Hüseyn Abdullayevlə bağlı təcridxanaya sorğu göndəriləcəkbackend

Hüseyn Abdullayevlə bağlı təcridxanaya sorğu göndəriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesə onlayn qoşulmalı olan Hüseyn Abdullayevin iclasa qatıla bilməyəcəyi məlum olub.

Onun vəkili Cavad Cavadov təqsirləndirilən şəxsin prosesdə iştirak edə bilməməsinin səhhəti ilə bağlı olduğunu bildirib. O, Hüseyn Abdullayevin səhhətində yaranan problemlərin daha da kəskinləşdiyini söyləyib.

Hakim Azər Tağıyev həmin məsələnin araşdırılması və rəsmi sənədlərin hazırlanması ilə bağlı İstintaq Təcridxanasına sorğu göndəriləcəyini qeyd edib.

Təqsirləndirilən şəxsin iştirakının təmin edilməsi üçün məhkəmə iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Abdullayev Hüseyn Abbas oğlu və qeyriləri tərəfindən bir sıra Avropa ölkələrində külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasına dair xarici ölkələrin aidiyyəti orqanlarından daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun aidiyyəti idarəsində araşdırmalar aparılmış və daxil olmuş materiallar İstintaq idarəsinə təqdim edilməklə istintaq yolu ilə araşdırılıb.

İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Hüseyn Abdullayev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata kiçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq tədbirləri davam etdirilməklə, leqallaşdırma hesabına əldə edilmiş əmlaklar, digər qanunsuz maliyyə əməliyyatları və əqdlər barədə ayrı-ayrı ölkələrə hüquqi yardımların göstərilməsi ilə bağlı vəsatətlər göndərilib, eləcə də, həmin ölkələrin səlahiyyətli orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində zəruri olan bütün tədbirlər icra edilir.

Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci ildə həbs edilib.

O, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluqda ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Hazırda həbsdədir.