“Uşağımın ürəyində problem var. Artıq 3 aydır ki, onu müayinə etdirmək üçün Yeni Klinikaya aparıb kor-peşman geri qayıdıram. Uşağın hazırkı vəziyyətini öyrənməyim üçün onu müayinə etdirmək istəsəm də, alınmır. Qaydaya görə, uşağa birinci pediatr baxmalı, daha sonra kardioloq müayinəsindən keçməyə göndəriş yazmalıdır. Neçə dəfə xəstəxanaya gedib növbə almışam, amma vaxtımız çatanda deyiblər ki, limit dolub, həkimlər xəstə qəbul etmirlər”, – bunu xəstəxanada növbə problemindən şikayətlənən Bahar Mehtiyeva deyir.
O bildirir ki, xəstəxanada ona səhər saat 6-dan gəlib növbə tutmağı məsləhət görüblər:
“Səhər saat 6-da heç ictimai nəqliyyat olmur. Mən tək qadın o saatda xəstəxanaya necə çatım? Bir dəfə güc-bəla ilə onlayn növbə aldım. Yenə uşağımı kardioloqda müayinə etdirə bilmədim. Pediatr qəbulunda olub kardioloq üçün göndəriş alana qədər onun iş saatı bitmişdi. Hətta pediatr kardioloqa zəng edib uşağın ürəyində dəlik olduğunu desə də, həkim qəbul edə bilməyəcəyini bildirdi. Kardioloqun yanında işləyən xanım isə mənə dedi ki, səhər saat 6-da xəstəxanaya gəlib növbə almalıyam.
Övladımı özəl xəstəxanaya aparmağa maddi imkanım yoxdur, dövlət xəstəxanaları isə insanı süründürür. Neçə dəfə TƏBİB-ə şikayət etmişəm, amma demək olar ki, heç bir nəticəsi olmayıb”, – deyə əlavə edib.
NOCOMMENT.az xəbər verir ki, Yeni Klinikanın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova APA-ya açıqlamasında deyib ki, məhz daha yaxşı xidmət göstərilməsi üçün limit təyin olunub:
“Bu, birmənalı olaraq yanlışdır. Ola bilsin, vətəndaş 3 ay ərzində xəstəxanaya vaxtı olanda cəmi 2 dəfə müraciət edib və bunu 3 ay kimi göstərir. Həkim qeydiyyatı səhər saat 8-də başlayır. Qeydiyyatdan sonra – saat 9-dan 16:00-a qədər həkimlər xəstələri qəbul edirlər. Qaydaya əsasən, həkimlər gün ərzində 35 xəstəyə baxa bilərlər. Həkimin bundan artıq xəstə qəbul etməsi onun həmin xəstə üzərində müayinə və müalicə keyfiyyətini aşağı sala bilər. Məhz daha yaxşı xidmət göstərilməsi üçün limit təyin olunub”.
Nuridə Allahyarova onu da bildirib ki, xəstəxanada böyüklərlə bağlı müraciətlərdə qismən növbə məsələsində şikayətlər olsa da, uşaqlarla bağlı çox vaxt problem yaşanmır. Uşağa dərhal tibbi müdaxilə tələb olunursa, bu, Uşaq Təcili Yardım şöbəsində həll oluna bilir:
“Pasiyentlərə qeydiyyat zamanı şikayətləri olarsa, bu şöbələrə müraciət edə biləcəkləri söylənilir. Onların istənilən müraciətlərinin dərhal araşdırılıb həll olunması üçün xəstəxanada İctimaiyyətlə əlaqələr, Keyfiyyətə Nəzarət və Xəstə Xidmətləri şöbəsi kimi 3 şöbə mövcuddur”.
O, həmçinin xatırladıb ki, həkim qəbulu üçün həm onlayn, həm də canlı növbə götürmək mümkündür.
Məlum olduğu kimi, növbə problemi digər dövlət xəstəxanalarında da yaşanır. Nümunə üçün deyək ki, araşdırma üçün üz tutduğumuz Sabunçu Tibb Mərkəzinin tabeliyindəki 3 saylı Şəhər Klinik Xəstəxanasında müayinə olunmağa gələn vətəndaşlarla həmsöhbət olduğumuz zaman onların şikayətinin daha çox növbə ilə bağlı olduğunu gördük. Vətəndaşlar deyirlər ki, müayinə olunmaq üçün xəstəxanada saatlarla zaman keçirməli olurlar.
“Əgər sığortanız və bir az pulunuz varsa, özəl xəstəxanaya gedin”, – deyə xəstəxanada həmsöhbət olduğumuz pasiyentlərdən biri deyir.
Mövzu ilə bağlı danışan iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva deyir ki, icbari tibbi sığorta ilə bağlı ən vacib məsələlərdən biri növbələrlə bağlıdır və bu, təkcə ölkəmiz üçün xarakterik deyil:
“Hətta Avropanın inkişaf etmiş ölkələrində, o cümlədən Böyük Britaniya, Almaniya və digərlərində də bu problem mövcuddur. Dünyada bunu elektronlaşma ilə həll etməyə çalışırlar. Yəni pasiyentlər növbəyə elektron qaydada yazılırlar, növbələri haqqında onlara mesaj vasitəsilə məlumat verilir. Beləliklə, vətəndaşlar saatlarla gedib tibb müəssisələrində gözləmirlər”.
