Həmyerlimizin nəşi Almaniyada niyə yandırılıb?backend

Həmyerlimizin nəşi Almaniyada niyə yandırılıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada vəfat edən həmyerlimizin meyiti yandırılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı AzVision.az-a həmin ölkədə yaşayan azərbaycanlı jurnalist Yeganə Əmiraslanova verib.

O bildirib ki, kremasiya olunan şəxs İlham İsmayıl oğlu Allahverdizadədir. 1977-ci ildə doğulan İ.Allahverdizadə Cəbrayıl sakindir və 2014-cü ildən Almaniyada yaşayırdı.

Jurnalistin dediyinə görə, İlhamın Almaniyada müvəqqəti yaşama icazəsi olmayıb.

İlhamın bacısı Məryəm Allahverdiyeva deyib ki, sonuncu dəfə qardaşı ilə yanvarın 9-da danışıb:

“Həm böyrəklərində, həm də ürəyində problem var idi. Məlumata görə, yanvarın 11-i infarkt keçirib və dünyasını dəyişib. Tək yaşadığına görə ölümündən çox gec xəbər tutulub.

Əmim və ailəsi Almaniyanın digər şəhərində yaşayırlar. Qardaşımın vəfat xəbərini onlar bizə çatdırdılar. Təəssüf ki, əmimgil də onun ölümündən meyiti yandırılandan sonra xəbər tutublar”.

Yeganə Əmiraslanovanın sözlərinə görə, İlhamın meyiti evdən şəhər bələdiyyəsi xəbər tutandan sonra çıxarılıb:

“Almaniyada belə bir qayda var, əgər 10 gün ərzində meyitin sahibi, yaxınları tapılmırsa, onu yandırırlar. Qohumlar bixəbər olduğundan meyit yiyəsiz qalıb və 10 günlük gözləmə müddəti bitdiyindən yandırılıb. İndi ailəsi onun külünün Azərbaycana göndərilməsini istəyir. Bu isə müəyyən vaxt və prosedurlar tələb edir. Sənədlər toplanılmalıdır.
Meyitin külünün göndərilməsi üçün bu işlə məşğul olan şirkətlə əlaqə saxladım, onlar 2 min avro tələb etdilər. Ailənin isə buna imkanı yoxdur”.

M.Allahverdiyeva deyir ki, bu işlə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət ediblər.

“Komitə bizdən qardaşımın sənədlərini istəyir, toplayırıq. Görək necə olacaq. Bu hadisə bizə çox pis təsir edib. Bir müsəlmanın meyitinin yandırılmasını qəbul edə bilmirik”.

N.Əmiraslanova deyir ki, İlham evli olmayıb. Almaniyada qeyri-rəsmi nikahda rus qadını ilə yaşayırmış. Həmin qadın xərçəng xəstəsidir və xəstəxanada müalicə alır. Onlar bir il bundan öncə ayrılıblarmış.

Jurnalist əlavə edib ki, bundan əvvəl də azərbaycanlıların sahibsiz meyitləri olub, Diasporla İş üzrə Dövlət Komitəsi yol xərcini çəkərək onları Azərbaycana göndərib:

“Mən xərçəng xəstəliyinin 3-cü və 4-cü dərəcəsindən əziyyət çəkənlərin yaxınlarına müraciət edirəm. Ağır vəziyyətdə olan xəstələrinizi Almaniyaya göndərməyin. Çünki burada o xəstələri çox ağır son gözləyir. Almaniya səhiyyəsinin sehirli çubuğu yoxdur ki, toxunan kimi sağalsın. Xəstəxanaya müraciət edən kimi müalicəyə başlamırlar, insanlara növbə əsasında xidmət göstərirlər. Bu da çox zaman alır və xəstəlik ağırlaşır, nəticədə ölümlə üz-üzə qalırlar”.