Həyət evləri niyə bahalaşdı? – Səbəblərbackend

Həyət evləri niyə bahalaşdı? – Səbəblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda evlərin alqı-satqısı ilə məşğul olan maklerlər həyət evlərinin qiymətinin kəskin qalxdığını iddia edirlər. Onların sözlərinə görə, Türkiyədəki zəlzələdən sonra fərdi evlərə tələbat artıb.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə isə  deyib ki, Türkiyədəki zəlzələ fonunda Azərbaycanda mənzil qiymətlərinin artıb-azalmasını demək doğru deyil. O, həyət evlərindəki qiymət artımının mövsümlə əlaqəli olduğunu deyib:

“Həyət  evlərinin qiyməti xeyli qalxıb deməzdim. Qiymətlər xeyli qalxmayıb, bu, ajiotajdır və maklerlər həyət evlərini satmağa çalışırlar. Bu artım isə zəlzələ ilə bağlı deyil. 

Ənənəvi olaraq, mövsümlə əlaqəli həmişə mart ayından başlayaraq qiymətlərdə artım müşahidə olunur. İnsanlar yay gəlişi yayı harada keçirəcəkləri barədə düşünürlər və bağ evlərinə, xüsusən həyət evlərinə maraq artır. İnsanlar bu aylarda istirahət barədə düşünürlər, təbiətlə təmasda olmağa üstünlük  verirlər. Buna görə də həyət evlərinin və bağ evlərinin qiymətlərində artım olur. Alqı-satqı yaz-yay aylarında həmişə daha çox olur, nəinki qış aylarında.

Bu baxımdan demək olar ki, qiymətlərdə artım var, amma bunun sırf Türkiyədəki zəlzələ ilə bağlı olması fikri yanlışdır. Son vaxtlar deyirlər ki, həyət evlərinə tələbat kəskin artıb, xeyr, tələbat kəskin şəkildə artmayıb. Sadəcə hər il olduğu kimi yay qabağı maraq bir az daha artıb”.

Ekspert qeyd edib ki, bu gün bina evlərində qiymətlər baha olsa da, vətəndaşlar infrastruktura daha yaxın ərazilərdə, komfortlu yaşamaq üçün mənzillərə daha çox üstünlük verirlər:

“Bina evlərində isə yay aylarında da qiymətlər qalxmır, stabil qalır. Payızdan başlayaraq isə bina evlərinin qiymətlərində artımı müşahidə edirik. Ötən ilin avqust ayının sonlarından da bu artımı müşahidə etdik. 

Düzdür, bəlkə də zəlzələ ilə bağlı kimsə həyət evi almağı fikirləşə bilər, amma buna kəskin maraq artması demək doğru deyil, çünki kütləvi deyil. Zəlzələ amili yeni tikililərdə olan çoxmənzilli evlərin alışını nisbətən stabilləşdirdi.

Onsuz da bizdə bina evlərinə tələbat həddindən artıq yüksəkdir. Sadəcə qiymətlər elə səviyyədədir ki, insanların buna əlçatımlılığı yoxdur. Əli çatan alır, amma çatmayanlar ala bilmir. Bu gün 100 minlik ev likvid olaraq 80 minə satışa çıxarılan kimi dərhal alınır. Bu gün artıq 2 otaqlı bina evləri 100 min manatadır. İnsanlar isə fikirləşirlər ki, 100 minə 2 otaqlı “Xruşşovka” almaqdansa, bir qədər kənarda torpaq alıb daha geniş ev tikdirə bilərəm. Adətən həyət evləri paytaxtın kənar hissələrində olur, orada infrastruktur bir qədər zəif olur. Bina evləri isə daha çox metro kənarlarında olur, bu baxımdan, vətəndaşlar komfortlu yaşam üçün binalara üstünlük verirlər.

Həyət evlərinin də özünə görə problemləri olur. Məsələn qurunt suları, yaxud kanalizasiya problemi bura daxildir. Bu gün həyət evlərinin 50-60 faizdən çoxunda kanalizasiya yoxdur, amma bina evlərində bu problem olmur. Bu da insanları həyət evlərindən çəkindirən amildir”.