Son illər ölkəmizdə ev heyvanı saxlayan insanların sayı artmaqdadır. Bu isə öz növbəsində heyvanların qeydiyyatı, peyvəndlənməsi və sahiblik məsuliyyəti kimi məsələləri gündəmə gətirir. Bəziləri ev heyvanları üçün şəxsiyyət vəsiqəsinin olub-olmaması ilə maraqlanır.
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən heyvanlar üzrə mütəxəssis Samir Məmmədov bildirib ki, əslində bu sistem Azərbaycanda artıq mövcuddur.
“İnsanlar heyvanlarını klinikaya gətirirlər, onlara pasport verilir. Bu sənəd xüsusilə ölkə dəyişərkən və uçuş zamanı tələb olunur. Pasport heyvanın kimə məxsus olduğunu təsdiqləyir. İt və ya pişik olmasının fərqinə varmadan bu sənəddə peyvəndlənmə və müayinələr barədə məlumat həkimin möhürü ilə qeyd olunur.”
Samir Məmmədov bildirib ki, heyvan pasportu həm sağlamlıq, həm də təhlükəsizlik baxımından vacib sənəddir:
“Təəssüf ki, bir çox insanlar bu sənədi almağa əhəmiyyət vermirlər. Amma əslində bu, həm heyvanın sağlamlığına nəzarət, həm də sahibinin məsuliyyətinin təsdiqi baxımından mühüm məsələdir.”
Mütəxəssis əlavə edib ki, ev heyvanları üçün şəxsiyyət vəsiqəsi bütün lisenziyalı baytarlıq klinikalarında əldə edilə bilər.