İl sonunda maaşı NECƏ ALAQ?  – Bunları HƏR KƏS bilməlidir backend

İl sonunda maaşı NECƏ ALAQ?  – Bunları HƏR KƏS bilməlidir 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlin sonuna yaxınlaşdıqca büdcədən maliyyələşən qurumlarda çalışan minlərlə insan üçün əməkhaqqı məsələsi yenidən aktuallaşır.

Xüsusilə dekabr ayı ilə bağlı suallar hər il təkrarlanır: maaş mütləq həmin ilin sonuna qədər ödənilməlidirmi, yoxsa növbəti ilə qala bilər? Əgər dekabr ayında əməkhaqqı verilmirsə, bu vəsait büdcədə “yanır”, yoxsa saxlanılaraq gələn il ödənilir?

Bəzən işçilər maaşın gecikdirilməsini texniki səbəblərlə əlaqələndirir, bəzən isə bunun qanuni olub-olmadığını dəqiqləşdirməkdə çətinlik çəkirlər. Bu suallar təkcə sosial narahatlıq doğurmur, eyni zamanda əmək hüquqları, büdcə intizamı və dövlət maliyyə mexanizmləri baxımından ciddi əhəmiyyət kəsb edir.

Praktikada tez-tez rast gəlinən hallardan biri də budur ki, dekabr ayı üzrə əməkhaqqı faktiki olaraq yanvar ayında ödənilir və bu zaman işçilər haqlı olaraq narahat olurlar: görəsən bu maaş yeni ilin maaşı kimi rəsmiləşdirilir, yoxsa əvvəlki ilin borcu hesab olunur?

Digər tərəfdən, bəzi qurumlarda ilin sonuna yaxın maliyyə limitlərinin bitməsi, büdcə xərclərinin bağlanması kimi arqumentlər səsləndirilir. Lakin əmək münasibətləri büdcə texnikası ilə məhdudlaşmır və burada əsas meyar işçinin gördüyü işin qarşılığının vaxtında və qanuna uyğun ödənilməsidir.

Rəşad Həsənov

Məsələ ilə bağlı hüquqi vəziyyəti NOCOMMENT.az-a şərh edən hüquqşünas Rəşad Həsənov bildirib ki, büdcədən maliyyələşən qurumlarda əməkhaqqının ödənilməsi qaydası həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi, həm də büdcə qanunvericiliyi ilə tənzimlənir və bu normalar bir-birini tamamlayır.

Onun sözlərinə görə, Əmək Məcəlləsinə əsasən əməkhaqqı işçiyə gördüyü işə görə vaxtında və tam şəkildə ödənilməlidir.

“”Vaxtında” anlayışı aylıq əməkhaqqının müvafiq ay üzrə hesablanmasını və əsassız gecikdirilməməsini nəzərdə tutur.

Bu baxımdan dekabr ayının əməkhaqqısı da məhz dekabr ayına aid edilir və hüquqi mahiyyət etibarilə həmin ilin əməkhaqqısıdır. Dövlət büdcəsi üzrə maliyyə ili təqvim ili ilə üst-üstə düşür və 1 yanvardan 31 dekabra qədər olan dövrü əhatə edir. Büdcədən maliyyələşən qurumlara əməkhaqqı üçün ayrılan vəsait də bu çərçivədə planlaşdırılır. Lakin bu, dekabr ayının maaşının mütləq dekabrın sonunadək ödənilməməsi halında işçinin bu vəsaitdən məhrum olması anlamına gəlmir.

Əgər dekabr ayı üzrə əməkhaqqı rəsmi qaydada hesablanıbsa və mühasibat uçotunda əks olunubsa, bu məbləğ işçinin hüquqi haqqı sayılır və növbəti ildə ödənilməsi mümkündür”.

Həsənovun sözlərinə görə, burada əsas hüquqi məqam əməkhaqqının hesablanması faktıdır:

“Əgər maaş hesablanıbsa, lakin ödəniş texniki və ya prosedur səbəblərlə gecikibsə, bu artıq əvvəlki ilin borc öhdəliyi hesab olunur.

Büdcə qanunvericiliyində bu cür hallara keçid öhdəlikləri kimi yanaşılır və növbəti ilin büdcəsi hesabına icra edilir. Bu zaman söhbət yeni ilin maaşından yox, əvvəlki ilin yerinə yetirilməmiş öhdəliyindən gedir.

Problem o halda yaranır ki, dekabr ayı üzrə əməkhaqqı ümumiyyətlə hesablanmır və ya bilərəkdən saxlanılaraq növbəti ilin xərcləri kimi rəsmiləşdirilməyə cəhd edilir. Bu isə artıq əmək qanunvericiliyinin pozulmasıdır. Əmək Məcəlləsinə əsasən işəgötürən – istər özəl, istərsə də dövlət qurumu olsun – əməkhaqqının gecikdirilməsinə görə məsuliyyət daşıyır və işçinin kompensasiya tələb etmək hüququ yaranır. Eyni zamanda bu hal büdcə intizamının pozulması kimi qiymətləndirilə və maliyyə məsuliyyəti yarada bilər”.

Hüquqşünasın fikrincə, vətəndaşlar bilməlidirlər ki, “büdcədə vəsait qalır” ifadəsi əməkhaqqının itirilməsi anlamına gəlmir: “Əgər əmək münasibəti mövcuddursa və iş görülübsə, həmin əməkhaqqı hüquqi baxımdan toxunulmazdır və ödənilməlidir.

Büdcə ilinin başa çatması işçinin əmək hüquqlarını aradan qaldırmır və bu hüquqlar növbəti ildə də qüvvədə qalır”.