İdman qidalarının idxal və satışına nəzarət gücləndiriləcəkbackend

İdman qidalarının idxal və satışına nəzarət gücləndiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyi, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında ölkədə idman qidaları, bioloji fəallığa malik qida əlavələrinin dövriyyəsi və istifadəsi ilə bağlı nəzarət mexanizmlərinin gücləndirilməsinə həsr edilmiş görüş keçirilib.

AMADA-nın mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, Səhiyyə Nazirliyi ilə birgə təşəbbüs əsasında təşkil olunmuş görüşə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin, Qida Təhlükəsizliyi Agentliyinin və AMADA nümayəndələri qatılıblar.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev bioloji fəallığa malik qida əlavələrinin nəzarətsiz istifadəsinin insan orqanizminə vura biləcəyi zərər və təhlükələr haqqında məlumat verərək, məsələnin aktuallığına diqqət çəkib.

AMADA-nın direktoru Şəfəq Hüseynli bioloji fəallığa malik qida əlavələrinin tərkibinə xüsusi nəzarət sisteminin yaradılmasının vacibliyini bildirib, bunun təmiz idman dəyərlərinin və idmançıların sağlamlığının qorunması baxımından da əhəmiyyətli olduğunu qeyd edib.

AQTA-nın aparat rəhbəri Elxan Mikayılov isə bu cür maddələrin daxili istehsalına nəzarətin gücləndirilməsinin vacibliyini dilə gətirib.

Görüşdə həmçinin bioloji fəallığa malik qida əlavələrinin, qeydiyyatı, ölkəyə idxalı, keyfiyyətə nəzarət mexanizmləri və pərakəndə satışı ilə bağlı mövcud vəziyyət, habelə effektiv nəzarət mexanizminin formalaşması üçün qanunvericiliyin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Bioloji fəallığa malik qida əlavələrinin idxalı və satışına nəzarəti gücləndirmək üçün monitorinq və yoxlama tədbirlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.