Mütəxəssisin sözlərinə görə, Azərbaycanda səhiyyə sisteminin elektronlaşması sahəsində müəyyən işlər görülsə də, bu, yetərli səviyyədə deyil:
“İnsanlar verdikləri analizlərin nəticələrini belə tibb müəssisəsindən almaq üçün növbələrdə vaxt itirirlər. Halbuki bunu evdə çox rahat şəkildə TƏBİB-dəki şəxsi kabinetləri vasitəsi ilə əldə edə bilərlər. Lakin vətəndaşların bir çoxunun bununla bağlı məlumatı yoxdur. Buna görə də əhali arasında maarifləndirmə işi aparmaq lazımdır. Sosial çarxlar hazırlanıb, KİV-də, sosial şəbəkə platformalarında yayılmalıdır”.
Rəsmiyyə Abdullayeva deyir ki, Qərb ölkələrində tibbi sığorta sisteminin hüquqi tənzimlənmə mexanizmi yüksək dərəcədə inkişaf edərək, təkmil səviyyəyə çatdırılıb, buna görə həmin ölkələrdə pasiyentlər sığortaçılardan və həkimlərdən aşağı keyfiyyətli və ya natamam xidmətə görə haqq, həmçinin onlara dəymiş mənəvi ziyana görə kompensasiya tələb etmək hüququna malikdirlər:
“Bu, sığorta edənlərin və həkimlərin öz peşələrinə, gördükləri işə yüksək məsuliyyət hissi ilə yanaşmalarına gətirib çıxarır. Respublikamızda da tibbi sığorta sisteminin qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var. “Pasiyentlərin hüquqları haqqında”, “Həkim məsuliyyəti haqqında” qanunlar qəbul olunmalıdır. Qeyd olunanların aradan qaldırılması risklərin kompensasiya olunmasına, pasiyentin və dolayı yolla sığorta şirkətlərinin hüquqlarının qorunmasında təminat rolunu oynamaqla yanaşı, ümumilikdə könüllü tibbi sığortanın inkişafına müsbət təsir göstərəcək”.
Hüquqşünas Şamil Paşayev qeyd edir ki, ümumiyyətlə, İcbari Tibbi Sığorta ilə bağlı problemlər digər ölkələrdə də var və olacaq:
“Bununla bağlı hər bir ölkənin özünün həll yolu var. Məsələn, bəzi ölkələrdə həll yolunu xəstəxanaların, həkim personalının sayının artırılmasında, bəzi ölkələrdə xəstəxanalarda ödənişli xidmət edən personal sayı ilə müqayisədə sığortalı xəstəyə xidmət edən personal sayının artırılmasında görürlər. Ümumilikdə isə pasiyent xəstəxanaya gecikmiş xəstəliklə müraciət edirsə və ya başqa hallarda təcili tibbi yardıma ehtiyac olursa, anında müdaxilə edilməlidir. Lakin belə hallarda vətəndaşlar müraciət etdikləri xəstəxanada tibbi personaldan laqeydlik görərlərsə, mütləq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, TƏBİB rəhbərliyinə, Səhiyyə Nazirliyinə müraciət edərək onlara dəyən ziyanla bağlı məhkəməyə müraciət edib dəyən zərərə adekvat olaraq təzminat iddiası verə bilərlər”.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, TƏBİB-ə tabeli tibb müəssisələri üzrə son müraciətlərin statistikası göstərir ki, vətəndaşların şikayəti, əsasən, tibb müəssisələrində ixtisaslı həkim müayinəsi və instrumental müayinələrə (əsasən radioloji müayinələr) yaranan növbələr, qeydiyyat sistemində baş verən texniki xətalarla bağlıdır:
“Əsasən, xəstə müraciəti çox olan geniş profilli tibb müəssisələrində – Abşeron Rayon Mərkəzi Xəstəxanası, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki poliklinikalar, Yeni Klinika, Kliniki Tibbi Mərkəz və s. növbələrlə bağlı müraciətlərə daha çox rast gəlinir.
Qurumdan bildirilib ki, tibb müəssisələri üzrə müraciətlər ilk növbədə tibb müəssisəsinə ünvanlanmalıdır:
“Növbə ilə bağlı problemlər yarandıqda vətəndaşlar Xəstə xidmətləri şöbəsinə, həkim və tibb personalının fəaliyyəti ilə bağlı şikayət olduğu hallarda isə Keyfiyyətə nəzarət şöbəsinə və tibb müəssisəsinin rəhbərliyinə müraciət etməlidirlər.
