Hərbi hospitalın rüşvət alan əməkdaşlarının cəzaları artırılıbbackend

Hərbi hospitalın rüşvət alan əməkdaşlarının cəzaları artırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Vüsal Eyvazov və hospitalın digər əməkdaşı Hüseyn Ağayev barəsindəki hökmdən verilmiş protestə baxılıb.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar olunub.

Hakim Qədim Babayevin sədrlik etdiyi hakimlər heyəti dövlət ittihamçısı tərəfindən verilmiş protesti qismən təmin edib.

Qərara əsasən, təqsirləndirilən şəxslər – Vüsal Eyvazov və Hüseyn Ağayevin hər birinin cəzası bir il artırılıb.

Hərbi hospital əməkdaşları Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunublar.

Faktla bağlı başlanılmış cinayət işi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Eyvazov Vüsal Qorxmaz oğlunun xidməti vəzifələrinin icrası zamanı həmin hospitalın digər əməkdaşı Ağayev Hüseyn İlham oğlunun vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Vüsal Eyvazov və Hüseyn Ağayev cinayət başında yaxalanıblar. Vüsal Eyvazov Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Hərbi Məhkəməsi ittiham olunan şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 62 (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsini tətbiq edib.

Hökmə əsasən, Vüsal Eyvazov iki il, Hüseyn Ağayev bir il altı ay müddətinə azadlıqdan məhrum edilib.