KoronaVirus İnformasiya Portalı
İmtahan suallarının çətinliyi ilə bağlı DİM-dən AÇIQLAMAbackend

İmtahan suallarının çətinliyi ilə bağlı DİM-dən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, iyun ayının 10-dan etibarən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müxtəlif şəhər və rayonlarda buraxılış imtahanları keçirilib.

Və elə imtahanların ilk günündən test tapşırıqlarının çətinliyi ilə əlaqədar sosial şəbəkələrdə geniş müzakirələr başlayıb. İnsanlar mövcud pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, builki imtahanlarda abituriyentlərə heç bir güzəşt olunmadığını, əksinə, verilən sualların əvvəlki illərə nisbətən daha çətin salındığını iddia ediblər. Xüsusən də riyaziyyat fənnindən verilən sualların buraxılış imtahanları səviyyəsindən qat-qat çətin olması vurğulanaraq, bu səbəbdən abituriyentlərin xeyli bal itirdikləri diqqətə çatdırılıb.

Qeyd edək ki, saytımızın redaksiyasına da bununla əlaqədar kifayət qədər müraciət daxil olmaqdadır. Əsasən abituriyentlər tərəfindən edilən müraciətlərdə onların çoxu məlum səbəblərdən son aylarda hazırlıqlarını normal davam etdirə bilməmələrinə rəğmən səylə çalışdıqlarını qeyd etsələr də, DİM-in tərtib etdiyi çətin suallar üzündən aşağı bal topladıqlarını deyirlər. Və bu halın onların psixologiyasına ciddi zərbə olduğunu da istisna etməyərək, blok imtahanlara həvəssizlik, ruh düşkünlüyü yaratdığına təəssüf hisslərini gizlətmirlər.

Bəs, görəsən, məsələ ilə bağlı DİM-in rəsmi mövqeyi necədir?

NOCOMMENT xəbər verir ki, qurumun mətbuat xidmətindən konkret.az-a verilən məlumatda deyilir:

“Mərkəz tərəfindən eyni təhsil səviyyəsi üzrə müxtəlif günlərdə keçirilən imtahanlarda istifadə edilən suallar vahid texniki tapşırıq əsasında DİM-in müvafiq fənn üzrə test bankından kompüter proqramı vasitəsilə seçilir və sual kitabçaları da məhz bu tapşırıqlar əsasında formalaşdırılır. Hər bir imtahanda olduğu kimi, buraxılış imtahanlarında da müxtəlif hazırlıq səviyyəsinə malik şagirdləri bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir.

Buraxılış imtahanları layihələndirilərkən sual kitabçalarına daxil edilən tapşırıqların bölmələr üzrə, eləcə də mürəkkəblik dərəcəsinə görə bölgüsü, fənlər üzrə test blokunun strukturu (qapalı, kodlaşdırma tələb edən və yazılı cavab tələb edən tapşırıqların sayı) bu imtahanın bütün istiqamətləri üzrə eyni olub, hər hansı istiqamət üzrə keçirilən imtahanda yenidən formalaşdırılmır və bu formatın dəyişdirilməsi də nəzərdə tutulmur.

Nəzərinizə çatdırırıq ki, indiyə qədər keçirilən imtahanlarda bütün fənlər üzrə istifadə edilən tapşırıqların mürəkkəblik dərəcəsinə görə bölgüsü bir daha nəzərdən keçirildikdən sonra vahid yanaşmaya bütün imtahanlarda riayət olunduğu müşahidə edilmişdir.

Ümumiyyətlə, imtahanların nəticələrinin elmi-statistik təhlili ilə tanış olmadan, onun məzmunu, çətinliyi, asanlığı və digər məsələlər haqqında fikir yürütmək doğru deyil. Nəzərə almaq lazımdır ki, bu imtahanlarda on minlərlə şagird iştirak edir və biz ümumi mənzərəni yalnız bütün iştirakçıların nəticələrini təhlil etdikdən sonra görə bilərik. Bu təhlillər geniş şəkildə imtahanlar başa çatdıqdan sonra Mərkəz tərəfindən həmişə aparılır və “Abituriyent” jurnalında dərc olunur.

Bundan əlavə, hər bir məktəbin məzunlarının nəticələri ayrıca olaraq kitabça şəklində çap olunur və müvafiq məktəblərə göndərilir. Elektron qaydada isə mekteb.edu.az saytına yerləşdirilir”.