“Hər ay üç köynək gətirsəniz demək ki, məqsədiniz başqadır” – Dövlət Gömrük Komitəsibackend

“Hər ay üç köynək gətirsəniz demək ki, məqsədiniz başqadır” – Dövlət Gömrük Komitəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin “Sadələşdirilmiş Bəyannamə – Elektron Ticarət” layihəsinin təqdimatından sonra Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələrinə bir sıra suallar ünvanlanıb.

NOCOMMENT.az xəbər verir ki, İlkin Feyzulla adlı vətəndaşın ünvanladığı suala DGK tərəfindən verilən cavab birmənalı qarşılanmayıb.

İ. Feyzullanın “Mən 3 fərqli rəngdə köynək sifariş versəm rüsuma düşürəm? Bu nə məntiqdir? DGK nə etmək istəyir? Həqiqətən də məqsəd malı xaricdən ucuz gətirib burda 3-5 qat baha satan böyük idxalçıları qorumaqdır!” şərhinə Komitənin cavabı belə olub: “Hörmətli vətəndaş, xahiş olunur cavabı diqqətlə oxuyun. Malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Yəni gömrük orqanları müəyyən edəcək ki, bu şəxsi istehlak üçündür, yoxsa kommersiya məqsədlidir. Özünüz üçün gətirdiyiniz üç köynəyi heç kim rüsuma cəlb etmir. Amma hər ay üç köynək gətirsəniz artıq məqsədinizin “başqa” olduğu müəyyənləşəcək”.

Qeyd edək ki, 20 sentyabrdan etibarən gömrük limitinin 300 dollara endirilməsi haqqında Nazirlər Kabinetinin 305 saylı qərarı qüvvəyə minib. Yeni qaydalara görə, fiziki şəxslər tərəfindən ölkəyə rüsumsuz gətirilə bilən malların maksimal məbləği aşağı salınıb. Belə ki, indiyədək vətəndaş şəxsi məqsəd üçün birbaşa özü 1500 dollar məbləğində, elektron ticarətlə – poçt vasitəsilə 1000 dollar məbləğində mal gətirə bilərdi. Yeni dəyişikliyə görə bu rəqəmlər müvafiq olaraq 800 dollar və 300 dollara endirilib. Yəni, vətəndaş artıq intenet üzərindən hansısa xarici mağazadan 300 dollardan baha olan malı alarsa, həmin artıq məbləğ üçün 36 faiz gömrük rüsumu ödəməlidir. Rəsmi açıqlamaya görə, vətəndaş daşıyıcı şirkətlə razılaşmaqla ay ərzində bir neçə dəfə sifariş etdiyi məhsulu gömrük və ya daşıyıcı şirkətə məxsus anbarda saxlamaqla bir dəfəyə bəyan edib, yaxud gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim etməklə hissə-hissə bu prosesi həyata keçirə bilər.
Yeniavaz