İlham Əliyevin 4 il əvvəlki planı: Bu gün üçün atılan imzabackend

İlham Əliyevin 4 il əvvəlki planı: Bu gün üçün atılan imza

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatlarını davam etdirir. 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağı ucaldıldı. Beləliklə, parlaq qələbələrə imza atan rəşadətli Azərbaycan Ordusu bu dəyərli abidəni özümüzə, əsl sahibinə qaytardı və 2020-ci il oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı.

NOCOMMENT xəbər verir ki, bu fikirləri azərtac-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

Elçin Əhmədov qeyd edib ki, Xudafərin körpüləri Azərbaycanın Cəbrayıl rayonunun ərazisindədir. Tarixən İpək yolunun üzərində yerləşən körpülərdən biri on beş, digəri on bir aşırımlıdır. Təxminən səkkiz-doqquz yüz il əvvəl tikildiyi güman edilən Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirirdi. Bir-birindən aralı yerləşən bu körpülər çay yatağının ən əlverişli keçidlərindən biri olan Xudafərin dərəsində yerləşir. Azərbaycanın memarlıq abidələrindən olan hər iki körpü orta əsrlərdə yüksək sənətkarlığın inkişafından xəbər verir. On beş aşırımlı körpüdə milli Azərbaycan memarlığında geniş yayılmış qarışıq hörgü – kərpic və daş hörgü üsulundan məharətlə istifadə olunub. Bişmiş kərpicdən və çay daşından tikilən on beş aşırımlı körpünün ümumi uzunluğu 200 metrə yaxın, eni 4,5 m, çay səviyyəsindən ən yüksək hündürlüyü 12 metr, ən iri tağ aşırımı 8,7 metr, ən kiçik tağ aşırımı 5,8 metrdir və XII əsrin abidəsi sayılır.

Bundan təxminən 750 metr aralıda tikilmiş ikinci Xudafərin körpüsü isə on bir aşırımlıdır. Bütünlüklə daşdan tikilmiş və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənmiş və tədqiqatçılar tərəfindən Elxanilər dövründə inşa olunduğu güman edilən körpünün XIII əsrin sonlarında antik körpü qalıqları üzərində yenidən tikildiyi bildirilir. Körpünün uzunluğu 130 metr, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir. On bir aşırımlı Xudafərin körpüsünün yalnız üç orta tağı salamat qaldığından el arasında “Sınıq körpü” adı ilə məşhurdur.

Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizin azad olunması istiqamətində həyata keçirdiyi əməliyyatlar nəticəsində Cəbrayıl rayonu, o cümlədən Xudafərin körpüləri həm hərbi baxımdan strateji uğur, həm tarixi ədalətin bərpası, həm də xalqımızın öz mədəniyyət incilərinə sahib çıxması ilə yanaşı, həmçinin İranla Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, bölgənin sosial-iqtisadi inkişafına mühüm təkan verəcək hadisə kimi qiymətləndirilməlidir.

Bu mühüm hadisə, yəni, Cəbrayıl şəhəri və rayonun onlarla kəndinin, o cümlədən Xudafərin körpülərinin işğalçılardan azad edilməsi 4 il əvvəl – 2016-cı il fevralın 23-də Azərbaycanla İran arasında imzalanmış Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinə dair Sazişin reallaşmasına yol açdı.

Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləri arasında Saziş Tehranda imzalanıb və həmin ilin iyununda Milli Məclisdə ratifikasiya olunub. Sazişin mahiyyətini və strateji əhəmiyyətini dərk etməyən bəziləri o zaman bunu “İran-Ermənistan əməkdaşlığına şərait yaradılması” kimi qələmə verməyə çalışırdılar. Ancaq sənəd hər iki dövlətin, yəni, Azərbaycanla İranın suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək prinsiplərinə əsaslanır. Həmin prinsiplərdən çıxış edərək, Sazişdə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyəti vurğulanıb. Həmçinin Sazişdə hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərilir. Bu isə o deməkdir ki, imzalanmış saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan beynəlxalq sənəddir.

Bu gün bir daha aydın olur ki, bu sazişi vaxtilə tənqid edənlər təkcə onun siyasi əhəmiyyətini deyil, həm də regionda, dünyada baş verən prosesləri, Azərbaycanın artan nüfuzunu, hərbi və siyasi gücünü düzgün qiymətləndirməyi, təhlil etməyi, işğal altındakı ərazilərin, o cümlədən Xudafərinin azad olunacağı reallığını dərk etməyi bacarmayıblar.

2016-cı ildə Azərbaycanla İran arasında Tehranda imzalanmış və gələcəyə hesablanmış Saziş Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial dövlət başçısı və uzaqgörən siyasi xadim olduğunu bir daha göstərdi. Bununla yanaşı, Saziş təcavüzkar Ermənistanın Araz çayı üzərindəki qanunsuz fəaliyyətinin qarşısını aldı. Sənədə bu günün reallığından, yəni, Azərbaycan ərazilərinin işğaldan azad olunması kontekstindən yanaşdıqda isə aydın görmək olur ki, Prezident İlham Əliyev bu strateji addımlı ilə həm də qarşıdan gələn dövrdə həmin bölgənin sosial-iqtisadi inkişafına böyük təkan verəcək mühüm bir layihə reallaşdırdı.

Həmçinin adıçəkilən Sazişin gələcəyə hesabladığını nümayiş etdirən Prezident İlham Əliyevin həqiqətən də dərin təfəkkürə, analitik düşüncəyə malik böyük siyasi xadim olduğunu əminliklə söyləmək olar. Bu baxımdan. layihənin icra edilməsi işğaldan azad olunmuş ərazilərimizin bərpası, sosial-iqtisadi inkişafı və tərəqqisi istiqamətində mühüm rol oynayacaq. Bundan əlavə, inşa edilmiş su elektrik stansiyaları, hidroqovşaqlar vasitəsilə Azərbaycan işğaldan azad edilən ərazilərinin su və enerji təchizatı problemlərinin həll edilməsi ilə yanaşı, bölgənin qısa müddətdə bərpası və inkişafına nail olacaq.