İki azərbaycanlı yaralı əsir haradadır?backend

İki azərbaycanlı yaralı əsir haradadır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilərin əsir götürdükləri azərbaycanlı hərbçiyə işgəncə verməsi haqqında xəbər vermişdik.

NOCOMMENT yeniavaz.com-a istinadən xəbər verir ki, BBC sözügedən əsgər Amin Musayev və Bayram Kərimovun harada olmalarını araşdırıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Yerevandakı nümayəndəsi bildirib ki, sosial mediada əsir götürülmələrinin görüntüləri yayılmış şəxslərlə bağlı məlumat “araşdırılır”,

Əsir götürüldüyü güman edilən iki azərbaycanlı əsgər Amin Musayev və Bayram Kərimovla bağlı məlumatı olub-olmadığını isə BQXK-nın Yerevandakı nümayəndəsi Zara Amatuni açıqlamaqdan imtina edib.

“Dağlıq Qarabağ Ombudsmanı” isə bildirib ki, Amin Musayev və Bayram Kərimov barədə onda məlumat yoxdur, ancaq onlar yaralıdırlarsa, “çox güman ki, Ermənistanda xəstəxanadadırlar”.

İki yaralı əsgərin döyüşlərdən sonra ukraynalı jurnalist Aleksandr Xarçenko və erməni əsgərlər tərəfindən ilkin tibbi yardım göstərildiyini əks etdirən videolar yayılıb. Bunun ardınca isə onlardan birinə maşının içərisində zorakı davranıldığını göstərən video da yayılıb.

Videoda qohumu tərəfindən Amin Musayev kimi müəyyənləşdirilmiş azərbaycanlı əsgərin maşında yerə uzanmış halda olduğu və “hara gedirik” sualı verdiyi göstərilir. Erməni əsgər olduğu güman edilən şəxs cavabında – “özünü yaxşı aparsan evə…”, – deyir, söyüş söyür, bundan sonra azərbaycanlı əsgərə təpik vurulduğu anlaşılır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva BBC News Azərbaycancaya deyib ki, bu məsələ araşdırılır və aidiyyatlı beynəlxalq qurumlara çatdırılacaq.

“Əsirlərə işgəncə verilməsi ilə bağlı məlumatların əvvəlcə dürüstlüyü yoxlanılır və aidiyyatı üzrə beynəlxalq qurumların diqqətinə çatdırılır” – deyə Leyla Abdullayeva vurğulayıb.

“Bizə müraciət daxil olanda, bu işlərlə məşğul oluruq”, – deyə Beynəlxalq Qızıl Xaç Komitəsinin Yerevandakı nümayəndəsi Zara Amatuni qeyd edib

Jurnalist Xarçenko iki azərbaycanlı əsirin Xankəndidəki hospitala göndərildiyini yazıb. Əsir alınan Amin Musayev və Bayram Kərimovla bağlı ilk videonu məhz Aleksandr Xarçenko çəkərək, yutub kanalında paylaşıb.

Daha sonra görüntülərdə hərbi geyimdə olan şəxs – Xarçenkonun özü rus dilində əsgərlə söhbət edir və bildirir ki, “hər şey qaydasında olacaq”. Daha sonra əsgəri Ermənistan silahlı qüvvələri naməlum istiqamətə aparırlar.

Azərbaycanın rəsmi qurumları sözügedən videolar və videodakı şəxslərlə bağlı açıqlama verməyib.

Ukraynalı jurnalist Aleksandr Xarçenkonun feysbuk statusunun altında azərbaycanlı istifadəçilər ondan Amin Musayev və Bayram Kərimovun tapılmasına kömək göstərməsini xahiş ediblər.

Jurnalist yazdığı postda bu əsgərlərin axtarışını “öz bildiyi yollarla” davam etdirdiyini, lakin hazırda onlar barədə yalnız BQXK-nın və Ermənistanın aidiyyəti qurumunun cavab verə biləcəyini bildirib.

Beynəxalq Qızıl Xaç Komitəsinin sözçüsü İlahə Hüseynova BBC News Azərbaycancaya adı gedən şəxslərlə bağlı məlumat verə bilməyəcəyini deyib.

“Bu, konfidensial məsələdir”, – deyə o bildirib.

“Sonuncu gərginlik zamanı saxlanılmış şəxslərə başçəkmələr olub. Beynəlxalq Qızıl Xaç Komitəsi əlaqədar qurumlardan bütün saxlanılmış şəxslərlə bağlı məlumat almaq üçün onlara müraciət edir. Ancaq bu o demək deyil ki, bizim yayılan məlumatlardan xəbərimiz yoxdur. Biz sosial medianı da izləyirik. Yayılan məlumatları da toplayırıq. Sadəcə şəxslərlə bağlı bizdə olan məlumatlar konfidensialdır və biz məlumatları yalnız onların ailələrinə təqdim edirik”, – deyə İlahə Hüseynova söyləyib.

Sözügedən şəxslərlə bağlı Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə əlaqə saxlamaq mümkün olmayıb.