Naxçıvandakı hərbi hissələrin MAXE-lərinin (müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları) yaşadıqları əraziyə yaxın yerdə xidmət etmək üçün rüşvət verməyə məcbur edildiyi iddia olunur.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” məlumat yayıb. İddiaya əsasən MAXE-ləri öncə hansısa bəhanə ilə yaşadığı rayondakı hərbi hissələrdən uzaq bölgələrə xidmətə göndərirlər. Daha sonra isə, təkrar öz bölgəsindəki hərbi hissəyə qaytarmaq üçün, onlardan rüşvət tələb olunur.
Kəngərli rayon sakini D. Abdullayev deyir ki, rayon mərkəzi olan Qıvraq qəsəbəsində yerləşən N saylı hərbi hissəyə MAXE düzəlmək üçün bir neçə il öncə 3000 manat rüşvət verib. Təkrar rüşvət verməyə məcbur etmək üçün indi onu yaşadığı ərazidən 80 km aralıda yerləşən Culfa rayonundakı hərbi hissələrin birinə göndəriblər:
“Bu fırıldaq da yeni yaranıb. Müxtəlif bəhanələrlə MAXE-ləri “perevod” edib, geri qaytarmaq üçün rüşvət tələb edirlər. Bu yolla rüşvət almağa əsas yaradırlar. Bu, artıq kütləvi hal alıb. İndiyə kimi hər bir MAXE yaşadığı əraziyə yaxın hərbi hissədə işə götürülürdü. Hamı da fikirləşirdi ki, evimə yaxındır, sərf edər. Rüşvətini verib, işə düzəlirdi. Mən də evimin yaxınlığındakı hərbi hissəyə düzəlmişdim və 2 ildən çoxdur ki, orada işləyirdim. Guya sıra düzülüşünə gec gəlmək bəhanəsi ilə, məni Culfaya “perevod” elədilər. İndi əlavə 3 min istəyirlər ki, geri qaytarsınlar”.
Şikayətçi deyir ki, “perevod” işinə hər hərbi hissədə fəaliyyət göstərən dəllallar baxır:
“Hər hərbi hissədə maklerlər var. Gəlib yaxınlaşır ki, pulunu ver, qaytaraq öz yerinə. Çox adam məcbur olub razılaşır. Aldığımız 5-6 yüz manat maaşdır. Mən hər gün Culfaya gəlib-getmək üçün 20 manat taksilərə verirəm. Bəs bunun yemək içməyi, digər xərcləri necə olacaq?! Maaşım heç taksiləri görmür. İşdən çıxmaq da olmur, nə qədər pul verib düzəlmişik. Həm də 3 illik müqavilə ilə işə götürülmüşük. İşdən çıxsaq, hərbi biletimiz ləkələnəcək. Belə olanda da heç yerdə iş tapa bilməyəcəyik. Bundan əlavə, işdən çıxmaq istəyənlərə də təzyiqlər olur. Ona görə məcburam ki, haradansa borc-xərc edib, kreditə pul götürüb bunlar istədiyi rüşvəti verib, öz yerimə qayıdım. Kredit verən banklar da özlərininkidir. Hərtərəfli qazanırlar”.
yeniavaz.com