İcra Hakimiyyəti “günahkarı” tapdı: külək imiş – Videobackend

İcra Hakimiyyəti “günahkarı” tapdı: külək imiş – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Guya Etibar Yusifov deyib ki, götürüb əklil və bayraqları tullasınlar. Söhbəti çox şişirtdilər. Reallığı demək lazımdır. Videonu çəkən şəhidin atasıdır. Əklilləri şəhidin atası təmir zamanı özü götürüb kənara qoyub. Sonradan onunla söhbət etdik. Müəssisə işçisinin diqqətsizliyi olduğunu dedik. Üzrxahlığımızı bildirdik.

NOCOMMENT.az xəbər verir ki, busözləri Axar.az-a Oğuza rayon icra başçısının müavini Yusif Naxçıvanski şəhid ailələrinin icra başçısının müavini Etibar Yusifovla bağlı şikayəti barədə açıqlama verərkən deyib.

“Şəhidlər Xiyabanında yenidənqurma işləri gedirdi. İstər-istəməz hər tərəf toz olurdu. Şəhid ailələrinə bu barədə bildirdik. Təmir işləri gedərkən şəhid ailələri əklil və gülləri götürüb yaxınlıqda olan məktəbin həyətinə qoydular. İki gün sonra külək əsdi, əklilləri küçəyə səpələdi. İcra başçısının müavini Etibar Yusifov isə kommunal müəssisə işçilərinə göstəriş verib ki, əklilləri yığsınlar. Müəssisə işçiləri əklilləri dağılmasın deyə bayraqlarla birgə çökəkliyə qoyublar. Həmin ərazi zibillik deyil. Orada zibil yoxdur. Biz işçilərlə bu barədə danışdıq. Bildirdik ki, əklillər normal vəziyyətdə idisə, onları məktəb otaqlarına qoymaq olardı. Ən əsası isə bayraqları büküb götürməli idilər. İşçilər bayraqları görmədiklərini bildirdilər. Bayraqları görməmək necə mümkündür? Biz məsələdən xəbər tutan kimi əklil və bayraqları ayrıca otağa yığdıq. Hazırda şəhidin məzarının üstündə böyük əklil düzəldib qoymuşuq. 27 sentyabrda Şəhidlər Xiyabanında böyük tədbir keçirdik. Bütün şəhid ailələri tədbirdə iştirak etdilər. Gəlib siz də Şəhidlər Xiyabanındakı hazırkı vəziyyətlə tanış ola bilərsiniz”, – müavin bildirib.

Xatırladaq ki, Oğuz rayon icra başçısının müavini Etibar Yusifov şəhidimizə, eləcə də bayrağımıza qarşı hörmətsizlik etmişdi. O, şəhid məzarları üzərindən təzə əklilləri və dövlət bayrağını götüzdürüb zibillik əraziyə tullatdırmışdı. Hadisə şəhidin atası tərəfindən videoya çəkilərək, sosial şəbəkələrdə yayılmışdı.

Oğuz rayon İH isə araşdırma aparılacağını və günahkarların tapılıb cəzalandırılacağını açıqlamışdı.

Hadisədən 21 gün sonra, uzun və məşəqqətli araşdırmalardan sonra isə İH “günahkar”ın külək olduğunu aydınlaşdırmağa nail olub.