Həmin şəxs Sumqayıt sakinidir, əməlini etiraf edibbackend

Həmin şəxs Sumqayıt sakinidir, əməlini etiraf edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hələ ki, nə təqsirləndirilən şəxs müəyyənləşdirilib, nə də kimsə məsuliyyətə cəlb olunub. Sadəcə olaraq ümumi dedilər ki, istintaq hərəkətləri davam etdirilir”.

NOCOMMENT xəbər verir ki, bu sözləri bu il aprelin 21-də bir qrup şəxs tərəfindən girov götürüldüyünü, təhdid, təhqir və fiziki zorakılığa məruz qaldığını bildirən ictimai fəal Bəxtiyar Hacıyev işlə bağlı hüquq-mühafizə orqanlarında gedən əməliyyat-istintaq prosesləri barədə yeniavaz-a danışarkən deyib.

O bildirib ki, hələ yenilik yoxdur: “Heç bir yenilik yoxdur, olacağını da gözləmirəm. Heç, ümumiyyətlə, istintaq hərəkətləri aparılmır. Sonuncu dəfə 2 ay əvvəl mən müstəntiqlə danışmışam. Müstəntiqdən soruşmuşam ki, nəsə bir yenilik varmı, yeni istintaq hərəkətləri aparılıbmı? Mənə bildirilib ki, yox. Sonuncu dəfə (Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi – red.) oğurlanıb “Bandotdel”ə aparılanda rəisdən souşdum ki, heç bir addım atmırsınız, sonra da deyirsiniz ki, niyə narazı qalmısan. Mənə dedi ki, müstəntiqlə danışarsan məlumat verər. Amma müstəntiqlə danışmağa şərait yaratmamışdılar”.

B.Hacıyev bu gün – avqustun 26-da “Bandotdel”də olduğunu deyib: “Dünən də, bu gün də “Bandotdel”ə getdim. Mənə belə ümumi məlumat verdilər ki, istintaq hərəkətləri davam etdirilir. Orada aparılan iki iş var: biri “WhatsApp” üzərindən mənim təhdid olunmağımla, biri də aprelin 21-dəki oğurlanma ilə bağlı. Hələ ki, heç biri ilə bağlı nə təqsirləndirilən şəxs müəyyənləşdirilib, nə də kimsə məsuliyyətə cəlb olunub. Sadəcə olaraq ümumi dedilər ki, istintaq hərəkətləri davam etdirilir.

Bu gün çatdırsam, “Bandotdel”ə “WhatsApp” üzərindən məni uzun müddət təhdid edən şəxslə əlaqədar açılan cinayət işi ilə bağlı vəsatət təqdim edəcəm. Deməli, cinayət işi 148-1-ci maddə (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə – red.) ilə açılıb. Hansı ki təhqir maddəsidir, təhqir kütləvi çıxışlarda olmalıdır. Amma burada kütləvilik yoxdur. Mən də bunu mübahisələndirirdim ki, bu adam şəxsən məni ölümlə təhdid edib, narahat edib, saxta mobil telefonlardan istifadə edib, burda kiber cinayətkarlıq, hədə-qorxu ilə tələbetmə, ölümlə təhdidetmə əlamətləri var. Mənə bildirildi ki, bunların heç biri real deyil. Mən də cinayət işinin 148-1-ci maddə ilə açılmasına etiraz etdim. İndi də yazılı vəsatətlə təqdim edəcəm ki, maddə dəyişdirilsin. Çünki 4 aydır, istintaq gedir, adam bəllidir. Amma bu günə qədər məsuliyyətə cəlb olunmayıbsa və çox yüngül, eyni zamanda əlaqəsiz bir maddə ilə cinayət işi başlanıbsa, bu artıq istintaqın niyyətini göstərir. Həmin şəxs Sumqayıt sakinidir. Biz IP adresini tapıb təqdim etmişik, tapıblar, gətiriblər, etiraf edib ki, özü yazıb. Mobil telefonunun bütün məlumatlar çıxıb. Amma bunu təhqirlə eyniləşdirmək istəyirlər”.

İctimai fəal avqustun 22-də sosial şəbəkə hesabında yazdığı statusda bildirdiyi mülki şəxslər tərəfindən qaçırılması və “Bandotdel”ə aparılması məsələsi ilə bağlı Baş Prokuroluğa müraciət edəcəyini bildirib: “Sonuncu qaçırılma hadisəsi də, necə olubsa, elə də qalıb, ordan gətirib “Caspian Plaza”nın qarşısına qoyublar, ondan sonra da heç bir addım atmayıblar. Bu gün şikayət hazırlanacaq, Baş Prokurluğa müraciət ediləcək. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma. Bununla bağlı “Bandotdel”in rəhbərliyinə dünən məlumat vermişəm. Onlar da deyib ki, heç bir etirazımız yoxdur, müraciət edə bilərsiniz. Buna görə sizi incitmərik. Dedim ki, müraciət etsəm, bu dəfə də oğurlamazsınız? Dedilər ki, yox, narahat olmayın, hüquqi prosedurlardan istifadə edə bilərsiniz. Buna görə sizə heç nə etmərik”.

Daha əvvəl Azərbaycan vətəndaşlığından çıxmaq istədiyini deyən B.Hacıyev bununla bağlı Miqrasiya Xidməti ilə əlaqə saxladıqlarını söyləyib: “Miqrasiya Xidməti ilə əlaqə saxlamışıq. Elektron ərizə anketini qəbul ediblər. Və dedilər ki, anket məlumatları ətraflı yoxlanılacaq, əgər heç bir problem olmasa, mənə ətraflı məlumat göndərəcəklər, dövlət rüsumunu ödəyəcəm, bundan sonra sənədlər Prezident Administrasiyasına təqdim ediləcək. Müraciətə müsbət cavab verilsin, baxarıq. Ən azından bir seçimim var: Şimali Koreya”.

B.Hacıyev qeyd edib ki, avqustun 22-də baş verən hadisə ilə əlaqədar bir sıra diplomatik nümayəndiklərlə görüşlər keçirir: “Diplomatik nümayəbdəliklərlə mütəmadi görüşlər olur, onlara bu barədə məlumat verilir. Avqustun 24-də ABŞ Dövlət Departamenti məsələ ilə bağlı çağırış etdi. Onlar da bu məsələləri araşdırmağa çağırıblar. Amma Daxili İşlər Nazirliyi bütün bu çağırışları həm daxildən, həm xaricdən qulaq ardına vurur. Sanki belə də olmalı imiş kimi”.

Qeyd edək ki, Bəxtiyar Hacıyev aprelin 21-də Yasamal rayonu ərazisindəki M.Naxçıvani və Z.Əhmədbəyov küçələrinin kəsişməsində bir qrup şəxs tərəfindən girov götürüldüyünü, başına qara torba keçirilərək naməlum istiqamətdə aparıldığını, təhdid, təhqir və fiziki zorakılığa məruz qaldığını bildirib. Avqustun 22-də isə mülki şəxslər tərəfindən qaçırıldığını, “Bandotdel”ə aparıldığını, Baş İdarənin rəisi Əbülfət Rzayevin ondan daxili işlər naziri bağlı postları silməyini tələb etdiyini bildirib.