Hərbi prokurorun qardaşına pul atan şəxsi hansı cəza gözləyir?backend

Hərbi prokurorun qardaşına pul atan şəxsi hansı cəza gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevə qarşı 580 min dollarlıq dələduzluq etməkdə ittiham olunan Cəfər Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə cinayət işində olan bəzi sənədlər tədqiq edilib.

Təqsirləndirilən Cəfər Əliyev plastik boru istehsalında istifadə olunan materialın (“kroşka”) İrandan gətirib və Azərbaycanda satışı ilə məşğul olub. Onun sözlərinə görə, bu materialları qonşu ölkədə Əkbər adı İran vətəndaşından alıb və Azərbaycanda bu sahə ilə məşğul olan iş adamlarına satıb.

O bildirib ki, müştərilərindən biri də Şahmar Vəliyev olub, onların əlaqələri 2015-ci ildən başlayıb.

Əvvəl tikinti sahəsində əməkdaşlıq etdiklərini deyən təqsirləndirilən şəxsin sözlərinə görə, 2018-ci ildən sonra “kroşka” ticarəti sahəsində işləyiblər: “Hər şey qaydasında idi. Mən materialı İranda Əkbər adlı adamdan alır, Azərbaycandakı müştərilərə çatdırırdım. Pandemiya dövründə problem yarandı. Əkbər də yoxa çıxdı. Mən ortada qaldım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Şahmar Vəliyevin onda 580 min dollar pulu qalıb: “Əslində, bu gün ona heç bir borcum yoxdur. Çünki nəyim vardısa, bu pulun əvəzində əlimdən aldı. Evimi, bağımı, avtomobilimi özününküləşdirdi”.

Cəfər Əliyev bildirib ki, Şahmar Vəliyevin rəhbərlik etdiyi “Azneftmaş” ASC-də Etibar Quliyev ad-soyadlı etibar etdiyi şəxs var: “Məni məcbur elədi ki, onunla 550 min dollarlıq borc müqaviləsi bağlayım. Guya ondan borc almışam. Halbuki belə bir şey olmamışdı. Sonra da o borc müqaviləsi ilə məni məhkəməyə verdi ki, əmlaklarımı ələ keçirsin. Məhkəmə qərar verdi və borcu əmlaklarıma yönəltdi. Beləliklə, Şahmar Vəliyev nəyim vardısa, əlimdən aldı. Onunla kifayətlənmədi, məni həbs elətdirdi”.

Qeyd edək ki, Şahmar Vəliyev zərərçəkmiş qismində tanınsa da, bir ildən çoxdur davam edən məhkəmə iclaslarının heç birinə gəlməyib. Onu məhkəmədə nümayəndəsi təmsil edir.

Sonuncu məhkəmə iclasına isə Şahmar Vəliyev başqa bir işçisini də göndərib. Bu, prokuror təqsirləndirilən şəxsə 12 il cəza istəyəndən sonra olub. Onların istəyi ilə məhkəmə istintaqı təzələnib və məhkəməyə gətirdikləri şahid dindirilib. Həmin şahid isə Yelena Yusifzadə olub.

Yelena Yusufzadə deyib ki, Şahmar Vəliyev onunla Cəfər Əliyevə çatdırmaq üçün 33 min manat pul göndərib. Onun ifadəsinə görə, bu pullar nəqliyyat və gömrük işləri üçün nəzərdə tutulub.