ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasından ən yüksək dövlət kürsüsünə namizəd Kamala Harrisin seçki qərargahı seçki kampaniyası zamanı vəsait toplamaq üzrə rekorda imza atıb.
NOCOMMENT.az “The New York Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə Amerikanın Federal Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, Harrisin kampaniyası 30 sentyabrda sona çatan üç aylıq dövr ərzində 1 milyard dollar ianə toplayaraq, rekord vurub.
Nəşr həmçinin vitse-prezidentin respublikaçı rəqibi Donald Trampdan nəzərəçarpacaq dərəcədə geniş miqyasda kampaniya apardığını qeyd edib.
Harris prezidentlik yarışına girəndən bəri onun kampaniyası Ağ Evin keçmiş rəhbərindən daha çox pul yığıb və xərcləyib. Belə ki, təkcə sentyabr ayında
Harris 359 milyon dollardan çox vəsait toplayıb, Tramp isə bu müddət ərzində 160 milyon dollar aldığını bildirib.
Qeyd edək ki, ölkədə prezident seçkiləri noyabrın 5-də keçiriləcək.