Hərbi qanunvericiliyə edilən təkliflər Böyük Zəfərimizin yaratdığı yeni reallıqlardan irəli gəlir – RƏYbackend

Hərbi qanunvericiliyə edilən təkliflər Böyük Zəfərimizin yaratdığı yeni reallıqlardan irəli gəlir – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisdə birinci oxunuşda müzakirə olunmuş “Hərbi vəzifə və hərbi xidmət haqqında qanun”a təklif olunan dəyişikliklər zərurətdən və günün reallığından doğur.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.

O qeyd edib ki, ərazi bütövlüyü təmin ediləndən və Qarabağda separatizmin kökü kəsiləndən sonra ordu quruculuğunda həm strukturlaşma, həm də qanunvericilik müstəvisində dəyişikliklərin edilməsi zərurəti yarandı:

“Bu mənada dəyişiklər olduqca əhəmiyyətlidir. Dəyişikliklər hərbi çağırışla bağlı prosedurları sadələşdirəcək, bu sahədə şəffaflığı artıracaq”.

Layihədə hərbi vəzifələrin icrası ilə əlaqədar vətəndaşlar tərəfindən elektron kabinetlərin yaradılmasının nəzərdə tutulduğunu deyən M.Vəliyeva bildirib ki, qanun qəbul ediləndən sonra çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların vərəqələri vətəndaşın elektron kabinetində yerləşdiriləcək.

Müddətli həqiqi hərbi xidmətə çağırış üçün nəzərdə tutulan son yaş həddinin 35-dən 30 yaşa endirilməsi ilə bağlı layihədə olan dəyişikliyə toxunan M.Vəliyeva vurğulayıb ki, 30 yaşına qədər möhlət hüququndan yaralanmış vətəndaşların bu yaşdan sonra həqiqi hərbi xidməti vəzifəsindən azad edilməsi onların karyera pillələrində fasilə vermədən yüksəlmələrinə imkan verəcək.

Deputat hesab edir ki, Azərbaycan-Ermənistan arasında hərbi qarşıdurma ehtimalının azalması, gərginliyin səngiməsi və sülh danışıqlarının intensivləşməsi bu islahatları vacib edir.

“Təəssüflər olsun ki, qanuna təklif olunan əlavə və dəyişiklikdən xəbəri olmayan bəzi şəxslər “həqiqi hərbi xidmət müddəti azaldılır” kimi yanlış informasiyaları dövriyyəyə buraxırlar ki, bu da insanlar arasında çaşqınlıq yaradır. Hələlik həqiqi hərbi xidmət müddətinin azaldılması Milli Məclisdə müzakirə olunmur”.

Millət vəkili sonda onu da əlavə etdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin hərbi sahədə apardığı islahatlar özünün müsbət effektini verir: “İslahatların davamlı olması bu sahəyə dövlətin güclü diqqət və qayğısından xəbər verir. Peşəkar ordu sisteminə keçid istiqamətində davamlı addımlar atılır. Bütün bunların nəticəsidir ki, Azərbaycan Ordusu qarşısına qoyulan bütün tapşırıqları yüksək səviyyədə həyata keçirmək əzmindədir. Biz bunu 44 günlük Vətən Müharibəsi və ondan sonrakı əməliyyatlarda da gördük. Müasir hərb elmi sübut edir ki, orduda kütləviliyə deyil, peşəkarlığa can atan ölkələrin qoşunları qarşılarına qoyulan hədəflərə, məqsədlərə daha tez çatırlar, az itki ilə böyük nailiyyətlər əldə edirlər”.