“Bu fonda yerlərdə bələdiyyələrin funksiyalarının da genişləndirilməsi, yəni Türkiyə variantına keçilməsi məsələsi də meydana çıxır”.
NOCOMMENT.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli yerli icra hakimiyyəti strukturlarında islahatların gözlənildiyi barədə məlumatları şərh edərkən deyib.
Qulamhüseyn Əlibəyli bildirib ki, sonuncu dəfə 2011-ci ildə yerli icra hakimiyyəti orqanları haqqında əsasnamə qəbul olunub. Bu əsasnamə yeni olsa da, mahiyyət etibarı ilə yerli icra orqanları ilə bağlı keçən sərin 90-cı illərin əvvəllərindəki sistemi olduğu kimi saxlayıb:
“Amma cəmiyyət inkişaf etdikcə, hakimiyyətin təşkili mexanizminin təkmilləşdirilməsinə də ehtiyac var. O cümlədən, yerlərdə icra hakimiyyəti strukturları da təkmilləşdirilməlidir. Hazırda bir sıra rayonlarda həm icra hakimiyyəti aparatı, həm də Prezidentin səlahiyyətli nümayəndələri fəaliyyət göstərir. Onlar isə mahiyyət etibarı ilə faktiki olaraq yerlərdə icra hakimiyyətilə bağlı əsas funksiyaları həyata keçirir. Belə olan şəraitdə xüsusən işğaldan azad olunmuş rayonlarda yerli icra hakimiyyəti orqanları ilə Prezidentin səlahiyyətli nümayəndələrinin fəaliyyəti arasında müəyyən uyğunsuzluq meydana çıxa bilər. Məlum olmur ki, yerli icra hakimiyyəti orqanları hansı funksiyaları həyata keçirir”.
Həmsöhbətimiz hesab edir ki, yerli icra hakimiyyət orqanları ilə bağlı islahatlar ilk növbədə icra hakimiyyətlərinin sistemilə bağlı olan məsələdir:
“Həmin məsələ Prezidentin səlahiyyətinə aid olduğundan konstitusion dəyişiklik tələb etmir. Amma bu fonda yerlərdə bələdiyyələrin funksiyalarının da genişləndirilməsi, yəni Türkiyə variantına keçilməsi məsələsi də meydana çıxır. Onun mahiyyəti də odur ki, yerlərdə əsas səlahiyyətlər Prezidentin səlahiyyətli nümayəndəsi və yaxud yerli icra hakimiyyəti orqanlarına deyil, bələdiyyələrə verilir. Düzdür, bələdiyyələrin səlahiyyətinə nəzarətlə əlaqədar müəyyən risklərin olacağı da güman olunur. Çünki bir sıra bələdiyyələr bəzi hallarda qanunsuzluğa yol verir. Lakin bələdiyyələrin fəaliyyətinə nəzarət etmək üçün yerli icra hakimiyyətinin funksiyasını artırmaq olar”.

Ekspertin fikrincə, müdafiə, təhlükəsizlik, sərhəd mühafizə məsələləri yerli icra hakimiyyəti orqanlarına həvalə edilə, sosial, iqtisadi, mədəni, təsərrüfat məsələləri səlahiyyəti isə bələdiyyələrə verilə bilər:
“Lakin bələdiyyələr üzərində nəzarət ciddi olmalıdır. Təkcə Ədliyyə Nazirliyinin inzibati nəzarətilə bitməməli, həm də Prezidentin səlahiyyətli nümayəndəsi kimi yerlərdə icra hakimiyyəti orqanları da fəaliyyət göstərməlidir”.
Qulamhüseyn Əlibəyli düşünür ki, bu istiqamətdə islahatlar keçirilsə sahə üzrə mövcud problemlərin köklü həllinə dəstək olacaq:
“Düzdür, bütün hallarda həmin sahə üzrə problemlər tam aradan qalxmayacaq”.
Qeyd edək ki, mətbuatın yazdığına görə, icra hakimiyyətlərində struktur islahatlarına başlanılacaq və nəticədə bir sıra qurumlar ləğv ediləcək İslahatlar çərçivəsində illərlə mövcud olmuş, lakin müasir idarəetmə tələblərinə cavab verməyən bir sıra idarələrin fəaliyyətinə son qoyulacağı, funksionallığını itirmiş idarələrin ləğv ediləcəyi bildirilir.
Qeyd olunur ki, islahatların məqsədi qərarların qəbulu prosesini sürətləndirmək, bürokratik əngəlləri aradan qaldırmaq və yerli icra hakimiyyətlərinin daha çevik və effektiv fəaliyyətini təmin etməkdir. O da vurğulanır ki, hazırda məsələ ilə bağlı aidiyyəti qurumlarda texniki və hüquqi hazırlıq işləri aparılır. Rəsmi qərar və dəyişikliklərin payız aylarında təqdim ediləcəyi gözlənilir.