“Bu gün səhiyyə 1000 manat maaş alan həkimlərin çiyinlərindədir, onların yox”
“Bu gün səhiyyədə ciddi problemlər mövcuddur. Bunu hamımız bilirik. Vəziyyətin düzəlməsi, həlli hansısa qadağa ilə olmur”.
NOCOMMENT.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında radioloq Aydın Əliyev həkimlərin reklamının qadağan olunması ilə bağlı deputat Musa Quliyevin təklifinə münasibət bildirərkən deyib.
Aydın Əliyev hesab edir ki, ilk növbədə həkimin maddi rifah halı düzəlməlidir:
“Həkim niyə özəl klinikalara üz tutur? Məcburdur, çünki dövlət xəstəxanalarında həkimə 1000 manat maaş veririlir, 300-500 manat da bonus əlavə edilir. Heç bir həkim bu maaşa işləmək istəməz. Mən geridə qalan ölkələri nəzərdə tutmuram. Bunu deyən kimi “Semaşko”dan bir həkim çıxarırlar ki, “filankəs 10 min bonus alır”. 10 min bonus alan həkim bir, yaxud da iki nəfərdir. Ölkənin səhiyyəsi onların çiyinlərində deyil. Bu gün ölkənin səhiyyəsi 1000 manat maaş alan həkimlərin çiyinlərindədir. O biri də baxır, olanlarla qane olmur, demirəm ey, milyonçu olmaq istəyir. Normal həyat yaşamaq istəyir. Məcbur olub işini reklam edir, kefindən etmir ki? Deyiləsi problemlərimiz çoxdur”.
Həkim bildirib ki, hər şeyi qadağan etməyin sonu yaxşı olmayacaq:
“İndi hansı zəmanədir? Ona qadağa, buna qadağa? Məlum verilişlərə çıxan həkimlərdən biz özümüz də razı deyilik, əksəriyyət də narazıdır. Onlar məlum verilişlərə 10-15 min manat verirlər, sonra da gəlib həmin pulu xəstələrdən çıxarırlar. Bütün bunları ümumiləşdirib həkimləri qaralamaq olmaz. Mən normal həkimlərdən danışıram, hansı ki, ölkənin səhiyyə yükünü çiyinlərində çəkir. Onlar bu sahəyə illərini verib. Bunların hamısını bir yerə qatıb qaralamaq, pis gözlə baxmaq yalnış addımdır”.
Aydın Əliyev bu gün tibb sahəsinə üz tutan abituriyentlərin sayının azaldığını diqqətə çatdırıb:
“Çox gənclər bu sahəyə getmək istəmir. Tanıdığım adamlar var, deyirlər ki, “sizin əziyyətə baxırıq, biz həkim olmaq istəmirik”. Onsuz da sahədə kadr çatışmazlığı var. Bölgələrdə 20-30 sayda həkim çatışmazlığı var. Bu problem getdikcə artacaq. Çünkü normal həkimlərdən söhbət gedir. Onlar intelektual çəhətdən üstün insanlardır, bütün ölkələrdən xəbardardırlar. Harada yaxşı vəziyyət var ora üz tutacaqlar. Onsuz da bir hissəsi gedib, yerdə qalanlar da getməyi planlaşdırırlar. Hərə əlinə bir silah alıb düşüb həkimlərin üstünə. Sonra kim müalicə edəcək insanları? Deputat danışanda məsuliyyətli olmalıdır. Məsələnin kökündən danışmırlar. Demirlər ki, həkim saxtadırsa, buna diplomu kim verib? Cəsarətin çatırsa, get ona diplom verəndən soruş. Ona sertifikatı kim verib, get onu araşdır. İşin həmişə kökü qalır, amma başqa səmtə üz tuturlar, yalandan pafosla danışmaqla deyil. Guya bunlar millətin adından danışırlar”.