Hərbi xidmətdən “neqodnı” adı ilə yayınanlara bəd xəbərbackend

Hərbi xidmətdən “neqodnı” adı ilə yayınanlara bəd xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi ötən il “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər təsdiqlənib. Nəticədə hərbi xidmətə çağırışla bağlı yaş həddi 35-dən 30-a endirilib. Həmçinin Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif olunan dəyişikliklər üzrə müzakirələr də olundu. Ümumiyyətlə yeni qaydalara görə vaxtilə hərbi komissarlıqda “xidmətə yararsız” adı ilə hərbi bilet alan şəxslərin sağlamlığı yenidən yoxlanılacaqmı? Yoxlama nəticəsində şəxsin hərbi xidmətə yararsız olmadığı aşkarlana bilərmi və belə olan halda həmin şəxs məcburi şəkildə hərbi xidmətə cəlb edilə bilərmi?  

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı hərbi ekspert, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nın sədri Emin Həsənli Referans.az -a açıqlamasında deyib ki, silahlı qüvvələr sahəsində ölkəmizdə islahatlar davam edir. Bu islahatlar hərbi xidmətə çağırış sahəsində də davam etməkdədir. Bu istiqamətdə qanunvericilikdə dəyişikliklər başlayıb.   Əsasən də 2020- ci ildəki Zəfərdən sonra hər kəs bu sahədə dəyişikliyi gözləyirdi. Qarşıdakı zamanlarda bu sahədə hüquqi islahatlar da davam edəcəkdir.

Emin Həsənli həmçinin orduya yararsız olan şəxslər barədə də danışıb. O bildirib ki, bu kateqoriyadan olan şəxslərə sağlamlığından asılı olaraq müxtəlif vaxtlarda möhlət hüququ verilir. Bu müddət isə 6 aylıq, 1 illik və 3 illik olur. Bu müddət də tamam olduqdan sonra isə o şəxslər təkrar həkim komissiyasından keçirilirlər.  Son qərarı isə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi Ekspertiza mərkəzi tərəfindən verilir. Həm də əlilliyin təyin olunması istiqamətində də bu mərkəzin təcrübəsi kifayət qədərdir.

30 yaşı tamam olmayan hərbi çağırışçıların hər biri qanunvericiliyə uyğun olaraq həmin müddət tamam olduqda isə təkrar tibbi komissiyanın yoxlanışından keçirilməlidirlər.  Bu sahədə son dövrlərdə ölkəmizdə bir çox işlər görülüb. Və nəticədə də xeyli sayda hərbi çağırışçılar orduda xidmətə cəlb olunublar.

Emin Həsənli onu da vurğulayıb ki, bütün bu proseslər qanun çərçivəsində müasir qaydalara uyğun və tam şəffaf şəkildə həyata keçirilir.  Həmçinin burada vətəndaş məmnuniyyətini təmin etmək, ədaləti qorumaq paralel olaraq da dövlətin milli maraqlarını qorumaqla gerçəkləşdirilir.

“Azərbaycan dövləti bu sahəyə hazırda xüsusi qayğı göstərir. Bu gün ölkəmizdə silahlı qüvvələrimizin həm hərbi büdcəsi artırılır həm də yeni islahatlar davam edir. Bu islahatlar gələcəkdə də davam edəcəkdir”, – deyə hərbi ekspert qeyd edib.