İcra başçısının cəzası azaldıldıbackend

İcra başçısının cəzası azaldıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmir rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Ceyhun Cəfərov və onunla birgə tutulan digər sabiq vəzifəli şəxslər barəsindəki hökmdən verilmiş şikayətlərə baxılıb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Elşad Əliyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Məhkəmənin qərarı ilə ittiham olunan şəxslərə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsinin tətbiq edilib.

Sabiq icra başçısı Ceyhun Cəfərovun cəzası 6 ilə endirilib.

Bundan başqa, sabiq icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun cəzası 5 il 10 aya, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun cəzası 5 il 6 aya, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqovun cəzası isə 2 ilə endirilib.

Xatırladaq ki, sabiq icra başçısı və rayonun digər vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla saxlanılıblar.

Sabiq vəzifəli şəxslər Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunublar.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il 3 ay, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov 4 il, Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib. Kommunal Müəssisələr Kombinatının direktoru Məhəmmədəli Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub.