Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlakların müsadirə olunması istənilib.
NOCOMMENT xəbər verir ki, apa-nın əldə etdiyi xəbərə görə, bu barədə Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısının çıxışında bildirilib.
Ümumilikdə orta bazar dəyəri 9 milyon manatdan çox təşkil edən daşınmaz əmlaklara müxtəlif ərazilərdə yerləşən mənzillər və digər qeyri-yaşayış sahələri daxildir:
Mövlam Şıxəliyevin adına rəsmiləşdirilmiş orta bazar dəyəri 2 milyon 600 min manatlıq Bakının Səbail, Nəsimi, Nizami və Binəqədi rayonunda yerləşən daşınmaz əmlaklar;
Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilmiş orta bazar dəyəri 3 207 204 manat olan Ağdaş şəhərində, Bakının Binəqədi, Nəsimi, Nərimanov və Səbail rayonunda yerləşən daşınmaz əmlaklar;
Mövlam Şıxəliyevin oğlu Elşən Şıxəliyev və qızı Samirə Şıxəliyevanın adlarına rəsmiləşdirilmiş orta bazar dəyəri 3 288 116 manatlıq Bakının Binəqədi və Səbail rayonlarında yerləşən daşınmaz əmlaklar.
Qeyd edək ki, prokuror Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevə 14 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədova 12 il, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərova 11 il, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərova isə 10 il həbs cəzası istəyib.