İlham Əliyev: Azərbaycan xalqı mənə inandıbackend

İlham Əliyev: Azərbaycan xalqı mənə inandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri vardır. Məhz onun qoyduğu yolla bu gün Azərbaycan uğurla gedir.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində deyib.

Milli-mənəvi dəyərlərin qorunmasında, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində Ulu Öndərin çox böyük rolunun olduğunu vurğulayan Prezident qeyd edib: “Məhz onun təşəbbüsü ilə 1996-cı ildə Azərbaycanda birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər müntəzəm olaraq Gənclər Forumu keçirilir. Qarabağı, Zəngəzuru azad edən məhz gənclər olmuşdur, ovaxtkı gənclər və son 20 il ərzində yetişmiş gənclər”.

Prezident bildirib ki, Heydər Əliyev öz xalqına sıx bağlı olan bir adam idi. Məhz onun təşəbbüsü ilə Azərbaycan dilinin qorunmasına dair önəmli addımlar atılmışdır, müvafiq sərəncamlar imzalanmışdır.

Dövlət başçısı deyib ki, Azərbaycan dilinin qorunması milli kimliyimizin qorunması deməkdir. Azərbaycan dili çox zəngin dildir. Dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili Ana dilidir. Məhz Ulu Öndərin təşəbbüsü ilə Ana dilimizin qorunması istiqamətində atılan addımlar bu gün də davam etdirilir və bu, daim davam etdirilməlidir.

Prezident, həmçinin qeyd edib ki, Heydər Əliyevin ordu quruculuğu sahəsində çox böyük xidmətləri olmuşdur. Məhz onun fəaliyyəti nəticəsində nizami ordu yaradılmışdır.

O vaxt maliyyə imkanlarımızın məhdud olduğunu, orduya lazımi qədər vəsaitin ayrılması mümkün olmadığını deyən dövlətimizin başçısı qeyd edib ki, vəsaitin qıtlığına baxmayaraq, ordu quruculuğu üçün çox ciddi addımlar atılmışdır.

Prezident vurğulayıb ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir və biz – onun davamçıları onun yolu ilə gedirik.

“2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Azərbaycan xalqı mənə inandı və mən də sözümdə durmuşam və duracağam. 2003-cü ildən bu günə qədər 20 il keçib. Bu 20 il sürətli inkişaf və tərəqqi illəri olmuşdur. Uzun illər bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf edəcək”,- deyə dövlətimizin başçısı qeyd edib.