“Hindistan enerji idxalı sahəsində istehlakçı maraqlarının qorunmasına əsaslanır”.
NOCOMMENT.az xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Randhir Caysval bildirib.
O, bu fikri ABŞ prezidenti Donald Trampın Hindistanın Rusiya neftini almağı dayandırmaq istəyi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərkən deyib.
Xarici İşlər Nazirliyində xatırladıblar ki, Hindistan “qeyri-sabit enerji vəziyyəti kontekstində” neft və qazın əsas idxalçısı olaraq qalır.
Nazirliyin sözçüsü bildirib ki, ölkənin enerji siyasətinin hədəfləri enerji daşıyıcılarının sabit qiymətlərinin və etibarlı təchizatının təmin edilməsindən ibarətdir. “Bura bizim enerji mənbələrimizin genişləndirilməsi və onların bazar şərtlərinə uyğun şaxələndirilməsi daxildir”, – deyə Caysval vurğulayıb.
Qeyd edək ki, ABŞ avqust ayından Rusiya xammalının alınması səbəbindən Hindistan mallarına əlavə 25% rüsum tətbiq edib. ABŞ prezidenti bildirib ki, Çin və Hindistan Rusiya ilə iqtisadi əməkdaşlıq etməklə Ukraynadakı münaqişəyə sponsorluq edir. Tramp əmindir ki, bu vəziyyət hərbi münaqişənin həlli istiqamətində səyləri zəiflədir.
Xatirə SADİQ