Heydər Əliyev Xankəndidə onu salamlayan plakatı sökdürdü: Biz Azərbaycandayıq!backend

Heydər Əliyev Xankəndidə onu salamlayan plakatı sökdürdü: Biz Azərbaycandayıq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ulu Öndərin əsl vətənpərvərlik, güclü dövlətçilik və böyük ədalət irsi barədə polkovnik Hüseyn İsgəndərovun xatirələri

Bu gün xatirələrini bölüşdüyümüz insan hələ sovet dövründə Heydər Əliyevin uzaqgörənliklə milliləşdirdiyi respublikanın idarəetmə sisteminə, konkret olaraq, xüsusi xidmət orqanlarına gətirdiyi milli kadrlardan olub. Eyni zamanda Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə onu müşayiət edən DTK-nın xüsusi əməliyyat qrupunun üzvü olmuş, sonralar isə Azərbaycan təhlükəsizlik orqanlarında müxtəlif məsul vəzifələrdə çalışmış və o illərdə respublika rəhbərini fərqli situasiyalarda müşahidə etmək, ondan bilavasitə öyrənmək imkanına sahib olmuşdur.

DTK-da işlədiyi uzun illər ərzində daim prinsipiallığı, ədaləti və mərhəməti ilə fərqlənən, heç kimdən köməyini əsirgəməyən bu insan Qarabağ hadisələri başlayarkən, mərkəzin ədalətsiz və ermənipərəst siyasətinə qarşı etirazlara dəstək verdiyinə görə, Moskvadan göndərilən komissiya tərəfindən “millətçi hərəkata liberal yanaşma” ittihamı ilə təqiblərə məruz qalıb…

…Azərbaycan xüsusi xidmət orqanlarının veteranı, mərhum polkovnik Hüseyn İsgəndərovla müxtəlif dövrlərdə danışmaq, onun Heydər Əliyev haqqında xatirələrini dinləmək imkanı olsa da, bunları Hüseyn müəllimin sağlığında müfəssəl müsahibə şəklinə salmaq nəsib olmadı. Amma o söhbətlərdən bir çox qeydlər qalırdı.
Heydər Əliyevin portretinin unikal cizgilərini əks etdirən bu xatirələr itməməli, tarix yaddaşımızda öz yerini tapmalıdır…

Heydər Əliyevin dövləti milliləşdirmə fəaliyyəti müstəqillikdən çox-çox əvvəl başlamışdı

Hüseyn müəllim xatırlayırdı ki, o dövrün şərtlərinə görə, onun DTK orqanlarında işə qəbul olması mümkün deyildi. Düzdür, o, Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Neft və Sənaye Universiteti) fərqlənmə ilə bitirdikdən sonra, neft-qaz sənayesində çalışan perspektivli mühəndis hesab edilirdi. Lakin ötən əsrin 60-cı illərinin sonlarına qədər dövlət təhlükəsizliyi orqanlarında işləyən azərbaycanlıların sayı çox az idi. Seçilən kadrlar isə ailə kökləri daxil olmaqla orqanlar tərəfindən çox ciddi şəkildə yoxlanılırdı. Hüseyn müəllimin ailəsinin isə nəinki sovet nomenklaturası ilə əlaqəsi olmayıb, əksinə, 1930-cu illərdə “milli burjuaziya” təmsilçisi kimi repressiyalara məruz qalmış, hətta bir müddət səsvermə hüququndan məhrum edilmişdir.

Ancaq 1964-cü ildə Heydər Əliyevin DTX rəhbərliyinə gəlişindən sonra, tədricən bu sistemdə milliləşmə cəhdləri baş verib. Təbii ki, gənc mühəndis olan Hüseyn İsgəndərov bunu bilə bilməzdi. Bu səbəbdən də o, DTK-ya işə qəbul olunacaq namizəd kimi seçilməsi, ardınca bir çox yoxlamadan uğurla keçməsini, nəhayət, işə qəbul olunmasına həmin vaxt izah tapa bilmirdi. Bütün bu sualların cavabını o, yalnız 1969-cu ildə DTK-nın Minskdə yerləşən ali məktəbinə göndərilməzdən öncə respublika DTK-nın sədri general Heydər Əliyev tərəfindən qəbul ediləndə tapır.

