Hər gün hansısa şəhər və ya kəndi işqaldan azad edirik! Müəyyən müddət sonra biz elan edəcəyik – VİDEObackend

Hər gün hansısa şəhər və ya kəndi işqaldan azad edirik! Müəyyən müddət sonra biz elan edəcəyik – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan döyüş meydanında uduzurlar. Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır”.

NOCOMMENT xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Global” televiziyasına müsahibəsində bildirib.

İ.Əliyev bildirib ki, ordumuz hər gün, demək olar ki, hansısa bir şəhər və ya kənd işğaldan azad edilir: “Yaxud həmin kəndlər nəzarət altına alınır. Mən deyə bilərəm ki, bu gün bir neçə yaşayış məntəqəsi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq o yaşayış məntəqələrinə biz hələ girməmişik. Çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik”.

“Bütün cəbhə boyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini, məğlubiyyətini mülki əhalidən çıxarmaq istəyir. Bu, onların xislətidir. Xocalı Soyqırımı törədənlər Gəncəyə hücum edib.

Gəncəyə hücumun səbəbi Ermənistanın hərbi-siyasi rəhbəridir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Nikol Paşinyan tərəfindən verilib”, – deyə İ.Əliyev bildirib.

Prezidenti İlham Əliyev daha sonra qeyd edib: “Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edir. Hər gün biz yeni mövqeləri azad edirik. O mövqelər şərt deyil ki, kənd olsun, şəhər olsun. Təpə olsun, dağ olsun – o da önəmlidir. Şəhərlərə onsuz da qayıdacağıq. Bizim üçün əsas məsələ strateji yüksəklikləri almaqdır”.

“Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir. Şəhərdə də biz varıq. Amma şəhərə girək ya girməyək – bu, başqa məsələdir. Bizim qarşımızda elə bir siyasi vəzifə yoxdur ki, bu gün oranı, sabah digər yeri elan edək. Bəzi hallarda biz kəndləri, şəhərləri azad edirik, ancaq 1-2 gün sonra açıqlama veririk. Bunun da taktikası var”, – Prezident vurğulayıb.

İlham Əliyev Minsk qrupunun həmsədrlərini ittiham edib: “Minsk qrupunun həmsədr ölkələrində erməni diasporlarının fəaliyyətinə diqqət yetirin. Hər üç ölkədə erməni diaspor təşkilatları böyük siyasi imkanlara malikdir”.

“Bu siyasi imkanlar nəticəsində onlar o ölkənin vəzifəli şəxslərinə təsir edirlər. Bu nə qədər ədalətlidir? Türkiyə nə üçün həmsədr olmasın?! Bizim siyasətimizdə tam məntiq və nəticəyə hesablanmış yanaşma var. Geosiyasi reallıqlar dəyişib. Bu gün Türkiyə nəinki bölgədə, dünya çapında güc mərkəzidir. Bunu Qərbdə bir çoxları qəbul etmək istəmir. Türkiyə söz sahibidir və bu reallıqdır. Bununla hesablaşmaq lazımdır”, – Prezident bildirib.

İlham Əliyevin sözlərinə görə, Moskvada qəbul edilmiş bəyanat bizim maraqlarımıza tam cavab verir: “Adekvat cavab tələb olunur və biz cavabı döyüş meydanında veririk. Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq. Bizim münasibətimiz belədir. Biz heç vaxt mülki əhali ilə müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir”.

“Moskvada qəbul edilmiş bəyanat bizim maraqlarımıza tam cavab verir. Orada göstərilir ki, humanitar əsaslarla həlak olanların cəsədləri, əsirlərin dəyişdirilməsi nəzərdə tutulur. Biz bunu ilk gündən istəyirdik, ancaq Ermənistan buna getmirdi. Bundan başqa, siyasi məqamlar da var.

Onlardan biri danışıqların, müzakirələrin bərpa edilməsi, baza prinsipləri əsasında substantiv danışıqların davam etdirilməsidir. Baza prinsipləri isə bizim maraqlarımıza cavab verir, çünki orada işğal edilmiş ərazilərdən erməni silahlı qüvvələrin çıxarılması nəzərdə tutulur. Orada göstərilir ki, birinci mərhələdə 5 rayondan, ikinci mərhələdə 2 rayondan erməni silahlı qüvvələri çıxarılır. Ondan sonra bütün məcburi köçkünlər əvvəlki yaşadığı bölgələrə qayıdırlar. Bu o deməkdir ki, bizim məcburi köçkünlər Şuşaya da, Xankəndinə də qayıdacaqlar”, – İlham Əliyev bildirib.

“Biz ümid edirdik ki, bundan sonra Dağlıq Qarabağ məsələsi siyasi yollarla həll olunacaq, çünki hesab edirdik ki, hərbi mərhələ artıq başa çatıb, təcavüzkar döyüş meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb, diplomatik müstəvidə müsbət yanaşma göstərəcək. Ancaq, təəssüf ki, biz bunu görmədik”.

“Saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozulub. Ondan sonra gecə saatlarında mülki əhaliyə qarşı dəhşətli cinayət törədilib. Gəncə şəhəri “Toçka-U” raketləri ilə atəşə məruz qalıb. Bunun nəticəsində mülki şəxslər həlak olub və yaralanıb. Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniləri, onların hamiləri və islamafob dairələr bu cinayəti gizlədə bilməyəcək”, – deyə Prezident vurğulayıb.

” Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilib. Bizdə dəqiq məlumat var ki, indi psixoloji sarsıntı keçirir. Onun mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar verir”.

“Məsəl üçün, bir neçə dəfə Hadrutu yenə işğal altına salmaq üçün onlar cəhd ediblər. Mənə səhər verilən məlumata görə, bu gecə Ermənistandan gəlmiş xüsusi təyinatlılardan ibarət böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıblar. Halbuki strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün böyük önəmi yoxdur. Bu qrup zərərsizləşdirilib. Orada bu gecə Ermənistanın verdiyi qurbanlar sırf Paşinyanın məsuliyyətsizlik və yırtıcı siyasətinin nəticəsidir”, – deyə ölkə başçısı vurğulayıb.