İki müsəlman ölkə qarşı-qarşıya: Müharibənin qalibi kim olacaq?backend

İki müsəlman ölkə qarşı-qarşıya: Müharibənin qalibi kim olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pakistan və Əfqanıstan arasında son 24 saatda baş verən toqquşmalar iki qonşu arasındakı gərginliyi keyfiyyətcə yeni mərhələyə – ‘açıq müharibə’yə daşıyıb”.

Bu sözləri NOCOMMENT.az-a politoloq Rüstəm Tağızadə deyib.

Pakistanın hücumları və cavabı

“Pakistanın Kabil və Qəndəhar kimi böyük şəhərlərdə Taliban hökumətinə aid hədəfləri bombalaması və Əfqanıstanın cavab zərbələri artıq məsələnin ‘militant düşərgələri’ çərçivəsindən çıxaraq birbaşa dövlətlərarası münaqişəyə çevrildiyini göstərir.

Pakistanın müdafiə nazirinin ‘Səbr kasamız daşdı, indi açıq müharibədir’ açıqlaması İslamabadın uzun müddətdir davam edən daxili təzyiqlər altında olduğunu ortaya qoyur. Tehrik-i-Taliban Pakistan (TTP) kimi qrupların Əfqanıstandan istifadə edərək Pakistan ərazisində hücumlar təşkil etməsi artıq dözülməz həddə çatmışdı. Lakin bu qədər böyükmiqyaslı və birbaşa cavabın vaxtı və üsulu strateji baxımdan gözlənilməzlik yaradır”.

Talibanın cavabı

“Talibanın cavabı da eyni dərəcədə sərtdir. Onların ‘genişmiqyaslı hücum əməliyyatları’ elan etməsi hakimiyyətdə qalmaq üçün güc nümayişinə ehtiyac duyduğunu göstərir.

2021-ci ildə yenidən hakimiyyətə gəldikdən sonra daxili və xarici təzyiqlərlə üzləşən Taliban Pakistanın hücumunu öz mövcudluğuna birbaşa təhlükə kimi qiymətləndirir. Cavab bəyanatlarında ‘sərhəd boyu genişmiqyaslı əməliyyatlar’ ifadəsinin vurğulanması Pakistanın əsas zəif nöqtəsi olan uzun və çətin idarəolunan sərhəd xəttinə – Durand xəttinə işarədir.”

Durand xətti və geosiyasi mürəkkəblik

“Pakistan və Əfqanıstanı ayıran 2600 kilometrlik Durand xətti dünyanın ən mübahisəli və idarəolunması çətin sərhədlərindən biridir. Bu sərhəd nə tam şəkildə coğrafi maneələrlə qorunur, nə də etnik qrupların – xüsusilə puştunların – yaşayış arealını dəqiq şəkildə ayırır.

Belə süni sərhədlər tarixən sabit olmayıb. Pakistanın öz ərazisində təhlükəsizliyi təmin etmək istəyi onu sərhədin o tayında hərbi əməliyyatlar aparmağa sövq edir. Lakin bu, uzunmüddətli həll yolu deyil. Dağlıq və qəbilə strukturlu Əfqanıstanı işğal etmək və nəzarətdə saxlamaq heç bir gücə – o cümlədən SSRİ və ABŞ-a – müyəssər olmayıb.”

Hərbi balans

“Pakistan nüvə silahına malik, müntəzəm orduya, müasir hava qüvvələrinə və güclü artilleriyaya sahibdir. Taliban rejimi isə klassik konvensional hərbi gücdən məhrum olsa da, onilliklər boyu partizan müharibəsi təcrübəsinə malikdir,.

Bu, sanki ‘şir və canavar’ arasında mübarizə kimidir. Pakistan açıq meydan döyüşündə üstünlük qazana bilər, lakin Talibanın cavabı klassik partizan taktikası olacaq: pusqular, mina partlayışları, sərhədboyu basqınlar. Bu, Pakistanı uzunmüddətli, yorucu və maliyyətli bir münaqişəyə sürükləyə bilər”.

Regional və beynəlxalq təsirlər

“Bu münaqişə bölgədə planlaşdırılan iri enerji və infrastruktur layihələrini birbaşa təhlükə altına alır. Mərkəzi Asiya enerji ehtiyatlarının Cənubi Asiyaya çıxışı həm Pakistanın enerji təhlükəsizliyinə, həm də regionun iqtisadi inteqrasiyasına ağır zərbə vura bilər.

Rusiya, Çin, Türkiyə və Səudiyyə Ərəbistanı dərhal vasitəçilik təşəbbüsü göstərir ki, bu münaqişə təcrid olunmuş qalmayacaq. Çin üçün Pakistan strateji tərəfdaş, Əfqanıstan isə qonşu ölkədir. ‘Bir Kəmər, Bir Yol’ layihəsinin təhlükəsizliyi baxımından Çin münaqişənin tezliklə səngiməsində maraqlıdır. İran da vasitəçilik təklif edir və eyni zamanda ABŞ-la nüvə danışıqları aparır, sərhədlərində sabitlik istəyir”.

Talibanın beynəlxalq mövqeyi və daxili gücü

“Bu müharibə Taliban hökumətinin beynəlxalq tanınma cəhdlərinə ciddi zərbə vurur. Pakistanla açıq müharibə vəziyyəti onların ‘təhlükəsizlik təminatçısı’ imicini zəiflədir.

Eyni zamanda, Pakistanın hücumu Talibanın daxildəki mövqeyini müvəqqəti olaraq gücləndirə bilər – xarici təcavüz qarşısında əhali onların ətrafında birləşə bilər”.

Nüvə silahı və risklər

“Münaqişənin ən təhlükəli tərəfi nüvə silahına malik bir dövlətin qeyri-sabit qonşu ilə birbaşa hərbi toqquşmaya girməsidir. Yanlış hesablamalar və nəzarətdən çıxan eskalasiya riski son dərəcə yüksəkdir.

Pakistanın nüvə silahı genişmiqyaslı adi müharibənin qarşısını alan ‘çəkindirici’ amil kimi çıxış etsə də, münaqişə Talibanın Pakistanın dərinliklərinə sızdığı partizan müharibəsinə çevrilərsə, bu çəkindirici effekt praktik olaraq işləməyə bilər”.

Perspektivlər

“Qəfil başlayan bu münaqişənin tezliklə başa çatacağı inandırıcı görünmür. Pakistanın məqsədi – Talibanı TTP-yə dəstəyi dayandırmağa məcbur etmək – hərbi yolla asanlıqla əldə olunacaq hədəf deyil. Talibanın cavabı isə rejimin ideoloji əsasını təşkil edən müqavimət ruhunu daha da gücləndirəcək.

Yaxın perspektivdə ən real ssenari regional güclərin təzyiqi ilə atəşkəsin əldə olunması, lakin sərhədboyu toqquşmaların və TTP tipli qrupların fəaliyyətinin davam etməsidir. Bu, klassik ‘nə müharibə, nə sülh’ vəziyyətidir. Uzunmüddətli perspektivdə isə bu münaqişə Pakistan–Əfqanıstan münasibətlərində yeni normaya çevrilə bilər: zaman-zaman alovlanan, heç vaxt tam həll olunmayan, lakin genişmiqyaslı müharibəyə də çevrilməyən davamlı gərginlik. Bu isə bütün region üçün daimi qeyri-müəyyənlik və risk mənbəyi olaraq qalacaq”.

Atilla Rzasoy