tədris müddətində yerləşdirilib. ATU-da müraciət edənlərin 100 faizi yataqxana ilə təmin olunur. Kimsə müraciət edib çöldə qalmayıb. Qiymət yataqxanadan, otaqdan, otağın tutumundan asılıdır. 6 saylı yataqxanada bir ailə 60 manat ödəyir. Qızlar yataqxanasında isə tək nəfərlik, iki nəfərlik, üç nəfərlik və dörd nəfərlik otaqlar var . 1 və 2 saylı yataqxananın qiymətləri bir-birindən fərqlənir. Əcnəbi vətəndaşlar üçün olan yataqxanada 1 ailə 120 manat ödəyir”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat xidmətinin rəhbəri Cavid Hüseynov bildirib ki, ADPU-nun Bakı şəhərində 5 yataqxanası var:

“Lakin bu yataqxanalardan 4-də ümumilikdə 1603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsi məskunlaşıb.ADPU-nun Akademik Həsən Əliyev küçəsi, 104 ünvanında yerləşən 5 nömrəli yataqxanası isə Universitetdə təhsil alan qız tələbələrə xidmət göstərir. Seçimdə sosial həssas qrupdan olan xanım tələbələr nəzərə alınır. Bu yataqxanada 217 nəfər yerləşə bilər. Yataqxanada aylıq ödəniş bir tələbə üçün 85 AZN təşkil edir. Yataqxana tam təmirlidir və yaşayış üçün lazım olan bütün zəruri avadanlıqlarla, o cümlədən kommunal və internet xidməti ilə təmin edilir. Yataqxanaya müraciət etmək istəyən xanım tələbələr rektorun adına ərizə ilə müraciət etməlidirlər”.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) mətbuat xidmətinin rəhbəri Ayşən Aslanova yataqxananın müəyyən səbəblərdən mövcud olmadığını bildirib:

“Aİİ-nin yataqxanası, hələlik, obyektiv səbəblərə görə mövcud deyildir. Gələcəkdə ali təhsil müəssisəsi tələbələrinin yataqxana ilə təmin olunması nəzərdə tutulur. Hazırda sosial təminatı zəif, eyni zamanda, şəhid və qazi ailələrindən olan tələbələrə kirayə yardımı etməyə çalışırıq. Bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) bizə dəstək göstərir. Qeyd edək ki, ali təhsil müəssisəsində təhsil tamamilə ödənişsizdir. Tələbələr dərsliklərlə təmin edilir, eyni zamanda, təqaüddən əlavə, onlara yeməkpulu da ödənilir. Yüksək göstəricilərə malik tələbələr isə adlı təqaüdlərlə təmin edilirlər”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova deyib ki, bu təhsil ocağının yataqxanası olduğu halda ondan istifadə edə bilmirlər:

“UNEC-in 5 yataqxanası var, hamısında məcburi köçkünlər məskunlaşıb. Ona görə tələbələrin istifadəsinə verilə bilmir. Məcburi köçkünlər köçürüldükdən sonra yataqxanalar yenilənərək, tələbələrin istifadəsinə veriləcək”.

Azərbaycan Dövlət Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova isə bildirib ki, yataqxana kompleksi tamamilə yararsız vəziyyətdədir:

“AzTU-nun yataqxana binalarında 1988-1990-cı illərdə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Son illər binalarda 124 ailə yaşayırdı. Torpaqlarımız işğaldan azad edildikdən sonra 10 ailə öz doğma yurd-yuvalarına köçürülüb. Qalan 114 ailə hazırda binalarda yaşayır.Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yararsız hala düşüb. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxananın təmir olunması və ya sökülərək yenidən tikilməsi ilə bağlı qərar verilə bilər. Daha sonra isə tələbələrin istifadəsinə veriləcək”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi Şahanə Müşfiq deyib ki, onların yataqxananasında uzun illərdir məcburi köçkünlərin məskunlaşdığından tələbələr istifadə edə bilmirlər.