Hikmət Hacıyev: İnsanların ah-naləsi yerdə qalmayacaq – VİDEObackend

Hikmət Hacıyev: İnsanların ah-naləsi yerdə qalmayacaq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycandakı diplomatik korpusun rəhbərləri və hərbi attaşelər oktyabrın 17-də Gəncəyə gəliblər.

Diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Baş prokuror Kamran Əliyev və başqaları müşayiət edirlər.

Səfərin məqsədi diplomatları və hərbi attaşeləri oktyabrın 17-də gecə saat 1 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etməkdir. Xatırladaq ki, xarici diplomatlar oktyabrın 12-də də Gəncədə olmuş, erməni faşizmi nəticəsində oktyabrın 11-də həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış yaşayış binasının ətrafına gül dəstələri düzmüşdülər.

Ermənistanın hərbi cinayətləri ilə tanış olan xarici diplomatlara və attaşelərə məlumat verilib ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Belə müharibə cinayətlərindən sonuncusu oktyabrın 17-də törədilib. Gəncənin mərkəzi hissəsinin raket atəşinə tutulması nəticəsində ilkin məlumata görə, 14 nəfər həlak olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Həlak olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var. İki uşaq itkin düşüb, axtarış-xilasetmə əməliyyatları davam edir.

Ermənistan ordusunun oktyabrın 11-də törətdiyi müharibə cinayətinin izlərini görmək məqsədilə bu günlərdə diplomatların iştirakı ilə Gəncəyə edilən səfər xatırladılaraq bir daha bildirilib ki, həmin faciə zamanı isə Gəncədə 5-i qadın olmaqla, 10 nəfər həlak olmuşdu. Həmçinin 16-sı qadın, 6-sı azyaşlı olmaqla, 35 nəfər yaralanmışdı.

Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyır. Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması isə insanlığa qarşı cinayətdir. Ermənistan beynəlxalq hüquqa məhəl qoymur, müharibə cinayətlərini davam etdirir, atəşkəs çağırışı edənlər, dünya dövlətləri isə bunu uzaqdan seyr etməklə kifayətlənir. Bu cinayətə laqeyd qalmaq onun iştirakçısına çevrilmək deməkdir.

Vurğulanıb ki, təmas xəttindən uzaqda yerləşən Gəncə Ermənistan ərazisindən atəşə tutulur. Gəncə ilə yanaşı, Azərbaycanın sənaye şəhəri Mingəçevir şəhəri, o cümlədən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyası, həmçinin “Mingəçevir” Su Elektrik Stansiyası da Ermənistan tərəfindən raket atəşinə məruz qalır.

Oktyabrın 17-nə olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində, ümumilikdə, mülki şəxslərdən 60 nəfər həlak olub, 270 nəfər isə xəsarət alıb. Həmçinin 1704 ev, 90 çoxmənzilli yaşayış binası və 327 mülki obyekt yararsız vəziyyətə düşüb.

Diqqətə çatdırılıb ki, Ermənistanın bu əməlləri Moskvada əldə olunmuş humanitar atəşkəs razılaşmasına ziddir. Azərbaycan humanitar atəşkəs rejiminə əməl etsə də, Ermənistan mülki əhaliyə qarşı vandalizm aktı törətməkdə davam edir. Beynəlxalq təşkilatlar hərbi cinayətlər törədən, dinc əhalini hədəfə alan Ermənistana siyasi təzyiq göstərməlidir. Əgər Ermənistan bu əməllərini davam etdirəcəksə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq cavab tədbirləri görəcək.

Xarici diplomatlar erməni faşizminin izləri ilə tanış olub, həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, tamamilə dağılmış yaşayış binasının ətrafına gül düzüblər.