Hotellərdə gizli kameralar: Reallıq, yoxsa mif?backend

Hotellərdə gizli kameralar: Reallıq, yoxsa mif?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda hotel otaqlarında kameraların olması ilə bağlı müxtəlif hekayələr dolaşır. Bəzi insanlar bu cür kameraların təhlükəsizlik məqsədilə quraşdırıldığını iddia edirlərsə, digərləri bunu şəxsi həyatın toxunulmazlığına qarşı ciddi bir pozuntu kimi qiymətləndirirlər.

Xüsusilə kateqoriyasız hotellər və daha az tanınan müəssisələrdə qonaq olan insanlar arasında bu məsələ ciddi narahatlıq doğurur. Hətta bəzi brend hotellərdə belə bu cür kameraların mövcudluğu ilə bağlı şübhələr var. Bu vəziyyət insanların şəxsi həyatına müdaxilə olunub-olunmadığı ilə bağlı suallar yaradır və hüquqi, həmçinin etik baxımdan diqqətlə araşdırılmalıdır.

NOCOMMENT.az xəbər verir ki, oxu.az-ın əməkdaşı mövzu ilə bağlı ekspertlərlə müzakirə aparıb.

“Azərbaycan Turizm Peşəkarları Təşkilatı” İctimai Birliyinin sədri Ceyhun Aşurov bildirib ki, bu cür məsələlərdə ictimaiyyətin məlumatlılığı artırılmalı və hüquq-mühafizə orqanları tərəfindən belə qanun pozuntularına qarşı sərt tədbirlər görülməlidir:

“Qonaqlar hər hansı şübhə yarandıqda və ya hüquq pozuntusu ilə qarşılaşdıqda müvafiq orqanlara müraciət etməli və qanun çərçivəsində öz hüquqlarını müdafiə etməlidirlər. Hotellərin otaqlarında kameraların olması ilə bağlı narahatlıqların aradan qaldırılması üçün hər bir qonaq öz hüquqlarını bilməli və müəssisədən açıq şəkildə məxfilik barədə zəmanət tələb etməlidir. Qonaqlar qaldıqları yerlərin qanunla müəyyən edilmiş çərçivədə fəaliyyət göstərdiyinə əmin olmalıdırlar. Şəxsi həyatın toxunulmazlığı hüququ hər kəs üçün qorunmalıdır və bu hüquqdan heç bir şəraitdə imtina edilməməlidir”.

Onun sözlərinə görə, hotellərin təhlükəsizlik məqsədilə ümumi məkanlarda – lobbilərdə, dəhlizlərdə, giriş-çıxışlarda kameralar quraşdırması normal bir təcrübədir və bu, qonaqların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır:

“Amma otaqların daxilində, xüsusilə şəxsi məkanlarda – yataq otaqları, sanitar qovşaqlar kimi yerlərdə kameraların quraşdırılması həm qanunvericilik, həm də etik baxımdan qəbuledilməzdir”.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri və eyni zamanda Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bu məsələ ilə bağlı bildirib ki, qanunla nəzərdə tutulan hallar istisna olmaqla şəxsi və ailə həyatına müdaxilə qadağandır:

“Şəxsi məkanlarda, məsələn, hotel otaqlarında, sanitar qovşaqlarda və ya digər şəxsi məkanlarda gizli kameraların quraşdırılması, Azərbaycan qanunvericiliyinə görə, ciddi qanun pozuntusudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların qanunsuz toplanılması və yayılması cinayət məsuliyyətinə səbəb olur. Belə əməllərə görə 1 000 manatdan 2 000 manatadək cərimə və ya müxtəlif müddətlərə islah işləri cəzası tətbiq oluna bilər. Bu, həmin qanunsuz hərəkətlərin ciddiliyini göstərir və şəxsi toxunulmazlıq hüququnun dövlət tərəfindən necə ciddi qorunduğuna işarə edir”.

S.Dübəndi əlavə edib ki, gizli kamera quraşdıranlar ifşa olunmalıdır ki, başqalarına da dərs olsun:

“Qaydaların pozulması ciddi hüquqi nəticələrə səbəb ola bilər. Bu cür qanun pozuntuları aşkar edildikdə həmin müəssisələr məsuliyyətə cəlb edilməli və onların adları ictimaiyyətə açıqlanmalıdır. Bu, həm də digər müəssisələrə və sahibkarlara xəbərdarlıq olaraq xidmət etməlidir”.