Mərhum polkovnik deyirdi ki, həmin vaxt ixtisaslaşmış təhsilə ezam edilən hər bir əməkdaşla DTK sədri ayrı-ayrılıqda görüşüb söhbət edirdi. General Əliyevlə ilk görüş və qısa söhbət Hüseyn İsgəndərovda dərin iz buraxır. O xatırlayırdı ki, Heydər Əliyev ünsiyyətdə olduğu hər kəsdə sankı uzun müddətdir onu tanıdığı təəssüratı yaradır, onunla söhbət insanların qəlbini isindirir, səmimi ünsiyyətə sövq edirdi.

Qısa tanışlıqdan sonra Heydər Əliyev Minskə oxumağa göndərilən gənc kadra tövsiyələrini verir. Ozamankı nomenklatura funksionerlərinin əksəriyyətindən fərqli olaraq, DTK sədri bayağı rəsmi şüarlarla danışmır, daha konkret və vacib mövzulardan söz açır, ona Minskdə təhsil alarkən millətini təmsil edəcəyini unutmamağı tapşırır: “O hər bir azərbaycanlıdan nümunəvi davranış tələb edirdi. Deyirdi ki, respublika xüsusi xidmət orqanlarında milli kadrlara etibar artdığı üçün hər bir müdavimin davranışı bütövlükdə milli kadrlar haqqında rəy formalaşdıracaq”.
Məhz bu görüş gənc müdavimdə respublika təhlükəsizlik orqanı rəhbərliyinə “milli adamın” gəldiyi əminliyini yaradaraq, onun özünün də bu sistemə qəbulunun təsadüf olmadığı qənaətini doğurur. Digər tərəfdən, Heydər Əliyevin tövsiyələri onda xüsusi məsuliyyət hissi yaradır. Bu məsuliyyəti hiss edən Hüseyn İsgəndərov Minsk Ali Məktəbini, ilk dəfə rus dilində təhsil almasına baxmayaraq, bütün fənlər, ən əsası da xüsusi ixtisas fənləri üzrə əla qiymətlərlə bitirir.

İlin üçdəbirini rayonlarda səfərdə olan Birinci katib

Hüseyn İsgəndərov ixtisaslaşmış təhsili bitirib Azərbaycana qayıdanda respublikaya artıq Heydər Əliyev rəhbərlik edirdi. “İlk görüşümüzdən az sonra Heydər Əliyevin Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin olunması xəbəri bir çox milli kadrlar kimi, Minskə yeni göndərilmiş azərbaycanlı müdavimləri, o cümlədən məni də çox sevindirdi. Çünki onun istedadına və bacarığına, ən əsası millətin adamı olmasına inanırdıq”, – deyə Hüseyn müəllim xatirələrində qeyd edirdi.

Yeni Birinci katib kabinetdə az oturur, respublikanın sənaye, tikinti və xüsusilə də, kənd təsərrüfatı obyektlərində aparılan genişmiqyaslı işlərlə şəxsən tanış olur, bununla əlaqədar demək olar ki, hər ay bölgələrə səfər edirdi. Respublika rəhbərinin iş rejimini nəzərə alaraq onu DTK əməkdaşları tərəfindən müşayiət edəcək xüsusi əməliyyat qrupuna ehtiyac yaranmışdı. Bu qrup həm Ulu Öndərin mühafizəsini təşkil etməli, regionlarda əməliyyat vəziyyətini tam dəqiqliklə öyrənərək Birinci katibin dəqiq tələblərinə uyğun obyektiv məruzələr hazırlayıb təqdim etməli idi. Üzvlərini Heydər Əliyevin şəxsən təsdiq etdiyi bu qrupa Hüseyn İsgəndərov da daxil edilir.

Hüseyn müəllim deyirdi ki, bu qrupda fəaliyyəti dövründə o, Azərbaycanın əksər rayonlarını qarış-qarış gəzmişdi. “Bəzi gərgin illərdə Heydər Əliyevlə ilin demək olar ki, üçdəbirini ölkənin müxtəlif şəhər və rayonlarında səfərlərdə olurduq”.

