İbtidai insanlar nə ilə qidalanırmış? – Təsəvvürlər kökündən dəyişdibackend

İbtidai insanlar nə ilə qidalanırmış? – Təsəvvürlər kökündən dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər müəyyən ediblər ki, ibtidai insanlar daha çox bitki mənşəli məhsullar yeyiblər. Əvvəllər onların qida rasionunun əsasının ət olduğuna inanılırdı.

NOCOMMENT.az Qaynarinfo -ya istinadən xəbər verir ki, “Plos One” elmi jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, yabanı kartof və digər kök bitkiləri qədim insanlar üçün dominant qida mənbəyi olub.

Arxeoloqlar Peru And dağlarında eramızdan əvvəl 9000-6500-cü illərə aid iki dəfndən 24 nəfərin qalıqlarını tədqiq ediblər. Onların sümüklərindəki karbon və azotun kimyəvi formalarını yerli bitki və heyvanların kimyəvi formaları ilə müqayisə edilib. Təhlillər göstərib ki, insanların qida rasionunun əksəriyyətini bitki mənşəli qidalar təşkil edib, ət isə ikinci dərəcəli rol oynayıb.

Vayominq Universitetinin arxeoloqu Randy Haas deyir: “İlk insanların əsasən ətlə qidalandığı ümumiyyətlə qəbul edilir. Lakin bizim təhlilimiz sübut edir ki, onların rasionunun 80%-i bitki mənşəli məhsullardan, yalnız 20%-i isə ətdən ibarət olub” .

Tədqiqatçılar həmçinin dəfn yerlərində bitkilərin yandırılmış qalıqlarını və onların üzərində dişlərin açıq izlərini aşkar ediblər. Buna görə də tədqiqatçılar yabanı kartofun dominant qida mənbəyi olduğunu irəli sürürlər.

Təhlil həmçinin müəyyən edib ki, pəhrizdəki ətin çox hissəsi maral və ya lama kimi iri məməlilər, həmçinin quşlar və ya balıqlardır.

Haas erkən insanların daha çox ət yediyi fikrinin elm adamları arasında geniş yayıldığını söyləyib. Bu fikir qismən arxeoloji məlumatlarla bağlıdır: tapılmış daş alətlər və ovlanmış heyvanların sümükləri.

Tədqiqatçılar qeyd edirlər ki, erkən insanların qidalanması ilə bağlı oxşar tədqiqatlar başqa ölkələrdə də aparıla bilər.