İlk qəbul imtahanı: Abituriyentlər nədən razı, nədən narazıdır…backend

İlk qəbul imtahanı: Abituriyentlər nədən razı, nədən narazıdır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftədən etibarən ali məktəblərə qəbul imtahanlarına start verilib. Belə ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən may ayının 20-si və 21-i tarixlərində II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) və III ixtisas qrupu qəbul imtahanı təşkil olunub.

17 şəhər və rayonda təşkil olunan ilk qəbul imtahanları necə qiymətləndirilir? Abituriyentlər nədən narazıdırlar?

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, Təhsil eksperti Kamran Əsədov bildirib ki, mayın 20-si və 21-i keçirilən qəbul imtahanlarında abituriyentlərin əsasən riyaziyyat, tarix və Azərbaycan dili fənni üzrə çətinlikləri olub.

“Builki imtahanlarda iştirakçı sayına baxdıqda görürük ki, may ayının 20-si keçirilən imtahanda 22 mindən çox şagird iştirak edib. Bu say əvvəlki illərlə müqayisədə kifayyət qədər az hesab oluna bilər. Biz bilirik ki, həmin iştirakçılar həm DT, həm də TC altqrupları üzrə imtahan verirlər. İmtahan suallarını təhlil etdikdə üçüncü ixtisas qrupu üzə imtahan iştirakçılarının Azərbaycan dili və tarix fənninin açıq və situasiya tipli suallarında müəyyən çətinlik yaşadıqlarını müşahidə etdik. İkinci ixtisas qrupu üzrə imtahan verən abituriyentlər isə riyaziyyat fənnindən müəyyən qədər çətinliklə qarşılaşıblar. Biz ayrı-ayrılıqda hər iki ixtisas qrupu üzrə şagirdlərin çətinliklərlə qarşılaşdığını görə bilirik. Düşünürəm ki, bu, ciddi məsələdir. Çünki uzun illər ərzində şagirdlər bu ixtisas üzrə hazırlaşsalar da, təqdim edilən test tapşırıqlarında sualların cavablandırılması onlarda müəyyən problemlər yaradıb. Abituriyentlər buraxılış imtahanlarında riyaziyyat fənnindən imtahan versələr də, ikinci ixtisas qrupu üzrə təqdim edilmiş suallar abituriyentlərimiz üçün çətinlik yaradıb. Xüsusilə bir məsələni qeyd edim ki, üçüncü ixtisas qrupu üzrə rus bölməsinin abituriyentləri də tarix fənnindən çətinliklərlə qarşılaşıblar”, – o deyib.

Ekspertin sözlərinə görə, üçüncü ixtisas qrupu üzrə mayın 20-də keçirilən imtahanda Azərbaycan bölməsi üzrə maksimal, yəni 400 bal toplayan abituriyent var:

“Amma ümumilikdə nəticələrə baxdıqda yaxşı hazırlaşan abituriyentlərin bütün suallara tam olaraq cavab verməsini də müşahidə edə bilərik. Hesab edirəm ki, biz iki həftə sonra nəticələr açıqlandıqda 3-cü ixtisas qrupu üzrə maksimal nəticəni görə biləcik. Ehtimal edirik ki, üçüncü ixtisas qrupu üzrə Azərbaycan bölməsindən maksimal bal toplayan abituriyent olacaq”.

Təhsil eksperti İlqar Orucov isə ilk qəbul imtahanları haqqında abituriyentlərdən mənfi fikirlər eşitmədiyini deyib:

“Abituriyentlərin ikinci dəfə qəbul imtahanlarında iştirak hüququ var. Əvvəlki aylarda keçirilən buraxılış imtahanlarında sualların çətin, eyni zamanda yanlış tərtibi ilə bağlı narazılıqlar var idi.  Amma mayın 20-si və 21-də keçirilən imtahanlarla bağlı hər hansı mənfi və narahatedici fikir eşitmədik. Bu imtahanlarda abituriyentlər buraxılışdakı problemləri dilə gətirmədilər və bildirdilər ki, imtahan sualları çox da çətin olmayıb. Yalnız 1 sualla bağlı narazılıq vardı. Problem DİM-ə bildirildi. Qurum həmin sualda hər hansı səhvlik olmadığını açıqladı”.

 

“Əlbəttə, mən imtahanda çətin sualların olmasının tərəfdarı deyiləm. Düşünürəm ki, biz gənclərimizin ali təhsil müəssisələrinə daxil olmaq şansını mümkün qədər artırmalıyıq. Məncə, imtahanda yanlış suallar olmalı deyil. Amma texniki məsələ kimi səhvlərin olması mümkündür. Lakin Dövlət  İmtahan Mərkəzinin sualları çox diqqətli şəkildə tərtib etmiş olduğunu düşünürəm.

 

Şagirdlərin uğur göstəriciləri imtahan suallarının çətin və asan olmasından asılıdır. İmtahan suallarını elə tərtib edə bilərik ki, yüzlərlə abituriyent ən yüksək nəticəni əldə etsin. Hesab edirəm ki, suallar orta, orta-çətin səviyyədə tərtib olunsa, daha yaxşı olar”, – ekspert əlavə edib.