Hər bir səfər həm də həmin bölgəni araşdırmaq demək idi: “Heydər Əliyevin tapşırığı ilə getdiyimiz hər rayondakı vəziyyət haqqında hesabatlar hazırlanırdı. Çünki Birinci katib rayonlarda ona təqdim olunan “quru” statistik məlumatlara qane olmurdu. Onu insanların real qayğıları, düşündükləri, rayonlarda hökm sürən ab-hava maraqlandırırdı. Hər bir problemlə, o cümlədən vətəndaşların şikayətləri ilə maraqlanır və problemlərin yerində həlli ilə bağlı konkret tapşırıqlar verirdi. Bu səfərlər zamanı hərbi sistemdən çıxmış respublika rəhbəri olmasına rəğmən, onun istər sənaye, istər tikinti, istərsə də kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı bilikləri bizi heyrətə gətirirdi”.

Heydər Əliyev Qarabağa xüsusi həssaslıq göstərirdi

Ulu Öndərin milli məsələlərdəki uzaqgörənliyi və həssaslığı onu yaxından izləmək imkanı olan əməliyyat qrupu əməkdaşlarının xüsusi ilə diqqətini çəkirdi.
Qeydlərdə Hüseyn müəllimin bununla bağlı tarixi bir fakt haqqında xatirəsi belə əks olunub: “1973-cü ildə Heydər Əliyev Dağlıq Qarabağ Muxtar Vilayətinin 50 illiyi münasibətilə yubiley tədbirlərində iştirak etmək üçün Xankəndiyə (ozamankı Stepanakertə) dəvət olunur. Şəhərin girişində vurulan  böyük plakata “Dağlıq Qarabağ Muxtar Vilayətinə xoş gəlmisiniz, yoldaş Heydər Əliyev” yazısı qeyd olunmuşdu. Heydər Əliyev bu plakatın yanında avtomobilini saxlatdı və vilayət partiya komitəsinin birinci katibi Boris Kevorkovu yanına çağırtdırıb ona plakatı sökdürməyi tapşırdı. Orda hamının yanında bildirdi ki, biz Azərbaycandayıq, başqa bir respublikada deyilik, bu cür yazılar olmamalıdır. O zaman çoxları bu hərəkətin mənasını başa düşməsə də, Heydər Əliyevin uzaqgörən addımının səbəbi çox sonralar bilindi”.

Cəzalandırmaq deyil, tərbiyələndirmək lazımdır

Heydər Əliyev respublikanın idarəetməsində DTK-nın imkanlarından geniş istifadə etsə də, bu qurumun roluna sovet praktikasından fərqli yanaşma nümayiş etdirir, DTK-nı bir cəza maşını kimi görmürdü. Komitə rəhbərliyinə cinayətin profilaktikasına üstünlük verməyi tövsiyə edirdi.

Hüseyn müəllim xatirələrində bu yanaşmanın bariz nümunəsi sayılacaq bir hadisəni xüsusi qeyd etmişdi: “1980-ci illərdə Bakının Nərimanov rayonu DTK şöbəsinin rəisi vəzifəsində çalışırdım. Bir gün həmin rayonda o dövrün standartlarına görə böyük “ÇP” baş verdi – mərkəzi prospektlərin birində asılan Brejnevin böyük portret-plakatında onun ulduzları kəsilib götürülmüşdü. Hadisə barədə xəbər ildırım sürəti ilə yayıldı. Azərbaycan DTK-nın rus əsilli sədri Vitali Krasilnikov hadisəni siyasi-ideoloji təxribat kimi göstərməyin tərəfdarı idi. Moskvaya bu cür hesabat verməklə, işin araşdırılmasını DTK-nın uğurlu əməliyyatı kimi təqdim etməyə çalışırdı. Şübhəsiz ki, məsələ böyüyəcəyi təqdirdə hadisəni törətmiş şəxsi ağır cəza gözləyirdi”.

Krasilnikov rayon şöbəsinin rəisi Hüseyn İsgəndərova öz kabinetində tapşırıq verdikdən sonra elə onun yanında hökumət telefonu ilə Heydər Əliyevə hadisə barədə məruzə edir. Lakin Birinci katib DTK sədrinin bu məruzəsi ilə kifayətlənmir, bilavasitə rayon rəisi ilə danışaraq ona hadisəni araşdırıb dəqiq səbəblərini öyrənməyi tapşırır. Hüseyn müəllim deyirdi ki, “söhbət zamanı hiss etdim ki, Krasilnikovdan fərqli olaraq Heydər Əliyev hadisənin böyüdülüb ona siyasi don geyindirməyin tərəfdarı deyil”.

