İndoneziyanın Yava adasında 7 bal gücündə zəlzələ baş verib.
NOCOMMENT xəbər verir ki, ABŞ Geoloji Xidməti 7 bal gücündə zəlzələnin episentrinin Tuban şəhərindən 96,5 kilometr şimalda olduğunu açıqlayıb.
İlk təsbitlərə görə yerin 594 kilometr dərinliyində baş verən zəlzələdə can və mal itkisi olmayıb. İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi (BMKG) zəlzələdən sonra “sunami” xəbərdarlığı etməyib.
İndoneziyanın Aceh bölgəsində 2004-cü ildə baş verən zəlzələdən sonra təxminən 170.000 insan həyatını itirmişdi. 28 sentyabr 2018-ci ildə Sulavesi adasındakı Palu körfəzində baş verən 7,5 bal gücündə zəlzələ və sunami; Donqala, Palu və Sigi bölgələrinə təsir edib, 4340 nəfərin ölümünə səbəb olub.
21 noyabr 2022-ci ildə İndoneziyanın Qərbi Yava əyalətinin Ciranjang şəhərindən 18 kilometr cənub-qərbdə baş verən 5,6 bal gücündə zəlzələdə 331 nəfər həyatını itirib, 600-ə yaxın insan yaralanıb. “Sakit okean od halqası” adlanan zəlzələ və vulkanik qurşağında yerləşən İndoneziya təbii fəlakətlərdən ən çox zərər çəkən ölkələr sırasındadır.