Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində “İşçilərin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi”nin yaradılması ilk baxışdan əmək hüquqlarının qorunması istiqamətində atılmış müsbət addım kimi təqdim olunur. Lakin prosesin detalları və açıqlanan məlumatlar bu təşəbbüsün formal xarakter daşıdığını, real həmkarlar fəaliyyəti ilə az əlaqəsi olduğunu göstərir.
Məlumata görə, komitənin yaradılması “iki gün əvvəl” müzakirəyə çıxarılıb, dərhal səsvermə keçirilib və nəticədə rəhbərlik formalaşdırılıb. Bu qədər qısa müddətdə belə vacib bir strukturun yaradılması ciddi suallar doğurur.
İşçilər bu prosesə nə dərəcədə cəlb olunub? Namizədlər əvvəlcədən müzakirə edilibmi? Alternativ şəxslərə imkan yaradılıbmı? Yoxsa hər şey əvvəlcədən müəyyən olunmuş ssenari üzrə həyata keçirilib?
Ən diqqətçəkən məqam isə rəhbər vəzifələrə seçilən şəxslərin hamısının Agentliyin rəhbər strukturlarında çalışan məmurlar olmasıdır.
Komitənin sədri Ümumi şöbənin sektor müdiri, müavini isə Maliyyə və təminat şöbəsinin sektor müdiridir.
Yəni işçilərin hüquqlarını rəhbərlikdən qorumaq üçün yaradılmalı olan qurumun başında yenə də rəhbərliyin nümayəndələri dayanır.
Bu halda sual açıq qalır: belə bir komitə işçilərin maraqlarını müdafiə edəcək, yoxsa rəhbərliyin tapşırıqlarını icra edəcək?
Həmkarlar ittifaqlarının əsas missiyası işçilərin sosial, hüquqi və əmək maraqlarını qorumaqdır. Lakin idarəetmə aparatının bir hissəsi olan şəxslərin bu quruma rəhbərlik etməsi onun müstəqilliyini şübhə altına alır. Praktikada isə bu cür strukturlar çox vaxt “statistika xatirinə” yaradılır, formal tədbirlər keçirir və real problemlərə toxunmur.
Bundan başqa, yaradılan komitənin fəaliyyəti, büdcəsi, üzvlük mexanizmi və qərar qəbuletmə prosedurları barədə ictimaiyyətə heç bir açıqlama verilməyib. İşçilərin bu quruma könüllü qoşulub-qoşulmadığı, üzvlük haqlarının necə formalaşacağı, həmin vəsaitlərin hara xərclənəcəyi də qaranlıq qalır. Şəffaflıq olmayan yerdə isə etimaddan danışmaq mümkün deyil.
Məsələnin daha geniş kontekstdə diqqət çəkən tərəfi isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ətrafında baş verən son proseslərdir.
Konfederasiyaya daxil olan birliklərdən birinin rəhbərinin “maraqlı səbəb”lə vəzifədən uzaqlaşdırılması və bununla bağlı hələ də ictimaiyyətə aydın məlumat verilməməsi həmkarlar sistemindəki problemlərin sistemli xarakter daşıdığını göstərir.
Əgər həmkarlar ittifaqları doğrudan da işçilərin müdafiəçisi olsaydı, belə qərarlar açıq şəkildə izah edilər, səbəblər şəffaf formada ictimaiyyətə təqdim olunardı. Lakin hazırkı vəziyyət göstərir ki, bu strukturlar daha çox inzibati nəzarət mexanizminin bir hissəsinə çevrilib.
Dövlət Su Ehtiyatları Agentliyində yaradılan yeni komitə də eyni risklərlə üz-üzədir.
İşçilərin real problemləri – maaşlar, iş yükü, sosial təminat, təhlükəsizlik, əlavə iş saatları – barədə hansı mövqenin sərgilənəcəyi hələlik naməlumdur. Təcrübə isə göstərir ki, belə qurumlar çox vaxt bu mövzulara toxunmaqdan yayınır.
Beləliklə, yaradılan “İşçilərin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi” indiki formada daha çox formal struktur təsiri bağışlayır. Rəhbərliyin nəzarətində olan, şəffaf olmayan və işçilərin real iştirakından uzaq qurumun onların hüquqlarını effektiv şəkildə müdafiə edəcəyinə inanmaq çətindir.
Əgər bu komitə həqiqətən faydalı olmaq istəyirsə, ilk növbədə müstəqil, açıq və hesabatlı fəaliyyət mexanizmi qurmalı, işçilərin səsini real şəkildə təmsil etməlidir. Əks halda, bu təşəbbüs də kağız üzərində qalan növbəti “hesabat uğuru”ndan başqa bir şey olmayacaq.
Əli Səfərli,
NOCOMMENT.az