Hadisə tez bir zamanda araşdırılır və onu törədən şəxs tapılır. Məlum olur ki, hadisəni Nərimanov rayonunda yerləşən zavodlardan birində işləyən fəhlə törədib. Evdə ailəsi ilə münaqişəsi olub, o da hirslənib maaşının azlığının günahkarı kimi “qisasını” sovet liderinin plakatından almaq istəyib. Ulu Öndərin yanaşmasını rəhbər tutan Nərimanov rayon DTK şöbəsinin rəisi, məsələni olduğu şəkildə, məişət zəminində baş vermiş hadisə kimi məruzə edir. Nəticədə zavallı fəhlə ilə profilaktik söhbət aparıldıqdan sonra o, sərbəst buraxılır.

Milli-mənəvi dəyərlərin böyük hamısı

Sovet dövründə qəbul edilmiş qaydaya əsasən, ölkə xaricinə səfər edən hər bir heyətin tərkibində mütləq təhlükəsizlik orqanı əməkdaşı olmalıydı. Bu qaydaya əsasən, 1970-ci illərdə Hüseyn müəllim də respublikanı təmsil edən mədəniyyət və idman heyətləri ilə birlikdə xarici səfərlərdə iştirak etmişdir. Bunlardan biri də Azərbaycan futbolçuları ilə birgə İraqa səfər olmuşdur. Yarışlarla yanaşı, səfər çərçivəsində qonaq heyət üçün İraqın bir neçə tarixi məkanına ekskursiyalar təşkil edilir. Amma burada azərbaycanlı heyətin proqramda olmayan istəyi meydana çıxır – sovet dövrünün ateizm təbliğatı və sərt qadağalarına baxmayaraq, komandanın əksər üzvləri Kərbəla şəhərinə getməyi, İmam Hüseynin (ə) məqbərəsini ziyarət etməyi çox arzulayırdılar.

Hüseyn İsgəndərov heyətin bu arzusunu SSRİ-nin Bağdaddakı səfirliyinin müşaviri, gənclik illərindən tanıdığı həmyerlimiz Elman Araslıya çatdırır. O isə öz növbəsində cavab verir ki, əvvəlcədən təsdiq edilmiş səfər proqramını yalnız DTK-nın Bağdaddakı sovet səfirliyindəki rezidenti dəyişə bilər. Bağdadda sovet kəşfiyyatının nümayəndəsi ilə görüşən Hüseyn İsgəndərov əlbəttə, ona Kərbəlaya səfərin əsl məqsədini deyə bilməzdi. Hüseyn müəllim rezidentə həmin dövrdə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının dühası Məhəmməd Füzulinin beynəlxalq müstəvidə tanıdılması ilə əlaqədar geniş tədbirlər həyata keçirildiyini bildirir.

Bildiyimiz kimi, Məhəmməd Füzulinin məzarı da Kərbəlada, İmam Hüseyn məqbərəsinin yaxınlığında yerləşir. Məhz Azərbaycandan gələn idman heyətinin də “böyük həmyerlimizi ziyarət etmək arzusunu” əsas gətirən və bunu Heydər Əliyevin “Sovet Azərbaycanı ilə Şərq ölkələri arasında mədəni əlaqələrin genişlənməsi siyasətinə cavab verəcəyini” deyən və Ulu Öndərin SSRİ miqyasındakı siyasi nüfuzuna istinad edən Hüseyn müəllim DTK rezidentinin proqramı dəyişməsinə nail olur.

“Öncə xalqın taleyini düşünürdü”

1980-ci illərin ikinci yarısında, yenidənqurma dövründə, xüsusilə də Heydər Əliyev siyasi intriqalarla SSRİ rəhbərliyindən kənarlaşdırıldıqdan sonra Azərbaycanda onun kadrlarına qarşı təqiblərə start verildi. Əslində isə Ulu Öndərə “yaxın kadrlar” adı altında milli təəssübkeşliyi olanlar müxtəlif bəhanələrlə respublikanın idarəetməsindən uzaqlaşdırılırdı. Bu prosesdə cəzalandırılanlardan biri də Hüseyn İsgəndərov olur.

