KoronaVirus İnformasiya Portalı
Hərbiyə çağırılan vətəndaşların əməkhaqqı necə ödəniləcək?backend

Hərbiyə çağırılan vətəndaşların əməkhaqqı necə ödəniləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ölkədə qismən səfərbərlik elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam qüvvəyə mindiyi gündən artıq ölkə vətəndaşları səfərbərliyə cəlb olunub.

Maraqlıdır, hərbi səfərbərliyə cəlb olunmuş vətəndaşların – müəssisə əməkdaşlarının, eləcə də fiziki şəxslərin əmək haqları necə tənzimlənəcək?

NOCOMMENT xəbər verir ki, qafqazinfo-ya bu barədə danışan İnsan Hüquqları üzrə Birgə Qrupun katibi Sahib Məmmədov bildirib ki, səfərbərliyə cəlb olunan hər bir kəsin əmək haqqı mütləq ödənilməlidir: “Hərbi toplantı olduğu müddətdə müəssisənin ləğv olunması istisna olmaqla digər hallarda onların əmək müqaviləsinə xitam vermək qadağandır. Müəssisə ləğv olunarsa, 2 aylıq çağırış müddəti uzanarsa (adətən 2-3 ay nəzərdə tutulur), həmin müəssisənin varisi o şəxsin üç ay üçün əmək haqqını ödəməlidir”.

Hüquq müdafiəçisi qeyd edib ki, hərbi toplantıya gedən şəxs xəstələnərsə, döyüşdə yaralanarsa, təyin olunmuş müddətdən daha çox qalarsa, bu halda da onun əmək haqqı ödənilməlidir: “​Bu, dövlət və ya özəl formadan asılı olmayaraq, hamı üçün keçərlidir”.

Sahib Məmmədov əlavə edib ki, bəzən bu kimi məsələlərdə problem yaranır: “Qeyri Hökumət Təşkilatlarının layihə çərçivəsində hər hansı bir əməkdaşı səfərbərliyə cəlb olunursa, o halda QHT-nin ona əmək haqqı ödəmə imkanı yoxdur. Çünki QHT-nin, qeyri-kommersiya təşkilatının əmək haqqı fondu formalaşmayıb. O, layihə çərçivəsində bir və ya müəyyən müddət üçün əmək haqqı ödəyə bilər”.

S.Məmmədov, həmçinin hərbi səfərbərliyə cəlb olunan fiziki şəxslərin əmək haqqı məsələsinin tənzimlənməsinə də aydınlıq gətirib: “Fiziki şəxslər mağaza, aptek açıb və bir neçə işçi çalışdırır. Bu yerlərdə çalışan əməkdaş səfərbərliyə cəlb olunduqda, mağaza sahibinin imkanı olmayacaq ona maaş ödəsi. Bu kimi nüanslar var. Yaxşı olardı, qanunvericilikdə nəzərdə tutulsun ki, belə hallarda müəssisənin, fiziki şəxsin ödəniş qabiliyyəti olmadığı təqdirdə icra hakimiyyəti məsələyə baxsın. Burada bir boşluq var. Qalan məsələlər qanunvericiliklə tənzimlənir”.

Millət vəkili Vüqar Bayramovun fikrincə, dövlət və özəl qurumlarda əmək haqqı müqaviləsi ilə çalışan və orduya könüllü qoşulan vətəndaşlarımıza, onların ailələrinə maaşların ödənilməsində problem olmayacaq: “Bununla yanaşı, qeyd edim ki, çoxlu sayda həmyerlilərimiz var ki, onlar ya günəmuzd və ya rəsmi əmək müqaviləsi olmadan çalışırdılar. Onlar könüllü şəkildə orduya yazılır və ərazi bütövlüyünün qorunmasında iştirak edirlər. Həmin vətəndaşlarımızın ailələrinin sosial təminatının qorunmasında iştirakımız və onlara hamımızın dəstək olmağımız çox da vacibdir.

Bu baxımdan, təklif edirəm ki, könüllü və qismən səfərbərlik ilə torpaqlarımızın işğaldan azad olunması üçün orduya qoşulan vətəndaşlarımızın siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılaraq müvafiq dəstəkləyici tədbirlər daha da genişləndirilsin. Günəmuzd işləyən və ya işləməyən vətəndaşlarımızın ailələrinə maliyyə dəstəyi ilə bağlı tədbirlərin də instensivləşdirilməsinə ehtiyac var”.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov isə bildirib ki, Əmək Məcəlləsinə əsasən işçi hərbi mükəlləfiyyətlə bağlı vəzifələrini yerinə yetirməsi üçün hərbi toplanışa cəlb edilib ordu sıralarında iştirak etdikdə iş yeri və əmək haqqı saxlanılır: “Orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində işçinin qazandığı əmək haqqından hesablanır. Hərbi xidmət haqqında qanuna əsasən toplanışa çağrılmış hərbi vəzifəlilər çağrış üzrə vəzifələrini yerinə yetirdikləri bütün dövrdə daimi iş yerində maaşı saxlanılmaqla iş yerləri qorunur. Göstərilən şəxslərin əmək müqaviləsinə şəxsin iş yerinə qayıdana qədər xitam verilə bilməz. Əmək münasibətlərinin tənizmlənməsi ilə bağlı işə götürən müvafiq əmr vermə səlahiyyətinə malikdir”.