Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı Göygöl Rayon İcra Hakimiyyətini məhkəməyə verib.
NOCOMMENT.az xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, qurumun iddiasına Gəncə İnzibati Məhkəməsində baxılacaq.
İş hakim Emin Sxundovun icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi barədə açıq mənbələrdə məlumat yoxdur.
Təfərrüatları öyrənmək üçün Göygöl Rayon İcra Hakimiyyətinin İnformasiya Təminatı və Təhlili Sektoru ilə əlaqə saxladıq. Sektorun müdiri Aydın İsmayılov bu barədə məlumatının olmadığını bildirdi və bizi ümumi şöbəyə yönəltdi. Lakin ümumi şöbədən zənglərimizə cavab verən olmadı. Qurumun hüquq şöbəsinin telefonları da susdu.
DSMF-in mətbuat xidmətindən Qaynarinfo-ya verilən açıqlamada isə bildirilib ki, Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhəri üzrə Nümayəndəliyinin ilkin hesabatına əsasən, Nümayəndəliyin 2 əməkdaşına hamiləliyə və doğuma görə müavinət ödənilib. Nümayəndəliyin sonradan aidiyyəti quruma təqdim etdiyi dəqiqləşdirilmiş hesabatda həmin əməkdaşların fərdi hesabında azalma ilə bağlı dəyişiklik aparıb.
Bununla əlaqədar ödənilmiş həmin müavinətlərdə artıq ödəmə olduğu müəyyən edilib:
“Müraciətlər edilsə də, həmin artıq ödənilmiş vəsait Fonda geri qaytarılmadığı üçün məsələnin həlli məqsədilə qanunvericiliyə uyğun olaraq Filal tərəfindən məhkəmədə iddia qaldırılıb”.