Azərbaycanda yoxlama aparmaq üçün 1988-ci ildə ittifaq mərkəzindən göndərilmiş komissiya Hüseyn İsgəndərov  haqqında Azərbaycan KP Mərkəzi Komitəsinə yazılan arayışda onu “millətçi hərəkata çəhrayı eynəklə baxmaqda” ittiham edir və az sonra, o, vəzifəsi aşağı salınaraq paytaxtdan əyalətə, DTK-nın Şamaxı şöbəsinə göndərilir.

Bakıdan davam edən təzyiqlərə baxmayaraq, Hüseyn müəllim qısa müddətdə Şamaxı şöbəsinin xidməti məsuliyyət dairəsində olan rayonlarda hörmət qazanır, 1990-cı il 20 Yanvar qırğınından sonra isə məhz onun səyi nəticəsində kurasiyasında olan Ağsu rayonundan bir nəfər belə olsun repressiyalara məruz qalmır. Bunu yüksək qiymətləndirən rayon əhalisinin göstərdiyi etimadla o, 1990-cı ildə Ali Sovetə keçirilən seçkilərdə Ağsu rayonunun deputatı seçilir.

Beləliklə, uzun fasilədən sonra o, 1991-ci ildə parlamentdə Ali Sovetə Naxçıvandan seçilmiş Heydər Əliyevlə görüşür. Respublikada süni şəkildə yaradılmış ab-hava, eləcə də Ulu Öndərə qarşı açıq sezilən qısqanclıq səbəbindən həmin vaxt hətta keçmişdə irəli çəkdiyi insanlar ona yaxınlaşmaqdan belə qorxurdular.

Ali Sovetin iclasında isə əvvəlcədən hazırlanmış ssenari əsasında ona qarşı hücumlar təşkil edilirdi. Hətta MK-dən parlament rəhbərliyinə mümkün barışdırıcı çıxışların önünü almaq üçün Heydər Əliyevə simpatiyada şübhəli bilinən deputatların siyahısı tələb edilmiş və onlara söz verməmək tapşırılmışdı.

Bu şəraitdə parlamentin foyesində cəmisi 3 nəfər – Zeynəb Xanlarova, Nadir Quliyev və Hüseyn İsgəndərov Ulu Öndərlə görüşüb, hal-əhval tuturlar. “Bu, bizim Heydər Əliyevə hörmətimizlə yanaşı, həm də ona qarşı baş verən ədalətsizliyə etirazımızın təzahürü idi”, – deyən Hüseyn müəllim xatırlayırdı ki, “Heydər Əliyev üçün Ali Sovetdə ona qarşı hökm sürən ab-hava ağır olsa da, onu əsas narahat edən respublikanın ağır durumu, günü-gündən tüğyan edən erməni təcavüzünün nəticələri idi”.

Parlament foyesində baş vermiş ayaqüstü söhbət zamanı da o məhz bu məqamı qeyd edib və yeganə amalının unikal təcrübəsindən respublikanın düşdüyü ağır vəziyyətdən çıxarılması üçün istifadə edilməsi olduğunu bildirib. Hüseyn müəllim xatırlayırdı ki, onu bu söhbət zamanı ən çox təsirləndirən də, bu qədər ədalətsizliyə məruz qalmış bir insanın ilk növbədə özünü deyil, millətin taleyi narahat etməsi olub: “O gün bir daha əmin oldum ki, xalqı dərinləşən böhrandan yalnız Heydər Əliyev fədakarlığı və əzmi çıxara bilər”.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov da qeyd edir ki, atası Hüseyn müəllim üçün Heydər Əliyev yalnız millətin və dövlətin xilaskarı deyildi, həm də əsl müəllim, həmçinin ədalət, qətiyyət, cəsarət simvolu, böyük vətənpərlik örnəyi idi.

…Və bu yol, bu irs indi Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir, Zəfərlə taclandırılır, tarixin ən qüdrətli Azərbaycanı gerçəkliyi ilə tarixi hədəflərinə çatır…

Demokrat.az