İlkinin üzünə duran kamera yoldaşı görün kimdir…backend

İlkinin üzünə duran kamera yoldaşı görün kimdir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuzda 11 yaşlı Nərmin Quliyevanın oğurlanması və 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı cinayət işində Baxşəli Qəhrəmanov adlı şəxsin adı keçir.

Cinayəti törətməkdə ittiham olunan İlkin Süleymanovla Bakı İstintaq Təcridxanasına köçürüldüyü ilk vaxtlarda onunla eyni kamerada saxlanılıb. Sonradan istintaq İlkin Süleymanova qarşı sübut kimi, həm də Baxşəli Qəhrəmanovdan istifadə edib. İddia olunub ki, İlkin Süleymanov yuxuda sayıqlayıb, Nərmini oğurlayıb öldürdüyünü etiraf edib və s.

Baxşəli Qəhrəmanov Cinayət Məcəlləsinin 244-cü (əxlaqsızlıq yuvaları saxlama) maddəsilə həbs edilib. O, məhkəmədə dindirilərkən İlkin Süleymanov bu şəxsin yalan danışdığını, bu cinayətə aidiyyəti olmadığını və Baxşəli Qəhrəmanovun da yanında heç vaxt uşağı oğurlayıb öldürməsi haqda heç nə demədiyini bildirib.

Eyni kamerada saxlanmış daha iki nəfər dindirilərkən isə Baxşəli Qəhrəmanovdan fərqli olaraq, İlkin Süleymanovun özünü təqsirli bilmədiyini deyiblər: “İlkin həmişə deyirdi ki, mən bu cinayəti törətməmişəm. Qanun var, haqq öz yerini tapacaq, mən bəraət alacağam”.

Baxşəli Qəhrəmanova gəlincə, həmin kamerada saxlanılanlardan biri məhkəmədə demişdi ki, onun həm öz davranışlarına, həm də ittiham olunduğu əmələ görə həbsdə ona hörmət eləmirdilər.

NOCOMMENT.az xəbər verir ki, Bizimyol.info-nun araşdırması zamanı məlum olub ki, Baxşəli Qəhrəmanovun ifadəsindən başqa bir işdə də şəxsin uzunmüddətli həbs cəzası alması üçün sübut kimi istifadə olunub.

Söhbət jamaz.info saytının rəhbəri, jurnalist Fikrət Fərəməzoğludan (İbişbəyli) gedir. Baxşəli Qəhrəmanov ifadəsində iddia edib ki, Fikrət Fərəməzoğlu ondan pul tələb edib, əks halda, rəhbərlik etdiyi saytda onun haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyib.

Fikrət Fərəməzoğlu isə deyir ki, həbs olunana qədər onu ümumiyyətlə, nə görüb, nə də tanışlığı olub: “Mənim həbsimdə də o, yalançı üzəduranlardan biri olub. Onu zərərçəkmiş kimi tanımışdılar. Halbuki, mən həbs olunan günə qədər nə onu görmüşəm, nə də tanışlığım olub. Araşdırma aparanda adı qarşıma çıxıb”.

Jurnalist vurğulayıb ki, Baxşəli Qəhrəmanovdan Tovuz işində də istifadə olunması haqda məlumatlıdır. Fikrət Fərəməzoğlunun sözlərinə görə, onun İlkin Süleymanovun üzünə durması, yalan danışması təəccüblü deyil: “Çünki həyat tərzi belədir, ona nə tapşırıblarsa, onu da edir. Hətta İlkin Süleymanovun ünvanına başqa fikirlər səsləndirsə, iddia eləsə ki, qaldıqları kamerada ona qarşı təcavüz edib, buna da təəccüblənmərəm. Çünki ondan hər şey gözləyirəm…”

Jurnalist əlavə edib ki, Baxşəli Qəhrəmanov və onun yoldaşları Bakının Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadəyə (o həm də Ramil Usubovun qudası) məxsus restoranları işlədirdi: “Maliyyə məsələsinə görə aralarında narazılıq yaranıb və bundan sonra Baxşəli ilə dostları həbsə göndərilib. Halbuki, Baxşəlinin, Mehmanın işlətdikləri obyektlərdən əxlaqsızlıq yuvası kimi istifadə olunması heç kimə sirr deyildi. Onların həbsinə səbəb fəaliyyətləri olmayıb. Sadəcə, onları cəzalandırmaq üçün illərlə hamıya məlum olan faktlardan istifadə ediblər”.