İmtahanda 400-500 bal toplayanların haqqını kimlər “yeyir”?backend

İmtahanda 400-500 bal toplayanların haqqını kimlər “yeyir”?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən abituriyentlərlə eyni vaxtda ixtisas seçimində iştirak edirlər. Bununla bağlı sui-istifadə halları var. Hər hansı məbləğ deməsəm də, kolleclər özləri üçün müəyyən sistem formalaşdırıb”.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, son vaxtlar kollec daxilində tələbələrə süni surətdə yüksək qiymət yazılması faktları var:

“Yüksək qiymət yazmaqla onların ali təhsil müəssisəsinə qəbul olunması üçün şərait yaradırlar. Universitetlərdə olduğum görüşlərdə isə onların da bu məsələ ilə bağlı narazılığı var. Ona görə bu məsələ xüsusi diqqətdə saxlanılmalıdır”.

Qeyd edək ki, son illər subbakalavrların ali məktəblərə keçid sistemi tətbiq edilir. Hətta bəzi universitet müəllimləri tərəfindən subbakalavrların bilik səviyyəsinin yetərincə olmadığı barədə fikirlər səslənirdi.

Ancaq ötən müddətdə bu sahədə hər hansı bir yenilik müşahidə edilmədi və subbakalavrlar eyni qaydada ali məktəblərə keçid edirlər. Bir sıra ekspertlərin də qeyd etdiyi kimi bu gün subbakalavr təhsili almaqdan universitetlərə “trampilin” kimi istifadə edilir.

Bəs təhsil mütəxəssisləri mövcud vəziyyəti necə dəyərləndirir və bu sahədə çıxış yolunu nədə görürlər?

NOCOMMENT.az xəbər verir ki, Təhsil üzrə ekspert Vüsal Kərimli cebhe.info-ya bildirib ki, universitetlər kolleclərdən, subbakalavr pilləsindən bakalavr pilləsinə qəbul məsələsində nə qədər yer nəzərdə tutduqları ilə bağlı ilk öncə məlumat verməlidirlər:

“Əsas məsələ, subbakalavrların biliklərinin qiymətləndirilməsidir. Müxtəlif qeyri-qanuni üsullarla təhsil alan bir subbakalavr normalda 400-450 bal toplamış abituriyentin haqqına girmiş olur. Bunu bütün subbakalavrlara şamil etmirəm. Ancaq mütləq əksəriyyətlə bağlı bu bir faktdır, heç kim gizlədə bilməz.

Onların yerini tutmaqdan əlavə, ədalətsizliyə yol verilir. Oxumayan tələbə gəlib əziyyət çəkmiş ən yüksək bal toplayan tələbəylə bir auditoriyada 4 illik təhsil alır. Düşünürəm ki, bunun üçün ölkəmizdə hər hansı universitetlər tərəfindən qəbul forması planlanmalıdır. Ya bir yazılı, yaxud test imtahanımı keçirilməlidir, yəni tələbənin biliyi təhsildən sonra mütləq ölçülməlidir.

Məsələn, MİQ (Müəllimlərin işə qəbulu), sertifikatlaşdırma sistemini götürsək, universitetdən müəllimlik ixtisasının məzunu olan bir tələbə işləmək üçün təzədən imtahan verir. Yaxud dövlət qulluğunda işləmək üçün hamı imtahan verirsə, eləcə də subbakalavrlar da aidiyyəti qurum tərəfindən düşünülüb, hər hansı bir formada imtahan verməlidir.

Mən universitetə qəbul imtahanı balına bərabər bal toplamalarını nəzərdə tutmuram, ancaq hər halda qəbulla bağlı yenidən qiymətləndirmə mexanizmi hesablanmalıdır. Yəni tələbənin yalnız 3 il müddətində subbakalavrda təhsil aldığı müddətdə aldığı qiymət onun universitetə girişinə icazə verməməlidir.

Konkret olaraq mənim təklifim odur ki, tələbə biliyinin qiymətləndirilməsi sisteminin etibarsızlığı bunu deməyə əsas verir ki, kollec məzunlarının birbaşa imtahansız qəbulu üzərində iş aparılmaldır. Universitet daxili imtahan sisteminin tətbiqi ilkin olaraq işlək olar”.