İcra başçısının Röyasıbackend

İcra başçısının Röyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzən elə hadisələr baş verir ki, onları izah etməyə yox, ciddi şəkildə sorğulamağa ehtiyac yaranır.

Xətai rayonunda yeni təmirdən çıxmış Cəmşid Naxçıvanski adına hərbi liseyin təqdimatının xalq artisti Röya Ayxana həvalə edilməsi məhz belə hallardandır. Üstəlik, rayon icra başçısı Rafiq Quliyevin bu təqdimat zamanı ona rəsmi şəxs kimi məlumat verməsi, faktiki olaraq “raport” xarakterli izahlar aparması məsələnin miqyasını daha da böyüdür. Burada artıq təkcə zövq məsələsindən yox, dövlət idarəçiliyində rol və məsuliyyət anlayışlarının ciddi şəkildə deformasiyasından söhbət gedir.

Cəmşid Naxçıvanski adına hərbi məktəb Azərbaycanın hərb tarixində xüsusi yeri olan, zabit hazırlayan, intizam və dövlətçilik ruhu üzərində qurulmuş bir təhsil müəssisəsidir. Bu məktəb nə estrada layihəsidir, nə də populyarlıq toplamaq üçün vitrin. Belə bir məkanda keçirilən rəsmi təqdimat tədbiri də məzmununa uyğun olmalıdır. Müdafiə Nazirliyinin rəhbər şəxsləri, hərbi komandanlıq, dövlət və təhsil rəsmiləri – bunlar normal və məntiqli iştirakçılardır. Amma müğənninin bu prosesin mərkəzinə gətirilməsi, üstəlik ona rəsmi status verilirmiş kimi davranılması açıq şəkildə absurddur.

Bu hadisə bir daha göstərdi ki, bəzi məmurlar üçün dövlət tədbiri artıq rəsmi mərasim yox, ictimaiyyətə “şou göstərmək” vasitəsinə çevrilib. Hərbi məktəbin təqdimatı sanki konsertdən əvvəlki “backstage” turuna bənzədilir (backstage – səhnə arxası, yəni tamaşaçı üçün nəzərdə tutulmayan, əsas tədbirdən əvvəl və ya sonra baş verən qeyri-rəsmi proseslər). Halbuki burada nə səhnə var, nə tamaşaçı, nə də alqış üçün qurulmuş dekor. Burada gələcək zabitlərin yetişdiyi dövlət müəssisəsi var.

Ən təhlükəli məqam ondan ibarətdir ki, icra başçısı öz səlahiyyətlərini və təmsil etdiyi institusiyanın çəkisini dərk etmir və ya bilərəkdən ucuzlaşdırır. Dövlət məmuru müğənniyə raport verməz. Nöqtə. Bu, nə protokola uyğundur, nə idarəçilik mədəniyyətinə, nə də dövlətçilik ənənəsinə. Sabah hansısa məktəbin açılışını aparıcıya, digərini sosial şəbəkə fenomeninə təqdim etdirəcəyik? Daha sonra hansısa nazirlik tədbirini stand-up komediyaçı açacaq? Bu yolun sonu yoxdur və təhlükəlidir.

Burada diqqəti Röya Ayxanın üzərinə yönəltmək də yanlış olar. O, dəvət olunub və qatılıb. Məsuliyyət onu bu mövqeyə gətirənlərindir. Problem odur ki, icra başçısı öz səlahiyyətlərini PR alətinə çevirir, dövlət institutunu isə populyarlıq fonunda əridir. Dövlət vəzifəsi “trend” tutmaq üçün deyil, məsuliyyət daşımaq üçündür. Dövlət tədbiri isə “kontent” deyil.

Bu cür yanaşmalar cəmiyyətə çox təhlükəli mesaj verir: guya dövlət institutlarının ciddiliyi artıq vacib deyil, əsas olan görüntüdür. Guya forma məzmundan üstündür. Guya hər şey şou elementləri ilə bəzədilərsə, problem olmaz. Amma olur. Çünki bu yanaşma dövlətə olan etimadı aşındırır, rəsmi institutları karikaturaya çevirir və idarəçilik anlayışını ucuzlaşdırır.

Bu gün hərbi məktəbin təqdimatı müğənniyə tapşırılırsa, sabah hərbi paradın aparıcısı DJ ola bilər, o biri gün strateji obyektin açılışı “blogger turu” ilə keçirilər. Harada dayanacağımızı bilməsək, dövlətin harada başladığını da unudacağıq. Dövlət idarəçiliyi səhnə deyil, məmur isə prodüser deyil.

İcra başçısının bu “röyası” şəxsi zövq məsələsi kimi təqdim oluna bilməz. Bu, vəzifənin mahiyyətinə zidd yanaşmadır və açıq şəkildə tənqid edilməlidir. Dövlət ciddi işdir. Hərbi məktəb isə xüsusilə ciddi işdir. Bu ciddiyyət estrada işıqları altında itib-batmamalıdır.

Əli Səfərli,

NOCOMMENT.az