Hikmət Hacıyev: Soçi görüşü müsbət nəticələndi, Zəngəzur dəhlizi…backend

Hikmət Hacıyev: Soçi görüşü müsbət nəticələndi, Zəngəzur dəhlizi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan həmişə dünyaya sülh mesajlarını göndərib. Regionda da vaxtilə mövcud olmuş Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün Azərbaycan Respublikası davamlı istiqamətdə səylər göstərmişdi.

Burada ədalətli sülhdən danışmaq lazımdır. Təəssüflər olsun ki, 30 il ərzində davam edən danışıqlar prosesində Azərbaycana təklif olunan sülh ədalətli deyildi.

NOCOMMENT xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan ərazilərinin işğal altında olması xalqımız üçün qəbuledilməz idi: “Azərbaycanın sülh siyasətinə uyğun olaraq Sülh Mədəniyyət naminə konsepsiya irəli sürmüşdü. YUNESKO çərçivəsində və digər tədbirlərdə vaxtı ilə mədəniyyət sülh naminə konsepsiyalar irəli sürülsə də, Azərbaycanın Ermənistan təcavüzü ilə asossiasoya olan təcrübəsi göstərir ki, sülh olduğu şəraitdə mədəniyyətin inkişafından danışmaq olar”.

O bildirib ki, 30 il ərzində işğal altında olan mədəniyyət abidələrimizin, irsimizin talan edilməsi bunun bariz nümunəsidir: “Regionda sülh təmin olunduqdan sonra möhtərəm prezidentin və hökumətimizin bölgədə atdığı ilk addımlardan biri də Qarabağda mədəniyyətin yenidən çiçəklənməsi idi.

Şuşa şəhərində keçirilən Xarıbülbül festivalı və digər tədbirlər bu istiqamətdə atılan addımlar idi. Ədalətli sülhün olduğu yerdə mədəniyyətin inkişafı üçün də zəruri şərtlər formalaşmış olur. Hesab edirik ki, bu uğurlu konsepsiya sülhün inkişafına töhfə verəcək”.

Soçi görüşünün müsbət nəticələndiyini deyən Hikmət Hacıyev qeyd edib ki, birgə bəyanatda irəliləyiş əldə olunub: “Burada xüsusilə nəqliyyat dəhlizlərinin açılması ilə əlaqədar məqamı qeyd etmək istərdim. Sənəddə qeyd olunur ki, Zəngəzur dəhlizinin açılması qısa müddətdə nəzərdə tutulub. Azərbaycan, Ermənistan və Rusiya arasında yaradılan nəqliyyat məsələləri üzrə işçi qrupu ilə görüş keçirilir. Bundan irəli gələn digər məsələlər üzrə də tərəflər arasında müzakirələr aparılır. Azərbaycan Respublikası dəfələrlə bəyan edib ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında sərhədlərin delimitasiyası və demarkasiyasını aparmağa hazırdır. Bu reallığı ilk növbədə Ermənistan dərk etməlidir. 30 il ərzində onlar üçün sərhəd təmas xəttindən başlayırdı. Bu da işğalçılıq siyasətinin bir nəticəsidir. Yeni reallıqlar var, Ermənistan da bu sərhədlərə hörmət etməlidir”.

Hikmət Hacıyev qeyd edib ki, hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabit olaraq qiymətləndirilir.

“Hərbi qulluqçularımız ölkəmizin suveren ərazilərində xidmətlərini həyata keçirirlər”, – deyə o vurğulayıb.