İcra hakimiyyətindən şəhid general Polad Həşimov küçəsi ilə bağlı iki FƏRQLİ AÇIQLAMA – SƏS YAZISIbackend

İcra hakimiyyətindən şəhid general Polad Həşimov küçəsi ilə bağlı iki FƏRQLİ AÇIQLAMA – SƏS YAZISI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə mətbuatında və sosial şəbəkələrdə şəhid general-mayor Polad Həşimovun adının Qəbələ şəhərində Həzi Aslanov küçəsinə verilməsi ilə bağlı müxtəlif məlumatlar yayılmaqdadır.

NOCOMMENT.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Qəbələ rayon İcra hakimiyyəti bir birini təkzib edən iki ayrı açıqlama verib.

Belə ki, Qəbələ Rayon İcra Hakimiyyətindən “Report”un sorğusuna cavab olaraq bildiriblər ki, Qəbələ rayonunda Həzi Aslanov küçəsinin adının dəyişdirilərək şəhid general Polad Həşimovun adına verilməsi barədə yayılan məlumatlar doğru deyil.

“Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qəbələ şəhərində şəhid general-mayor Polad Həşimov adının Həzi Aslanov küçəsinə verilməsi ilə bağlı əsassız məlumatlar yayılır. Qeyd edirik ki, Polad Həşimovun adı Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə verilib. Polad Həşimov küçəsi başlanğıc nöqtəsi Həzi Aslanov küçəsi ilə kəsişmədən başlayaraq son nöqtəsi Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam edir. Həzi Aslanov küçəsinin adı isə dəyişdirilməyib. Bu küçənin başlanğıc nöqtəsi Heydər Əliyev prospekti ilə kəsişmədən başlayaraq son nöqtəsi 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı həlak olmuş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə ucaldılmış abidə kompleksinədək uzanır. Bir daha kütləvi informasiya vasitələrini, sosial media istifadəçilərini həqiqətə uyğun olmayan məlumatlar yaymamağa və ictimaiyyətdə çaşqınlıq yaratmaqdan yayınmağa çağırırıq”, – İcra Hakimiyyətindən bildirilib.

Qəbələ şəhər İcra nümayəndəsi Dəmir Bağırov isə unikal.org-a açıqlamasında bildirib ki, Qəbələ rayonunda Həzi Aslanov küçəsinin adı dəyişdirilərək şəhid general Polad Həşimovun adına verilib. Dəmir Bağırov qeyd edib ki, yaxın günlərdə digər küçələrdən birinə Həzi Aslanovun adı veriləcək:

“Polad Həşimovun adının verildiyi küçənin adı Həzi Aslanovun adını daşıyırdı. Həmin küçənin yuxarı hissəsinin adı yox idi. O küçəni, H.Aslanov küçəsi ilə birləşdirib, Polad Həşimovun adını verməyə qərara aldıq. Amma Həzi Aslanovun adı o küçəyə yaxın bir yerə veriləcək”,- deyə İcra nümayəndəsi əlavə edib.

Daha sonra ictimaiyyətə daha bir informasiya ötürüldü ki, general Polad Həşimovun adını general H.Aslanovun adını daşıyan küçəyə yox, İsmayıl bəy Qutqaşınlı küçəsinə veriblər: “General Polad Həşimovun adını daşıyan küçənin əvvəlki adı Qəbələ rayon İcra Hakimiyyətinin saytında göründüyü kimi İsmayıl Bəy küçəsi olub. Bu küçə Riverside mehmanxanasına aparan yoldur. Uzunluğu 4,676 kilometrdir. Həzi Aslanovun adını daşıyan küçə isə uzunluğu 1,100 metr olan paralel küçədir və hazırda həmin adı daşımaqda davam edir.”

 

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 29-da Qəbələ rayonunda səfərdə olan zaman Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi barədə tapşırıq verib. Dövlət başçısı Qəbələnin küçələrindən birinə şəhid generalın adının verilməsini tapşırmışdı.

NOCOMMENT.az