TƏBİB-ə tabeli tibb müəssisələri üzrə müxtəlif səpkili müraciətlər daxil olur, həmin müraciətlər araşdırılır, əsaslı müraciətlər üzrə müvafiq tədbirlər görülür. Daxil olan bütün vətəndaş müraciətlər çeşidlənir, analiz edilir və səbəblərin aradan qaldırılması istiqamətində ayrı-ayrı struktur bölmələr və tibb müəssisələri ilə birgə iş aparılır. Eyni zamanda, bütün tabeli tibb müəssisələrində vətəndaş müraciətləri üzrə tibb müəssisələrinin həkim və tibb personalı, eləcə də rəhbərliyi ilə mütəmadi profilaktik söhbətlər aparılır”.
İcbari tibbi sığortada olan çatışmazlıqların həlli yollarına gəlincə, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva deyir ki, icbari tibbi sığorta əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, sağlamlığının daha etibarlı şəkildə qorunmasına, səhiyyə sistemində şəffaflığın və tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, tibbi personalın əməkhaqqının yüksəlməsinə, əhalinin səhiyyə xərclərinin azalmasına ciddi müsbət təsir göstərir, lakin mexanizm yeni olduğundan ölkəmizdə bu sahədə bir sıra problemlər var:
“Onların sırasına növbələrin çoxluğu və nizamsızlığı, şəffaflığın hələ ki, tam şəkildə təmin olunmamağı, tibbi personalın bir qisminin köhnə stereotiplərdən azad ola bilməməyi, bir neçə yerdə çalışanların hər bir əməkhaqqına görə ayrılıqda icbari tibbi sığorta haqqı ödəməsi, regionlarda müvafiq tibbi personalın və avadanlıqların çatışmazlığı və s. daxildir. Bu problemlər isə, ölkəmizdə icbari tibbi sığorta mexanizmindən narazılıqlar yaradır”.
O həmin problemlərin bir qisminin yaxın, digər qisminin isə uzaq zaman kəsiyində həllinin mümkün olduğunu deyir:
“Yaxın zaman kəsiyində Xidmətlər Zərfinə daxil edilən təminatların (o cümlədən ambulator müayinələr zamanı dərman təminatının və Dövlət Proqramlarının icrası çərçivəsində bir sıra xəstəliklərin müalicəsinin) sayının artırılması, sığorta haqqı dərəcələrinin dəyişdirilməsi ilə bağlı mövcud qanunvericiliyə dəyişikliklər edilməsi, icbari tibbi sığorta haqqı ödəyənlərə əlavə təminatların verilməsi, kadr potensialının və tibbi avadanlıqlarla təchizatın gücləndirilməsi, tibbi personalın əməkhaqqının artırılması, maarifləndirmənin aparılması, uzaq zaman kəsiyində isə, şəffaflığın tam şəkildə təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, icbari tibbi sığorta haqlarının ödənilməsi mexanizminin təkmilləşdirilməsi və il ərzində icbari tibbi sığorta çərçivəsində heç bir tibbi xidmətdən faydalanmayan tibbi sığorta haqqı ödəyənlərin vəsaitlərinin dəyərləndirilməsi, tibbi personal arasında mövcud köhnə stereotiplərdən tam azad olma və s. həyata keçirilə bilər”.
İcbari tibbi sığortanın tətbiqində qeyd edilən problemlər və onların həlli ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sorğumuza cavabı isə belə oldu:
““Tibbi sığorta haqqında” Qanuna əsasən iki və ya daha çox yerdə işləyən şəxslər hər iş yeri üzrə icbari tibbi sığorta haqqı ödəməlidir. Bu şəxslərin icbari tibbi sığorta haqqı hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanıb icbari tibbi sığorta fonduna ödənilir. Tibb müəssisələrində kadr çatışmazlığı probleminin aradan qaldırılması və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi nəticəsində əhalinin icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi məqsədilə Agentliyin İdarə Heyətinin Qərarı əsasında “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2024 illər üçün Proqram”ı təsdiq edilib. Proqram çərçivəsində paytaxt və regionlarda TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində 76 nəfər xaricdə təhsil almış həkim-mütəxəssis fəaliyyət göstərir. Sözügedən həkimlər xəstəxanalarda fəaliyyət göstərməklə yanaşı, öz təcrübələrini digər tibb heyəti ilə də bölüşürlər. İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin zəruri tibbi avadanlıq və inventar ilə təmin edilməsi məqsədilə 50 000 000 manat ayrılıb. Bu proses regionlarda tibbi xidmətlərin əlçatanlığını və səmərəliliyini artıraraq əhalinin sağlamlıq ehtiyaclarını qarşılamağa yönəlmiş tədbirdir. Tibb müəssisələrinin tibbi avadanlıqlarla təchizatı ilə bağlı aidiyyəti qurum tərəfindən tenderlər keçirilir. Tenderlərin keçirilməsi tibb müəssisələrinin müasir tibbi avadanlıqla təmin olunmasını, xidmətlərin keyfiyyətinin artırılmasını və xəstələrə daha effektiv tibbi xidmətlərin göstərilməsini təmin etmək məqsədi daşıyır”.