Həyat yoldaşının və 320 manat pensiya alan anamızın kartı bloklanıb – Əziz Orucovun qardaşıbackend

Həyat yoldaşının və 320 manat pensiya alan anamızın kartı bloklanıb – Əziz Orucovun qardaşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Barəsində həbs qətimkan tədbiri seçilmiş “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun ailə üzvlərinə məxsus bank hesablarının bloklandığı bildirilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalistin qardaşı Anar Orucov məlumat verib.

“Əziz Orucovun həyat yoldaşı Lamiyə Çerpanovanın bank kartı bloklanıb. Bu azmış kimi, anamızın pensiya kartı da bloklanıb ki, aylıq 320 manat pensiyasını ala bilməsin. Bu körpə Azərbaycan balaları ac qalsın”, – A. Orucov bildirib.

Qeyd edək ki, noyabrın 27-də “Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun evində axtarış aparılıb və daha sonra o saxlanılıb. Vəkili Bəhruz Bayramov bildirib ki, ona qarşı Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi başlanıb. Bir gün sonra – noyabrın 28-də isə Səbail Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Dekabrın 19-da isə Əziz Orucova, daha bir ittihamın verildiyi məlum olub. Belə ki, ona qarşı həmdə Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, daha əvvəl saxlanılan və barələrində həbs qətimkan tədbiri seçilmiş  jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və ictimai fəal Məhəmməd Kekalova da Cinayət Məcəlləsinin eyni maddəsi ilə ittiham irəli sürülüb.

Həmçinin KİV-də məhkəmənin Əziz Orucovun rəhbəri olduğu “Kanal 13” internet televiziyasının ölkədə yayımını məhdudlaşdırmaqla bağlı qərar qəbul etməsi barədə məlumat yayılıb.