Hüquqşünas: Maskamı çıxarıb çay içirdim, ofisin içində cərimələndimbackend

Hüquqşünas: Maskamı çıxarıb çay içirdim, ofisin içində cərimələndim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüquqşünas Fərhad Mehdiyev ofisində çay fasiləsi zamanı maskasını çıxardığına görə cərimələnib.

NOCOMMENT xəbər verir ki, F.Mehdiyev bununla bağlı “Qafqazinfo”ya bildirib ki, cərimələnmə iyulun 25-də Nəsimi Rayonu, Ceyhun Səlimov küçəsi, 7 ünvanında yerləşən hüquq ofisində sənədlərlə işləyən zaman baş verib.

Onun sözlərinə görə, ofisdə çay içdiyi üçün maskasını çıxarıb: “30 kv.m sahəsi olan otaqda həmin an məndən başqa 1 nəfər şəxs daha vardı. O, məndən 4.5 metrə aralı oturmuşdu. Təqribən saat 16:20 radələrində üzərində boz uniformalı bir şəxs içəriyə daxil oldu. Heç özünü təqdim də etmədi. Dərhal başladı ki, sizin maskalarınız yoxdur, qaydanı pozursunuz. İzah etməyə çalışdım ki, bax yanımda yarımçıq stəkan çayım, maskam da onun yanında. Bunları hər halda o videoya da çəkirdi. Qeyd etmək istəyirəm ki, maska taxılma qaydası elə tətbiq oluna bilməz ki, insanlara olduğu yerdə nəsə yeyib-içməyi qadağan etsin. Biz evdən çıxdıqda, həmişə maska taxırıq. Ancaq nəsə yediyimiz hallarda maskamızı çıxarırıq, sonra onu yenə taxırıq. Bu səbəblə mənə yazılan 25.07.2020 tarixli MN 0623892 saylı protokolun ləğv edilməsini xahiş edirəm”.

F.Mehdiyev şikayətini asanpay.az saytına göndərdiyini qeyd edib.

Bu məqamda ofis şəraitində nahar, yaxud çay fasiləsi zamanı maskadan necə istifadə edilməli olmasıyla maraqlandıq.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva saytımıza bildirib ki, ümumiyyətlə ofis şəraitində mətbəx yoxdursa, ofis daxilində işçilər oturduqları yerdə çay, nahar fasiləsi nahar edə bilər: “Əgər ofis daxilində iki nəfər varsa onlardan biri maskasını çıxarıb çay fasiləsi edə bilər. Digər şəxsin isə maskası taxılı vəziyyətdə olmalıdır. Ancaq qapalı məkanda hər iki şəxs maskasızdırsa, bu karantin qaydalarının pozulmasıdır”.

Qeyd edək ki, TƏBİB tərəfindən hazırlanmış metodik vəsaitdə bildirilir ki, qapalı məkanlarda maskanın istifadəsi mütləq şərtdir. Maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boşluqları minimuma endirmək şərti ilə taxılmalıdır. Qida qəbulu zallarında oturacaqların ara məsafəsinin 1m-dən az olmaması, həmçinin qida qəbulu zallarında yemək masaları arasındakı məsafənin 2 m-dən az olmaması təmin edilməlidir.